Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:33

Eldar Həsənovun şikayəti təmin edilməyib


Eldar Həsənov, arxiv foto
Eldar Həsənov, arxiv foto

Mayın 8-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın keçmiş Baş prokuroru və müxtəlif ölkələrdə səfiri olmuş Eldar Həsənov-un şikayətinə baxılıb. Apellyasiya şikayəti bir müddət öncə onun barəsində həbs qətimkan tədbirinin vaxtının daha üç ay artırılması qərarından verilib. Şikayət təmin edilməyib, həbs müddətinin uzadılması barədə qərar qüvvəyə minib.

Vəkil: “Çəliklə hərəkət edir”

Apellyasiya məhkəməsində E. Həsənovun özü iştirak etməyib. Vəkili Cavad Cavadov AzadlıqRadiosu-na bildirib ki, keçmiş səfir sağlıq durumunun ağırlığəna görə məhkəməyə gətirilməyib: “Vəziyyəti həddindən artıq pisdir, çəliklə hərəkət edir. Durumu sözlə izah edilməyəcək həddə ağırdır”.
Müdafiəçinin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi E. Həsənovun işi ilə bağlı Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən onun təcili müayinə və müalicəsi barədə qərar qəbul edib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan keçmiş səfirin bu qurumun hospitalına yerləşdiriliməsi, zəruri müayinə və müalicəsi, habelə əməliyyatlar olunması istənilib. Bununla əlaqədar Azərbaycan hökuməyinə sorğu göndərilib.
E. Həsənovun digər vəkili Valeh Mehralıyevin isə bildirdiyinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları da DTX-nın istintaq təcridxanadında onunla görüşüb.


“...Təəccübləndilər”

“Eldar Həsənovun tibbi sənədlərini və qəbul etdiyi dərmanları nəzərdən keçirəndə təəccübləndilər. Koronavirusa yoluxmada yüksək risk qrupuna daxil olan 66 yaşlı bir adamın səhhətinin bu dərəcədə kritik olmasına baxmayaraq, xəstəxanaya aparılmaması normal deyil. Komitə əməkdaşları məsələ ilə bağlı mandatları çərçivəsində dəstək olacaqlarını bildirdilər”, - vəkil deyib.
Müdafiəçinin sözlərinə görə, E. Həsənovun durumunun ağırlaşmasıyla əlaqədar istintaq qarşısında bir neçə dəfə vəsatət qaldırılıb, amma təmin olunmayıb.
V. Mehralıyev deyir ki, hələ həbsindən öncə keçmiş səfirin ürəyində əməliyyat planlaşdırılmışdı.Onun deməsinə görə, əməliyyat 2020-ci il sentyabrın 20-də icra olunmalıydı, lakin avqustun 13-də onun tutulması ürək əməliyyatının təxirə salınmasına səbəb olub:

“Dəfələrlə yıxılıb...”

“Ürəyi ilə yanaşı, bağırsağında ciddi problemlər var. Bağırsaqda davamlı qanaxma müşahidə olunur. Eyni zamanda, onurğa sümüyündə böyük ölçülərdə bir neçə yırtıq var. Otura, bəzən dura bilmir, çəliklə hərəkət edir. Dəfələrlə yıxılıb. Ayaqlarında tutulmalar var, sağ ayağını hərəkət etdirə bilmir. Təcili xəstəxana şəraitində müayinə, müalicə və əməliyyat olunmalıdır”.

Keçmiş səfirin işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Buna baxmayaraq, o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Eldar Həsənovu ötən ilin avqustunda DTX əməkdaşları saxlayıb və bu qurumun İstintaq Baş İdarəsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmışdı. Sonradan onun işi DTX-dan prokurorluğa göndərildi. E.Həsənovun öz istəyilə DTX-dan köçürülmədiyi bildirilir.

Vəkili deyir ki, E. Həsənov DTX-nın istintaq təcridxanasındakı münasibətdən razıdır:

“Özü deyir ki, əgər DTX təcridxanasında yox, başqa saxlanma yerində olsaydım, həyatımı itirərdim”.

Bu deyilənləri, hələlik, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycaın rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Onun ev dustaqlığına buraxılması barədə vəkillərinin vəsatətlərinə isə məhkəmələr “yox” deyib.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov ötən il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E. Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.
E. Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

XS
SM
MD
LG