Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

Hindistanda “üçqat” mutasiya aşkarlanır, uçuşlar dayandırılır


Koronavirus qurbanlarının kütləvi kremasiyası
Koronavirus qurbanlarının kütləvi kremasiyası

Aprelin 23-dən Yaponiya hökuməti Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət elan etməyi planlaşdırır

Hindistanda COVID-19-a kütləvi yoluxmalar səhiyyə sisteminə təzyiqi artırır. Yoluxmalar əsasən koronavirusun Britaniya variantı və yeni “ikiqat mutasiya”sı ilə izah olunur. Son dövrlərin kütləvi tədbirləri və səhiyyə qaydalarına əməl olunmaması da yoluxmaları sürətləndirdi.

BƏƏ ilə uçuşlar dayandırılır

Birləşmiş Ştatlar, Avstraliya, İsrail, Belçika, Britaniya və Sinqapur daxil olmaqla azı 22 ölkədə B.1.617 adlı “ikiqat mutasiya” aşkarlanıb.

Bəzi ölkələr Hindistandan uçuşları dayandırıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) onların sırasındadır. Hindistanın bu ölkəylə hava dəhlizi dünyada ən sıx xətlərdən biridir. Yerli media qadağanadək həftəyə 300-dək uçuşun həyata keçirildiyini yazır.

Kanada da Hindistan və Pakistandan bütün uçuşları 30 günlüyə dayandırıb.

1.3 milyard əhalisi olan Hindistan hazırda qlobal pandemiyanın episentri sayılır, son günlər yoluxmalar 300 mini keçir.

Ölkədə indiyədək rəsmi olaraq 15.9 milyon yoluxma və 185 minədək ölüm qeydə alınsa da real rəqəmlərin daha yüksək olduğu güman edilir.

“Üçqat” mutasiya

Yoluxmaların artması subqitədə yeni variantların sürətlə yaranacağı sarıdan əndişələr yaradır. Virus mutasiyaları təbii sayılır, amma bəzən onlar virusun gücünü azaltmaq əvəzinə onu daha yoluxucu və ölümcül edə bilər.

B.1.617-dən əlavə Hindistan alimləri “üçqat” mutasiya aşkarladıqlarını da bildirirlər.

Alimlər hələlik, bu ölkədəki yeni variantların nə dərəcədə yoluxucu, ölümcül, yaxud vaksinlərə davamlı olmasından əmin deyillər.

Amma istənilən halda bir çox alimlərin fikrincə, Hindistandakı yeni variantlar dünyanın digər yerlərində olduğu kimi yoluxmaları artırır. Latın Amerikasında Braziliya, Avropada Britaniya variantı buna misal ola bilər.

Aprelin 23-dən Yaponiya hökuməti Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət elan etməyi planlaşdırır. Bu ərazilərdə yoluxmalar artmaqdadır. Tokioda ötən ildən təxirə düşmüş Olimpiya oyunlarına cəmi 3 ay qalır.

Sputnik V

Bu arada Misir Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksini istehsal etmək planlarını açıqlayıb. Rusiyanın Birbaşa İnvestisiya Fondu Qahirədə ildə 40 milyon dozadan çox vaksin istehsalından ötrü Misirin Minapharm şirkəti ilə saziş imzalayıb. Bu, sözügedən vaksinin Yaxın Şərq və Şimali Afrikada istehsalı üzrə ilk belə sazişdir.

Həftənin əvvəlində fond Argentina şirkəti ilə Sputnik V istehsalı üzrə oxşar saziş imzalayıb. Daha öncə Hindistan şirkətləri ilə razılaşma əldə edilib.

Almaniya isə Rusiyadan 30 milyon doza Sputnik V vaksini almaq üçün danışıqlar aparır. Açıqlamanı Saksoniya vilayətinin baş naziri Maykl Kretçmer verib.

O, Rusiyaya siyasi baxımdan qalmaqallı səfəri zamanı Almaniyanın dozalarla bağlı danışıqlar apardığını açıqlayıb.

Amma Kansler Angela Merkel və daha bir aparıcı rəsmi deyib ki, Almaniyanın Sputnik V-dən istifadəyə başlaması üçün AB-nin tənzimləyici orqanı onu təsdiqləməlidir.

XS
SM
MD
LG