Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Navalnıya görə 'Ağ fil' mükafatı ləğv olundu


A.Navalnı
A.Navalnı

Rusiya Kino Tənqidçiləri Gildiyası özünün "Ağ fil" mükafatını ləğv edib. Səbəb gildiyanın öz ekspert şurasının mükafatı həbsdə olan müxalif siyasətçi Aleksey Navalnıya verməsi olub. Mükafat Navalnıya ölkənin yüksəkvəzifəli rəsmilərinin korrupsiya fəaliyyətinə dair sənədli filmlərinə görə verilib.

Navalnının son bir ildə buraxdığı videoaraşdırmalar YouTube-da on milyonlarla baxış sayı toplayıb. Onlardan ən məşhuru Qara dəniz sahilində, Gelencikdə prezident Vladimir Putin üçün tikildiyi iddia olunan 1.36 milyard dollarlıq saray haqqında "Putin üçün saray" filmidir. Navalnı bundan başqa, ötən ilin avqustunda Sibirdə zəhərlənməsi ilə bağlı da araşdırma filmi paylaşıb. Filmdə o bu işdə Putin və Federal Təhlükəsizlik Xidmətini günahlandırır.

"İlin hadisəsi"

Ancaq sürətlə yayılan və çox baxılan bu araşdırma videoları ölkə rəhbərliyini özündən çıxarıb. İndi onlar Youtube-dan bu videoları silməyi tələb edirlər. Putin və hökumətinin üzvləri korrupsiya ittihamlarını rədd edirlər. Navalnıya isə saxta ittihamlarla 2.5 illik həbs cəzası verilib.

12-dən artıq kateqoriyada təqdim edilən "Ağ fil" mükafatının münsiflər heyəti qaliblərin siyahısını martın 14-də elan edib. Navalnı və yaradıcı komandası (onlar həm də Antikorrupsiya Fondunun üzvləridir) "İlin hadisəsi" adlanan xüsusi kateqoriyada mükafatlandırılıblar. Mükafatın bu ay rəsmi qaydada təqdim edilməsi gözlənilirdi.

Ancaq Navalnını qaliblər siyahısına daxil etmək qərarı, ekspert şurasının təbirincə desək, mükafatın 22 illik tarixində ilk münaqişəyə yol açıb. Şura baş verənləri təzyiq və fəaliyyətinə senzura tətbiqi cəhdləri kimi qiymətləndirib.

N.Mixalkov və V.Putin
N.Mixalkov və V.Putin

"Navalnı rejissor sayılırsa..."

Rusiya Kinematoqrafçılar İttifaqının tərkibində fəaliyyət göstərən Kino Tənqidçiləri Gildiyası bundan sonra daha "Ağ fil" mükafatını maliyyələşdirməyəcəyini bildirib. Mükafat 1998-ci ildən bəri hər il mütəmadi təqdim olunub. Mükafatın 2006-cı ilə qədərki adı "Qızıl qoç" olub.

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, "Oskar" mükafatı laureatı və qatı Putin tərəfdarı Nikita Mixalkov Navalnının mükafatlandırılmasının mükafatın qaydalarına zidd olduğunu deyib.

"Navalnı rejissor sayılırsa, mən özümü rejissor adlandırmağa çətinlik çəkirəm. Onun kino ilə heç bir əlaqəsi yoxdur. Əziz dostlar, əgər siz siyasətə görə mükafat verirsinizsə, xahiş edirəm bunu aydınlaşdırın", – Putinin 55 illiyi münasibətilə "55" adlı film çəkən Mixalkov "Sobesednik" qəzetinə deyib.

Ekspertlər şurası fərqli mövqedədir

Zəhərlənmədən sonra Almaniyada müalicə olunan Navalnı vətənə qayıdan kimi həbs olunub. "Putin üçün saray" araşdırma filmi onun həbsindən iki gün sonra, yanvarın 19-u çıxıb. Filmin YouTube-dakı baxış sayı artıq 115 milyonu keçib.

A.Dolin: "...ehkamları dəyişmək vaxtıdır"
A.Dolin: "...ehkamları dəyişmək vaxtıdır"

Mükafatın ekspertlər şurası öz açıqlamasında gildiyanın dəstəyi dayandırmasına baxmayaraq, "Ağ fil" mükafatına rəhbərliyi davam etdirəcəyini bildirib. Ancaq şura, eyni zamanda, dəstəyin dayandırılmasının gildiyanın nüfuzuna xələl gətirdiyini də vurğulayıb. Açıqlamada Rusiya Kinematoqrafçılar İttifaqının rəhbərliyin dəyişməməsi kimi arxaik halın əsiri olduğu da qeyd edilir.

Ekspertlər şurasının bəyanatını imzalamış 43 nəfər arasında tanınmış rejissorlar, jurnalistlər və kino tənqidçiləri var. "Novoye vremya" saytında Navalnının işinə görə mükafatlandırılmasını dəstəkləyən kinotənqidçi Anton Dolin onlardan biridir.

"Əgər ssenari, müəllif, mövzu, gözlənti, baş qəhrəman, mənfi qəhrəman, yumor və s. varsa, deməli, şübhəsiz ki, bu, filmdir. Və əgər o, kinonun bəzi ehkamlarına uyğun gəlmirsə, deməli, həmin ehkamları dəyişmək vaxtıdır", – o, Navalnının araşdırması haqda məqaləsində yazıb.

XS
SM
MD
LG