Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:28

ABŞ diplomatından Qarabağ mesajı: 'Kömək edə bilərik...'


Qarabağda Rusiya hərbçisi
Qarabağda Rusiya hərbçisi

Diplomatın fikrincə, “indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın”

Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə deyil, onu saxlamağa can ata bilər. Bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent “Türk İrsi” təşkilatının keçirdiyi vebinarda bildirib.

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı halda Azərbaycan hakimiyyətinin bundan narazılığının artacağını gözləyirəm”, – o vurğulayıb.

Corc Kent
Corc Kent

Minsk qrupu neyləyə bilər

O, Bakı və Yerevan bu məsələdə maraqlı olarsa, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu söyləyib: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk Qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".

“Rusiyanın məqsədi daha bir açıq məsələ olaraq qalır”, – deyən Kent əlavə edib ki, Rusiya atəşkəsi Minsk qrupu həmsədrləri mexanizmi vasitəsilə razılaşdırmağı seçmədi, “üçtərəfli formatda birbaşa vasitəçilik etdi”.

Diplomatın fikrincə, “indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın”.

Gürcüstan misalı

“Azərbaycan müharibənin qalibi kimi qəbul oluna bilər, amma bu, böhranın həllinə aparmayacaq, Ermənistan dörddə bir əsr öncə birinci müharibəni udanda da belə idi”, – Kent deyib.

Kent Gürcüstan Xarici işlər nazirinin müavinlərindən birinə istinadla deyir ki, Qarabağdakı durum Gürcüstanın 1998-ci ildəki vəziyyətinə bənzəyir. “Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizə düşəcək. Ondan sonra isə Gürcüstanın indiki vəziyyətində olacaq”, – adı çəkilməyən nazir müavini ötən ilin noyabrında deyibmiş.

2008-ci ildə Rusiya Gürcüstanla bir neçə günlük müharibə nəticəsində separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı.

“Bu, çox bədbin yanaşmadır, amma ola bilsin, Rusiyanın Qarabağ münaqişəsi ilə öz mənafeyi naminə necə manipulyasiya etməsinə verilən real qiymətdir”, – o vurğulayıb.

Kent eyni zamanda ABŞ-ın Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib.

Azərbaycanla Ermənistan arasında ötən ilin sentyabrın 27-də başlamış hərbi əməliyyatlar noyabrın 9-da imzalanmış üçtərəfli atəşkəs razılaşması ilə başa çatdı. Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri ala bilsə də təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını deyir. Ancaq regiondakı separatçı rejim fəaliyyətini davam etdirir, Rusiya hərbçilərinin də onlarla əməkdaşlığına, yardımına dair informasiyalar yayılır. Bu yaxınlarda rus dilinə Qarabağda rəsmi status da verildi. Azərbaycan hakimiyyəti bu baş verənlərə qəti münasibət bildirmir.

XS
SM
MD
LG