Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Çeçen fəal qohumlarının sıxışdırıldığını deyir


Ramzan Kadırov (solda)
Ramzan Kadırov (solda)

Həsən Xalidovun deməsinə görə, Moskvada polis onun əkiz qardaşı Hüseyni saxlayaraq Çeçenistana göndərib

Rusiyanın Çeçenistan Şimali Qafqaz regionunun avtoritar lideri Ramzan Kadırovun tənqidçisi öz fəaliyyətinə görə qohumlarının Rusiyada sıxışdırıldığını deyir.

Atası, qardaşları saxlanıb

Türkiyədə mühacirətdə yaşayan Həsən Xalidov sentyabrın 7-də AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, 75 yaşlı atası Qəni Xalidov və 46 yaşlı qardaşı Ramzan Xalidov Çeçenistan polisi tərəfindən saxlanıblar. Onların bir gün öncə heç bir izahat verilmədən evlərindən aparıldıqları bildirilir.

Həsən Xalidovun deməsinə görə, Moskvada polis onun əkiz qardaşı Hüseyni saxlayaraq Çeçenistana göndərib.

Xalidov bütün bunlar haqda ona rəsmi bilgi verilmədiyini, Çeçenistandakı doğma kəndinin sakinlərindən və anonim blogerlərdən xəbər tutduğunu söyləyib.

Onun sözlərinə görə, onun qohumlarına qarşı addım Kadırov və hökumətinin sentyabrın 5-də İstanbulda Kadırov tərəfdarının bərk döyülməsinə cavab ola bilər.

Rusiya rəsmiləri hələlik məsələni şərh etməyib.

Daha bir çeçen fəalın qohumları saxlanıb

Avropa Birliyi üzvü olan ölkədə mühacirətdə yaşayan daha bir çeçen Elman Mamakayev isə AzadlıqRadiosu-na deyib ki, Çeçenistan polisi ötən həftə onun bir neçə qohumunu saxlayıb, 73 yaşlı atası ötən həftəsonu bığı qırxılmış vəziyyətdə buraxılıb. Bu, regionda alçaldıcı hərəkət hesab olunur.

2007-ci ildən Çeçenistanı idarə edən Kadırovu Rusiya və beynəlxalq qurumlar kobud insan haqları pozuntularında ittiham edirlər. Pozuntular sırasında adam oğurluğu, işgəncə, məhkəmədən kənar qətllər göstərilir.

Kremlin tənqidçilərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kadırovun ölkə konstitusiyasını pozmasına, iddia olunan pozuntularına göz yumur. Çünki Çeçenistanda separatçı əhvalın və zorakılığın nəzarətdə saxlanmasında ona etimad edir. Çeçenistanda postsovet dövründə iki dağıdıcı müharibə baş verib, islamçı müqavimət hərəkatı isə Şimali Qafqazda digər müsəlman regionlarına da yayılıb.

XS
SM
MD
LG