Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:33

Navalnı etirazlarında 1700-dən çox saxlanan var


Sankt Peterburq aksiyasında
Sankt Peterburq aksiyasında

Rusiyada siyasi etirazçıların saxlanmasını monitorinq edən OVD-Info bildirib ki, Moskva vaxtilə saat 11.30-dək ölkə boyunca 1400 nəfər saxlanıb

Rusiyada polis müxalifət lideri Aleksey Navalnının həbsdən buraxılması tələbilə keçirilən etirazlarda 1700-dən çox şəxsi saxlayıb.

Siyasi etirazçılar və fəalların saxlanmasını monitorinq edən OVD-Info 1700-dən çox saxlananın olduğunu bildirir. Onlardan yarıya qədəri Sankt Peterburqda saxlanıb.

Human Rights Watch (HRW) insan haqları təşkilatı aprelin 22-də etirazların “əsaslandırılmamış şəkildə” dağıdılmasını pisləyib.

“Yanvar və fevral etirazları ilə müqayisədə aprelin 21-də polis zorakılıq və qəddarlığı az idi, amma hakimiyyətin toplaşma azadlığına qarşı sərt davranışı tamamilə əsassızdır”, – qurumun Rusiya üzrə tədqiqatçısı Damelya Aitxojina deyib.

“Hakimiyyət dərhal deyir ki, icazəsiz toplantılara polis müdaxilə etməsə, onlar zorakılıqla nəticələnər, amma 21 aprel etirazları bu iddianın necə əsassız olduğunu göstərdi”, – o, sözlərinə əlavə edib.

***

Rusiya polisi aprelin 21-də ölkə boyunca müxalifət lideri Aleksey Navalnıya azadlıq tələb edən aksiyalarda mindən çox etirazçılnı saxlayıb.

Prezident Vladimir Putinin ölkədəki vəziyyətə dair nitq etdiyi eyni gündə Uzaq Şərqddəki Vladivostokdan tutmuş Baltık dənizi sahilindəki Kalininqrad vilayətindək minlərlə insanın iştirakılə etiraz aksiyaları və yürüşlər keçirilib.

Etrirazçılar Antikorrupsia Fondunun (AKF) həbsxanadakı lideri Navalnının dərhal azadlığa buraxılmasını tələb edirdilər.

Navalnı həbsxana xəstəxanasına köçürülsə də onun sağlıq durumunun təhlükəli həddə olduğu xəbər verilir.

Rusiyada siyasi etirazçıların saxlanmasını monitorinq edən OVD-Info bildirib ki, Moskva vaxtilə saat 11.30-dək ölkə boyunca 1400 nəfər saxlanıb.

Bundan bir neçə gün əvvəl hökumət AKF-nin “ekstremist təşkilat” kimi qadağan olunması üçün hərəkətə keçib.

AFK uzun illərdir ki, Kremli və Putini ifşaedici videoları ilə narahat edirdi.

Bu videolarda Putin və başqa rəsmilərin izaholunmaz sərvətindən söz açılırdı.

Navalnı tərəfdarları əvvəlcə etiraz aksiyalarını yazın sonunda çağırmağı planlaşdırırdılar. Lakin müxalifət liderinin səhhətinin kəskin pisləşməsi onları daha tez hərəkətə sövq edib.

Hazırda həbsxanada aclıq aksiyası keçirən Navalnının belində və ayaqlarında kəskin ağrıların olduğu xəbər verilir.

***

Rusiyanın uzaq şərq regionlarında yüzlərlə sakin müxalifətçi Aleksey Navalnıya azadlıq tələbiylə etirazlara çıxıb. Moskvada və digər şəhərlərdə polis etirazçıları, həmçinin Navalnının müttəfiqlərini saxlamağa başlayıb.

Navalnının populyar YouTube kanalının simalarından olan Lyubov Sobol və müxalifət liderinin sözçüsü Kira Yarmış aprelin 21-də Moskvada saxlanıblar. Məlumatı onların vəkilləri verib.

Evlərdə axtarış aparılır

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının keçmiş spiker müavini Vladimir Rıjkov TASS xəbər agentliyinə deyib ki, polis onu ictimai tədbirlər və kütləvi toplantılarla bağlı qanunu pozmaqda şübhəli bilərək saxlayıb.

Avropa Şurasının Prezidenti Şarl Mişel Navalnının müttəfiqlərinin etirazlar öncəsi saxlanmasını “məyusedici” adlandırıb. “Hakimiyyət toplaşma azadlığa hörmət etməlidir”, – o, Twitter-də yazıb.

Polis Navalnının müxtəlif şəhərlərdəki komanda üzvlərinin evlərində axtarış aparıb.

İrkutskda, Vladivostokda Navalnı tərəfdarları etirazlara yığışır. 160-dan çox şəhərdə etirazlar planlaşdırılır, məqsəd müxalifətçinin tələbinə diqqət çəkməkdir. Navalnı artıq üçüncü həftədir həbsxanada aclıq edir, müstəqil həkimlər tərəfindən müayinə olunmaq istəyir.

Komissar problem olmadığını deyir...

Rusiyanın insan haqları komissarı Tatyana Moskalkova “RIA” xəbər agentliyinə deyib ki, federal həbsxana xidmətindən kənar dörd həkim aprelin 20-də Navalnıya baş çəkib, onun səhhətində ciddi problem aşkarlanmayıb.

Amma ötən həftə müxalifətçinin şəxsi həkimi və üç başqa həkim 44 yaşlı Navalının səhhətinin sürətlə pisləşdiyini bildirib.

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib.O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG