Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Erməni olan Livan vətəndaşına 20 il həbs istənildi


Viken Eulcekciyan
Viken Eulcekciyan

Milliyyətcə erməni olan Livan vətəndaşı Viken Eulcekciyanın Bakıda mühakiməsi yekunlaşır. İyunun 8-də onun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Prokuror 42-yaşlı Vikenin terrorçuluq, muzdlu döyüşmə, sərhədi qanunsuz keçmə kimi əməllərdə təqsirli bilinməsini və 20 il azadlıqdan məhrum olunmasını təklif edib.

"Maralın uşaqları da bizimlə birlikdə idi"

Təqsirləndirilən şəxs isə pul müqabilində döyüşməsi barədə ittihamla razılaşmayıb. O bildirib ki, beş ildir qeyri-rəsmi birgə yaşadığı Maral Nazaryan adlı qadınla birlikdə əvvəl Ermənistana, oradan da Qarabağa gəliblər: "Maralın uşaqları da bizimlə birlikdə idi. O, saç ustası idi, mən də şaurma bişirirdim. Pandemiya dövründə iş olmadı. Onda Qarabağda yerləşdirmək üçün adamlara ehtiyac vardı. Biz Şuşaya köçdük. Mən beton zavodunda işə düzəldim, Maral yenə saç ustası idi. Sentyabrın 27-də müharibə başlayanda biz Laçına qayıtdıq. Yolda Ermənistan hərbçiləri maşını saxlatdırdılar, məni məcburi müharibəyə göndərdilər, hərbi forma, silah verdilər".

Vikenin sözlərinə görə, onu Xocavənd istiqamətinə göndəriblər. Üç gün orada qalsa da, silahdan istifadə etməyib. Sonra qaçıb Şuşaya, oradan da Yerevana gəlib. Noyabrın 10-da müharibənin başa çatdığını eşidib, Nazaryanla birlikdə Şuşada qaldıqları otelə gedib əşyalarını götürmək istəyəndə Azərbaycan Ordusu tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxs cinayət işinin istintaqa qaytarılması haqda vəsatət də qaldırıb. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

"Ayda 2000-2500 dollar verirlər"

Məhkəmədə Maral Nazaryanın istintaqa videoifadəsi də məhkəmədə nümayiş olunub. Təqsirləndirilən şəxslə bir neçə ildir birlikdə yaşadıqlarını deyən Nazaryanın ifadəsinə görə, Viken Hovak adlı başqa bir Livan vətəndaşının təklifi əsasında muzdla döyüşməyə gəlmişdi:

"Hovak ona dedi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Əlavə maaş da verəcəklər. Viken razılaşdı. Ona dedim ki, sən Ermənistan vətəndaşı deyilsən, sənə problem yaradacaq. Qulaq asmadı, getdi. Deyirdi ki, azərbaycanlılar güclüdür, xaricdən gələn muzdluların hamısı öldü, mən qaçdım. Noyabrın 10-da müharibənin qurtardığını eşidib Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdü".

Viken şahidin ifadəsində dediklərinin yalan olduğunu bildirib.

Məhkəmə prosesi iyunun 11-də davam edəcək.

Azərbaycanın əsir götürdüyü livanlı erməni Maral Nazaryan bu ilin martında azad edilib və Beyruta – evinə qayıdıb.

Azərbaycan ötən il 44 günlük hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG