Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

Redaktorlar yenə Rusiya səfirliyinə suallar verib


Rusiya səfirliyi, Bakı, 4 mart 2012
Rusiya səfirliyi, Bakı, 4 mart 2012

Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin (KİV) və qeyri hökumət təşkilatlarının (QHT) rəhbərləri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb.
Müraciətdə qeyd edilir ki, “bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Arayik Arutyunyan Moskvaya şəxsi səfərə gəlib”.

Açıqlamaya görə, bu məlumatı, o cümlədən Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan təsdiq edib.

Müracət müəlliflərinin vurğulamasına görə, bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub:

“Əvvələn, peşəkar diplomatlara yaxşı məlum olmalıdır ki, cənab Arutyunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş valid, yəni, hüquqi qüvvəyə malik olan sənəd təqdim etməlidir. Mənşə ölkəsi Azərbaycan olan Arayik Arutyunyanın Rusiyaya səfəri zamanı bu normalara riayət edilibmi?”

Arayik Arutyunyan, 7 mart 2021
Arayik Arutyunyan, 7 mart 2021

Müəlliflərin həmçinin xatırlatmasına görə, 44 günlük müharibə dövründə Arayik Arutyunyan Gəncənin yaşayış məhəllələrinin raket atəşinə tutulmasına görə məsuliyyəti açıq-aşkar öz üzərinə götürüb.

“Hazırda Arayik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib. Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında çoxdan sazişlər bağlanıb, bu sazişlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Lakin belə bir fonda Azərbaycan ictimaiyyəti Arayik Arutyunyanın Rusiyaya açıq səfərini necə qiymətləndirə bilər?”, deyə müraciətdə suallara davam edilib.

"Iskander-M" raketi, 20 may 2015
"Iskander-M" raketi, 20 may 2015

Müraciətdə habelə qeyd edilib ki, Arayik Arutyunyan Moskvaya Şuşada aşkar edilmiş “İsgəndər-M” operativ taktiki raket komplekslərinin (OTRK) detalları ətrafında anlaşılmaz qeyri-müəyyənlik fonunda yola düşüb:

“ ... “İsgəndər-M” başqa ölkələrə ixrac edilməli olmayan OTRK-nın modifikasiyasıdır. Bu gün həmin raketlərin detalları Bakıda Hərbi Qənimətlər Parkında sərgilənib. Həmin detalların üzərində seriya nömrələri tam aydın görünür. Lakin təəssüf ki, biz indiyə qədər Rusiya tərəfinin aydın cavabını eşitməmişik, həmçinin Rusiya KİV-lərində Azərbaycanın ünvanına insinuasiyalar kampaniyası genişlənir.”

“Bu səfər sülhməramlı missiyaya şübhə oyadır”

Müəlliflər vurğulayırlar ki, eyni zamanda, “İsgəndər-M” raketləri barədə suallarına cavab alınmayınca Arayik Arutyunyanın Moskvaya gəlməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq zərurəti yaranır:

“...Araik Arutyunyanın Moskvaya budəfəki səfəri Azərbaycan ilə Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır.”

Müraciətin sonunda da ümid edilir ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək.

Bundan əvvəl də Azərbaycanın bir sıra media rəhbərləri və bloqerləri bu il “İsgəndər-M” operativ taktiki raket komplekslərinin Şuşada qalıqların tapilması ilə bağlı Rusiya Səfərliyinə müraciət etmişdilər.

Daha sonra bu məsələni Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirmişdi. Bu barədə Rusiya Prezidenti V.Putunlə də danişdığını qeyd edən Azərbaycan dövlət başçısının sözlərinə görə, həmin ölkənin Müdafiə Nazirliyinin cavabinda vurğulanıb ki, ballistik raketlərin buraxılması müəyyən edilməyib. Müraciətə, hələlik, Rusiyanin Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayib.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG