Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

ABŞ 80 milyon dozayla bağlı planını açıqlayır


Arxiv fotosu
Arxiv fotosu

Yaponiya təşəbbüsə əlavə 800 milyon dollar vəd edib

ABŞ Prezidenti Co Bayden bir neçə günə digər ölkələrə 80 milyon doza koronavirus vaksini göndərmək planlarını açıqlayacaq. Bunu Dövlət katibi Entoni Blinken deyib. O, planın iyunun 3-də açıqlana biləcəyini sözlərinə əlavə edib.

“Siyasi iplər olmadan...”

Birləşmiş Ştatların Kosta Rikadakı səfirliyində çıxış edən Blinken qeyd edib ki, plan COVAX ilə koordinasiyalı şəkildə həyata keçiriləcək. COVAX yoxsul ölkələrə vaksin paylanmasını nəzərdə tutan qlobal sxemdir.

Baydenin açıqlayacağı plan elm və ehtiyaca əsaslanacaq, vaksinlər “hansısa siyasi iplər olmadan” təklif ediləcək, o vurğulayıb.

Bayden mayın 17-də 20 milyon əlavə dozanın göndəriləcəyini açıqlayıb. Bununla da iyunun sonunadək başqa ölkələrə veriləcək vaksin sayı 80 milyona çatacaq.

Digər ölkələr ABŞ-da təzyiq göstərir ki, artıq dozaları pandemiya ilə mübarizə aparan ölkələrlə paylaşsın.

Baydenin sözlərinə görə, təşəbbüsün məqsədi pandemiyaya qarşı qlobal mübarizədə Amerikanın liderliyini bərpa etməkdir. O, Çin və Rusiyanın vaksin ianə proqramları ilə dünyada nüfuza yiyələnməyə çalışdığını deyib.

9.6 milyard dollarlıq vəsait

İyunun 2-də bəzi ölkələr və özəl donorlar COVAX-a 2.4 milyard dollara yaxın vəsait boyun olublar. Bu vəd Yaponiya ilə GAVI Vaksin Alyansının keçirdiyi video sammitdə səslənib.

Vəsait COVAX-ın 1.8 milyard tam subsidiyalı doza əldə edərək bu il və 2022-ci ilin əvvəlində azgəlirli ölkələrə çatdırmasını təmin edəcək. Bu isə həmin ölkələrdə böyüklərin 30 faizini qorumağa yetəcək.

“Qorunan bir dünyaya doğru böyük addım atmış olduq”, – GAVI sədri Xose Manuel Barroso deyib. Son vəsaitlə COVAX-ın maliyyəsi 9.6 milyarda çatıb.

Yaponiya təşəbbüsə əlavə 800 milyon dollar vəd edib. Baş nazir Yoşihide Suqa nəticəni vaksinlərə bərabər çıxış yönündə “həddən artıq vacib və mənalı addım” adlandırıb.

O, COVAX çərçivəsində ölkəsində istehsal olunan 30 milyonadək vaksinin ianə veriləcəyini söyləyib.

Fevraldan bəri COVAX mexanizmi vasitəsilə 127 ölkəyə 77 milyon doza vaksin paylanıb. Ancaq Hindistanda pandemik vəziyyətin ağırlaşması ilə əlaqədar ixrac məhdudlaşdırıldığından problemlər yaranıb.

XS
SM
MD
LG