Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Amerikalılara maskadan ‘bir qədər’ azadlıq verilir


Tam vaksinlənmiş insanlar çöldə-bayırda maska taxmadan gəzə bilərlər, amma onlar ictimai məkanlarda maskadan istifadəni davam etdirməlidirlər.

Reuters yazır ki, bunu aprelin 27-də ABŞ-ın səhiyyə rəsmiləri və prezident Co Bayden deyib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin son məlumatda deyilir ki, Birləşmiş Ştatlarda yetkinlik yaşına çatan əhalinin yarıdan çoxuna COVID-19-a qarşı azı bir doza vaksin vurulub.

Bayden deyib ki, bu, ölkədə koronavirusa qarşı aparılan mübarizənin nəticəsində mümkün olub.

Prezident bildirib ki, "biz bu heyrətamiz irəliləyişə sizin hamınızın sayəsində nail olmuşuq”.

O əlavə edib ki, ölkədə koronavirusa yoluxma halları “dramatik şəkildə azalıb”. Baydenin sözlərinə görə vaksinasiya sürətləndikcə yaşlı əhali arasında ölüm halları 80 faiz düşüb:

"Əgər vaksin olunmusunuzsa, həm evdə, həm də bayırda daha təhlükəsiz şəkildə, daha çox işlər görə bilərsiniz”.

Prezident xəbərdarlıq edib ki, buna baxmayaraq izdihamlı yerlərdə və stadionlarda maskadan istifadə olunmalıdır.

Reuters yazır ki, ekspertlər maska taxılmasını virusun yayılmasına nəzarət olunmasının ən effektiv vasitələrindən biri hesab edirlər.

Yoluxmaların əksəriyyətinin qapalı yerlərdə baş verməsi və vaksinasiyanın sürətlənməsi ABŞ-da evdən kənarda maskadan istifadənin lüzumuna dair debatlara səbəb olub.

Mərkəz bildirir ki, yeni qaydalar tam vaksinlənmiş amerikalıların pandemiyaya görə dayanmış fəaliyyətlərinin bərpası yolunda ilk addımdır.

Sərbəstlik vaksinlənməyə həvəsləndirməlidir

ABŞ-da ötən həftəyə olan məlumata görə COVID-19-a yoluxma halları 16 faiz azalıb, 140 milyon amerikalıya vaksinin azı bir dozası vurulub.

Birləşmiş Ştatlarda peyvəndləmə üçün Pfizer/BioNTech, Moderna və ya Johnson & Johnson's vaksinlərindən istifadə olunur.

Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə ABŞ əhalisinin yalnız 29 faizi vaksinin iki dozası ilə peyvəndlənib.

Son rəqəmlər fevraldan bəri bir həftə ərzində yoluxma sayının ən çox azalmasını əks etdirir.

Ağ Ev adamlarda peyvənd olunub-olunmamaq tərəddüdünün aradan qaldırılmasına çalışır.

Bayden deyib ki, pevənd olunanların daha böyük hərəkət sərbəstliyi əldə etməsi başqalarını da vaksinasiyaya həvəsləndirməlidir.

Qırmızı, yaşıl, sarı…

Mərkəz bildirir ki, tam vaksinlənmiş amerikalılar restoranların açıq hissəsində dostları və ya ailə üzvləri ilə sərbəst nahar edə və açıq havada az sayda vaksinli və ya vaksinsiz adamın iştirakı ilə keçirilən tədbirlərə qatıla bilərlər.

Bununla yanaşı paradlarda və idman yarışları kimi izdihamlı yerlərdə maskadan istifadə olunması tövsiyə edilir.

Bərbərəxanalarda, ticarət mərkəzlərində, kinoteatrlarda və ibadət yerlərində də maska taxılması tövsiyə olunur.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi fəaliyyətləri “qırmız”, “sarı” və “yaşıl” olaraq üç qrupa bölüb.

Bu rənglər vaksinasiya olunmamış şəxslər üçün müxtəlif yerlərdə təhlükənin müxtəlif dərəcələrini göstərir.

Tövsiyələrdə deyilir ki, peyvənd olunmayan şəxslər də tək və ya ailə üzvləri ilə maskasız olaraq gəzintiyə çıxa bilərlər.

Bu da qeyd olunur ki, virusun peyvənd edilmiş şəxslərdən peyvənd olunmayanlara yoluxma dərəcəsi elmi baxımdan hələki yaxşı öyrənilməyib.

XS
SM
MD
LG