Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:31

Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölürlər?


Dünya üzrə ölümlə sonuclanan əsas xəstəliklər ürək-damar sistemiylə bağlıdır.
Dünya üzrə ölümlə sonuclanan əsas xəstəliklər ürək-damar sistemiylə bağlıdır.

Hər 100 ölümdən 75-i ürək-damar və onkoloji xəstəliklərdən qaynaqlanır

Ötən il Azərbaycanda ölüm sayı rekord səviyyəyə yüksəlmiş, həyatını itirənlərin sayı əvvəlki illərlə müqayisədə 20 min nəfər və ya təxminən 35 faiz artaraq 75 min 647 nəfər olmuşdu. 2020-ci ildə dünyanın bir çox başqa ölkəsində də ölənlərin sayında artım gözə çarpmışdı. Fərqi Azərbaycanda insanların ən çox hansı xəstəlik ucbatından həyatını itirməsində tapmaq olar.

Dövlət Statistika Komitəsinin (DSK-nın) ölüm səbəbləriylə bağlı sonuncu məlumatı 2020-ci ilədək olan dövrü əhatə edir. Həmin rəqəmlərdən aydın olur ki, qan dövranı sisteminin xəstəlikləri ölkədə ölümün ən böyük səbəblərindəndir. Hər il ölkədə qeydə alınan ölüm hallarının 55-60 faizinə məhz bu xəstəliklər səbəb olur.

Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, elə dünya üzrə də ölümlə sonuclanan əsas xəstəliklər məhz ürək-damar sistemiylə bağlıdır. 2019-cu ildə dünyada ən çox ölümə səbəb olan xəstəlik ürəyin işemik xəstəliyidir. Həmin il bütün dünyada 9 milyona yaxın şəxs bu xəstəliyin qurbanı olub. Bu xəstəlikdən əziyyət çəkən şəxslərdə ürək əzələsinin qan təchizatının çatışmazlığı və ya dayanması (işemiya) ucbatından miokard üzvi və funksional olaraq zədələnir.

Qan dövranı sisteminin xəstəliklərindən sonra Azərbaycanda ən çox onkoloji xəstəliklər ölümə aparır. Statistika göstərir ki, son illər ölkədəki ölümlərin 15 faizi onkoloji xəstəliklərlə bağlıdır. Bu xəstəliklə bağlı diqqət çəkən daha bir məqam son illərdə onkoloji xəstəliklərdən vəfat edənlərin sayındakı artımın əhali artımını xeyli üstələməsidir. 2000-2019-cu illərdə Azərbaycan Respublikası əhalisi cəmi 24 faiz artdığı halda, həmin müddət ərzində onkoloji xəstəliklərdən ölənlərin sayı 74 faiz artıb.

Ötən illərlə müqayisədə artan və azalan ölüm səbəbləri

Onkoloji xəstəliklərlə yanaşı, bəzi digər xəstəliklərdən ölənlərin sayında da artım gözə çarpır. Məsələn, "endokrin sistemin xəstəlikləri və qidalanma, maddələr mübadiləsi pozğunluqları" xəstəliklərindən vəfat edənlərin sayı 2000-ci ildə təxminən min nəfər olduğu halda, 20 il ərzində bu göstərici 50 faiz artaraq 1 min 500 nəfərə çatıb. Ciddi artım müşahidə edilən istiqamətlərdən biri də perinatal dövrdə (hamiləlik) meydana çıxan xəstəliklərlə bağlıdır. 2000-ci ildə 300-ə yaxın şəxs bu tip xəstəliklərdən vəfat etmişdisə, sonrakı dövrdə bu rəqəm üç dəfədən çox artıb və 2019-cu ildə mindən çox şəxs məhz hamiləlik dövründə meydana çıxan xəstəliklərdən həyatını itirib.

Sayında azalma gözə çarpan xəstəliklər də var. Ən çox azalma müşahidə edilən istiqamətlərdən biri infeksion və parazitar xəstəliklərdir. 2000-ci ildə ölkədə bu tip xəstəliklərdən toplam 1 min 574 nəfər vəfat etmişdisə, 20 il sonra bu rəqəm 662-ə enib.

Nəzərə almaq lazımdır ki, bu azalma həm də əhali sayının artdığı bir şəraitdə baş verib. Başqa deyimlə, 2000-ci ildə hər 100 min nəfərdən 19.8-i infeksion və parazit xəstəliklərdən ölürdüsə, indilərdə bu rəqəm cəmi 6.7-dir (təkrar yadda saxlamağa dəyər ki, ölüm səbəbləriylə bağlı rəsmi statistikaya pandemiyanın cövlan etdiyi 2020 və 2021-ci illərin məlumatı daxil deyil).

Azalma gözə çarpan daha bir istiqamət psixi və davranış pozğunluqlarıyla bağlı xəstəliklərdir. Əgər 2000-ci ildə ölkədə 115 nəfər bu xəstəliklər səbəbindən vəfat etmişdisə, 2019-cu ildə həmin səbəbin yol açdığı heç bir ölüm halı qeydə alınmayıb. Tənəffüs orqanlarının xəstəliklərindən vəfat edənlərin də sayında ciddi azalma var. 20 il ərzində bu xəstəlikdən ölənlərin sayı 4 min 200 nəfərdən 1 min 800 nəfərə enib.

XS
SM
MD
LG