Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

'Üç ay yarımdır pulumuzu ala bilmirik'


Təcili tibbi yardım
Təcili tibbi yardım

Azərbaycanda təcili tibbi yardım işçilərinə artıq üç aydır ki, koronavirusla mübarizə məqsədilə ayrılmış müddətli əlavə ödənişlərin verilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna danışan təcili tibbi yardımın əməkdaşları iddia edir ki, yanvar ayında da həmin ödənişlərin cəmi 50 faizi onlara verilib:

"Bu pul bizim haqqımızdır"

"Hər gün koronavirus xəstələri ilə təmasdayıq. Bu pul bizim haqqımızdır, amma fevral ayından bizə verilmir. Müraciət edəndə deyirlər ki, bizlik deyil, pul olan kimi verəcəyik. Artıq üç ay yarımdır ki, pulumuzu ala bilmirik".

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də "Turan"a deyib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım işçilərinə əlavə ödənişlər verilmir: "Orada çalışan tanışlarım deyir ki, yanvar ayı üçün əlavələrin yarısını alıblar, fevral-aprel ayları üçün isə bir qəpik belə almayıblar".

"Amma təəssüf ki, bunlar hesablanmır"

A.Əliyev qeyd edib ki, Nazirlər Kabinetinin "Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Qərarına əsasən, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq maaşın üç misli müddətli əlavələr verilməlidir: "Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə maaşının dörd misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə isə beş misli əlavələr təyin olunub. Əgər həmin şəxslər bayram günləri işləyirlərsə, həmin əlavələrin ikiqatını almalıdırlar, amma təəssüf ki, bunlar hesablanmır".

Cavab: "Büdcədən vəsait ayrılmalıdır ki,..."

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə "Turan"a bildirilib ki, qurum vəsaitin köçürülməsini gözləyir: "Büdcədən vəsait ayrılmalıdır ki, koronavirus xəstələri ilə işləyən tibb personalına fevral-mart ödənişləri olsun. Daha sonra aprel və may da olacaq. Amma hələ ki, aprelin siyahısını təqdim etməyiblər. Fevral-mart üçün isə vəsait gözləyirik".

İqtisadçı Natiq Cəfərli də bu mövzuda AzadlıqRadiosuna danışarkən vurğulayıb ki, rəsmi olaraq koronavirusla bağlı tibb işçilərinə əlavə ödənişlər dayandırılmayıb: "Yalnız karantin rejimi götürüləndən sonra müddətli əlavələrlə bağlı qərara yenidən baxıla bilər". (Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir)

"Ən azından bu məsələ ilə bağlı açıqlama verməlidir"

O hesab edir ki, əgər pul ayıran rəsmi qurum hələ də vəsait köçürməyibsə, bunu cəzasını həkimlər çəkməməlidir: "Vəsaitin vaxtlı-vaxtında köçürülməsinə məsul qurum Maliyyə Nazirliyidir və o ən azından bu məsələ ilə bağlı açıqlama verməlidir".

İqtisadçı vurğulayıb ki, koronavirusla mübarizəyə görə həkimlər üçün nəzərdə tutulmuş əlavə ödənişlərin verilməməsi korrupsiya kimi də dəyərləndirilə bilər.

Məsələyə, hələlik, Maliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Nazirlər Kabineti «Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Qərarı 2020-ci il marın 25-də verib.

Qərara əsasən, əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib: "1.1. Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində. 1.2. Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin...- aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində. 1.3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində".

XS
SM
MD
LG