Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31

Reuters: Bayden Erdoğana ‘erməni soyqırımını tanımaq niyyətini” bildirib


Prezidentlər Co Bayden (solda) və Recep Tayyip Erdoğan (Arxiv fotosu)
Prezidentlər Co Bayden (solda) və Recep Tayyip Erdoğan (Arxiv fotosu)

ABŞ prezidenti Co Bayden aprelin 23-də türkiyəli həmkarı Recep Tayyip Erdoğana, Ağ Evə gəlişindən bəri ilk telefon zəngində ona 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni ölümlərini “soyqırım” kimi tanımaq niyyətində olduğunu deyib.

Reuters bu xəbəri söhbətlə tanış mənbədən aldığını yazır.

Agentliyin xəbərində deyilir ki, bu baş verərsə, Vaşinqton və Ankara arasında onsuz da mürəkkəb olan münasibətlərin daha da gərginləşəcəyi gözlənilir.

Co Baydenin Erdoğana ilk telefon zəngi onun prezident kimi and içməsindən 3 ay sonra baş verib. Şərhçilər bunu Baydenin Türkiyə liderinə soyuqluğu ilə izah edirdilər.

Bu da qeyd olunur ki, Erdoğan keçmiş prezident Donald Trampla daha təlatümsüz münasibətlərə malik idi.

Co Baydenin Türkiyə prezidentinə telefon zəngi ermənilərin hər il “soyqırımı” qeyd etdikləri 24 apreldən bir gün əvvəl baş verib.

Rəsmi məlumatlarda “soyqırım” barədə heç nə deyilmir

Lakin nə Ağ Ev, nə də rəsmi Ankara bu telefon söhbəti barəsində rəsmi məlumatlarında “soyqırım” məqamına toxunmayıblar.

Ağ Evin bəyanatında deyilir ki, “Prezident Bayden bugün prezident Recep Tayyip Erdoğanla söhbətində iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsində, ikitərəfli konstruktiv münasibətlər qurulmasında və fikir ayrılıqlarının daha effektiv tənzimlənməsində maraqlı olduğunu bildirib”.

Məlumatda bildirilir ki, iki lider NATO-nun iyun ayında keçiriləcək sammitində daha ətraflı söhbət etmək barədə razılığa gəliblər.

Türkiyə I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında çox sayda etnik erməninin öldürüldüyünü etiraf edir, lakin qurban sayının süni şişirdildiyini bildirir.

Ankara bu qənaətdədir ki, bu ölümlər “soyqırım” kimi qiymətləndirilməməlidir.

Türkiyə prezidenti ofisinin məlumatında deyilir ki, Bayden və Erdoğan “iki ölkə arasında münasibətlərin strateji xarakterini və qarşılıqlı maraq təşkil edən məsələlərdə daha böyük əməkdaşlıq üçün birgə çalışmağın mühümlüyünü” təsdiqləyiblər.

ABŞ və Türkiyə arasında münasibətlər son illərdə bir neçə məsələyə görə gərginləşib.

Bu məsələlərdən biri də Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemini almasıdır.

ABŞ və NATO müttəfiqləri dəfələrlə Ankaranı bu raketlərin alınmasından imtina etməyə çağırmışdılar. Buna baxmayaraq Türkiyə S-400 raketlərinin ilk dəstini alıb.

Suriya siyasətindəki fikir ayrılığı və insan haqları məsələləri də iki ölkə arasında zaman-zaman gərginliyə səbəb olub.

XS
SM
MD
LG