Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:29

Polis zabiti qətldə təqsirli bilindi


Derek Şovin
Derek Şovin

Birləşmiş Ştatlarda münsiflər məhkəməsi Minneapolis şəhərinin keçmiş polis zabiti Derek Şovini Corc Floydun ölümündə təqsirli bildirib.

Aprelin 20-də keçirilən 10 saatlıq dinləmədən sonra 12 nəfərlik münsiflər məhkəməsi Şovini Corc Floydun ölümü ilə bağlı üç ittihamın hamısı üzrə təqsirli saydığını elan edib.

45 yaşlı Şovini onilliklərlə davam edən həbsxana cəzası gözləyə bilər. Hüquq ekspertləri ehtimal edirlər ki, qərardan apellyasiya şikayəti veriləcək.

Qaradərili Corc Floyd 2020-ci il, mayın 25-də onun həbsinə cəhd ediləndən sonra vəfat edib.

Floydu baqqal dükanında saxta 20 dollarlıq əskinasdan istifadə etdiyinə görə saxlamağa cəhd etmişdilər.

Ağdərili polisin hərəkəti nəticəsində öldüyü bildirilən Floydun ölümü ABŞ-da aylarla davam edən etirazlara səbəb olmuşdu.

Məhkəmənin qarşısına toplaşanlar hökmü alqışlayıblar
Məhkəmənin qarşısına toplaşanlar hökmü alqışlayıblar

Geniş yayılmış videoda görünür ki, Şovin dizini 9 dəqiqədən artıq müddətdə 46 yaşlı Floydun boğazında saxlayıb.

Prezident Co Bayden, demokratlar və insan haqları fəalları hökmü alqışlayıblar.

Televiziya ilə yayımlanan çıxışında Bayden deyib ki, “söhbət günün günorta çağı törədilən qətldən gedir” və bu hadisə bütün dünyanın diqqətini ABŞ-da irq və polis davranışı probleminə cəlb edib.

Prokuror: “Azca mərhəmət lazım idi...”

Bundan əvvəl məhkəmədə Şovinin təqsirsiz bilinəcəyi təqdirdə ötənilkinə bənzər zorakı etirazların baş verəcəyi gözlənilirdi.

Həmin etirazlar sonradan ölümcül zorakılığa və talana yol açmışdı.

Müxtəlif irqləri təmsil edən 12 münsif üç həftə ərzində onlarca insanın ifadələrini dinləyib.

Xəbər verilir ki, hökmün çıxarılmasında əsas rolu məhkəmədə nümayiş etdirilən videolar oynayıb.

Məhkəmə prosesində prokuror Stiv Şlayker deyib ki, videoda Floydun son sözləri –“Nəfəs ala bilmirəm” deməsi eşidilir və həmin anda polis zabitindən tələb olunan azacıq mərhəmət hissinin olması idi.

Tibb ekspertlərinin verdiyi rəydə də Floydun oksigen çatışmazlığından öldüyü göstərilir.

Şovinin vəkilləri israr edirdilər ki, Floydun ölümünə səbəb onun sağlamlığında olan problemlər, həbsə müqavimət göstərməsi ilə özünü riskə atması və polislə qarşıdurmadan əvvəl fentanil və metamfetamin qəbul etməsi olub.

XS
SM
MD
LG