Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:35

Ursula von der Leyen Türkiyədə necə ‘incidiyini’ dilə gətirdi


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen təxminən iki həftə bundan əvvəl Türkiyəyə səfəri zamanı üzləşdiyi xoşagəlməz anlaşılmazlıq barədə danışıb.

Epizod Avropa İttifaqı və Türkiyə arasındakı gərginliyin aradan qaldırılması məqsədilə aprelin 6-da Ankarada keçirilən görüşdə baş vermişdi.

Xanım von der Leyen Türkiyəyə Avropa İttifaqı şurasının rəhbəri Şarl Mişellə səfər etmişdi.

Onlar Türkiyə paytaxtında prezident Recep Tayyip Erdoğanla danışıqlar aparmalıydılar.

Lakin Avropanın iki lideri danışıqlar zalına daxil olanda məlum olmuşdu ki, burada cəmi iki kürsü qoyulub. Bunlardan biri ev sahibi üçün nəzərdə tutulmuşdu.

Anlaşılmazlıq epizodu
Anlaşılmazlıq epizodu

Mişel boş qalan ikinci kürsüyə əyləşmişdi. Beləliklə xanım von der Leyen bir müddət ayaq üstdə qalmışdı.

Çox da uzun sürməyən anlaşılmazlıqdan sonra Avropa Komissiyasının rəhbərinə danışıqların getdiyi otaqdakı divanda yer verilmişdi. Qarşı divanda Türkiyənin xarici işlər naziri oturmuşdu.

The Independent yazır ki, cənab Mişel baş vermiş anlaşılmazlıqda öz çaşqınlığına görə üzr istəyib.

Türkiyə tərəfi isə anlaşılmazlığın yaranmasına Avropa diplomatlarının protokolda səhvə yol vermələrinin səbəb olduğunu bildirib.

“Qalstuk taxsaydım necə olardı?”

Aprelin 26-da Avropa Parlamentində çıxış edən 62 yaşlı Ursula von der Leyen həmin hadisənin cinsi ayrıseçkilikdən irəli gəldiyini bildirib:

“Mən Avropa Komissiyasının ilk qadın prezidentiyəm. Və iki həftə bundan əvvəl Türkiyəyə səfər zamanı mən özümlə komissya rəhbəri kimi rəftar ediləcəyini gözləyirdim. Amma belə olmadı”.

Xanım von der Leyen Avropa deputatları qarşısında çıxışında Ankarada ona cənab Mişeldən fərqli davranış göstərilməsinə səbəb görmədiyini bildirib.

O deyib ki, onunla belə rəftar edilməsinə heç cür haqq qazandıra bilməyib:

“Ona görə də belə nəticəyə gəldim ki, bu mənim başıma qadın olduğuma görə gəlib. Mən də əynimə kostyum geyinib qalstuk taxsaydım necə olardı? Bundan əvvəlki görüşlərə aid süjetlərdə mən kürsü kasadlığı görməmişəm. Amma bu süjetlərdə qadın da görməmişəm”.

Bu barədə yazdığı tvit silsiləsində Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, “hər vaxt və hər yerdə qadınlarla kişilərlə olduğu kimi rəftar ediləcəyi zamana hələ çox yol qalır”.

“Mənim əhvalatım xəbər başlıqlarına çıxmışdı. Amma nə qədər qadının əksəriyyəti daha ciddi olan əhvalatları diqqətdən kənarda qalır. Biz elə etməliyik ki, bu əhvalatlardan da danışılsın!”

Ursula von der Leyen daha sonra Avropa İttifaqının qadın və uşaqların müdafiəsi üçün gördüyü işlərdən danışıb:

“Biz qadın və uşaqlara qarşı internetdə və real həyatda zorakılıqla mübarizə və onun qarşısının alınması üçün qanunvericilik aktlarını masa üzərinə gətirəcəyik. Çünki biz əmin olmalıyıq ki, Avropada qadınlar və qızlar adekvat şəkildə müdafiə olunurlar. Vitse-prezident Kamala Harris BMT-də demişkən, “qadının statusu demokratiyanın statusudur””.

Ursula von der Leyen Avropa millət vəkillərinə müraciətlə deyib ki, “söhbət kürsülərin təşkilindən və ya protokoldan yox, bizim kim olduğumuzdan gedir”.

XS
SM
MD
LG