Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Bayden: Əfqanıstanda xaos qaçılmaz idi


Kabil aeroportu
Kabil aeroportu

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin daha öncə deyib ki, Kabil aeoportunda 4 min 500-dək ABŞ hərbçisi var, “Taliban komandirləri ilə kommunikasiya xətlərimiz açıqdır”

Birləşmiş Ştatlar Əfqanıstandan çıxandan sonra “xaos” qaçılmaz idi. Bunu ABŞ Prezidenti Co Bayden Taliban Kabili tutandan sonra ilk müsahibəsində deyib.

Avqustun 18-də “ABC News”a danışan Bayden qeyd edib ki, ABŞ qüvvələrinin “xaosa səbəb olmadan” çıxmasının yolunu bilmir.

Son günlər Kabil aeroportunda çaxnaşma yaranıb, minlərlə insan ölkəni tərk etməyə çalışır.

Kabil aeroportu və ətrafında son günlər ümumilikdə 12 nəfərin öldürüldüyünü Taliban və NATO rəsmiləri təsdiqləyiblər.

Avqustun 19-da Əfqanıstan müstəqillik gününü qeyd edir. Bir gün öncə şərqi Cəlalabad şəhərində Talibana qarşı nümayişlər zorakılıqla yatırdılıb.

Taliban komandirləri ilə kommunikasiya “açıqdır”

Qərb ölkələri də minlərlə diplomatı, dinc sakini, əfqanı çıxarmağa kömək edir.

Baydenin sözlərinə görə, Taliban amerikalıların və müttəfiq ölkələrin vətəndaşlarının çıxarılmasında əməkdaşlıq edir, amma əfqanların evakuasiyasında “daha böyük çətinlik var”. Söhbət beynəlxalq missiyaya kömək etmiş, Taliban idarəçiliyi altında risk altında ola biləcək əfqanlardan gedir.

Prezident deyib ki, ABŞ qüvvələri gərəkərsə, amerikalıların evakuasiyası üçün avqustun 31-dən sonra da Kabildə qalacaq. Həmin tarixədək xarici qüvvələr Əfqanıstandan çıxarılmalıdır.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin daha öncə deyib ki, Kabil aeoportunda 4 min 500-dək ABŞ hərbçisi var, “Taliban komandirləri ilə kommunikasiya xətlərimiz açıqdır”.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ hərbçiləri adamların Kabil aeroportuna getməsinə kömək edə bilməz, çünki onlar yalnız hava meydançasında təhlükəsizliyi təmin edirlər.

Taliban aeroporta girişi əngəlləyir

ABŞ-nın aparıcı diplomatı isə qeyd edib ki, Talibanın Əfqanıstanı tərk etmək istəyən əfqanlara icazə verəcəyini gözləyirlər. Qruplaşmanın aeroporta girişi əngəllədiyi xəbərləri gəlir.

“Talibanın ictimai bəyanatları, bizim hökumət qarşısında öhdəlik götürməsinə baxmayaraq ölkədən çıxmaq istəyən əfqanların yolunu kəsməsi haqda məlumatlar var”, – Dövlət katibinin köməkçisi Vendi Şerman jurnalistlərə deyib. Onun sözlərinə görə, ABŞ rəsmiləri birbaşa Talibanla işləyir.

Birləşmiş Ştatların avqustun 18-də bildirməsinə görə, ötən həftəsonu aeroporta nəzarəti ələ alandan 4 min 480 nəfər evakuasiya olunub. Rəsmilər bir günə 9 min adamın çıxarmağa ümid edirlər.

Digər ölkələr də Birləşmiş Ştatlarla koordinasiyalı şəkildə evakuasiya ilə məşğuldurlar. Son 24 saat ərzində diplomatlar, təhlükəsizlik əməkdaşları, yarım işçiləri daxil olmaqla 5 minədək insanın Əfqanıstandan çıxarıldığı bildirilir.

XS
SM
MD
LG