Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:19

Diplomat: Əfqanıstan səfirlikləri Taliban hökumətini tanımaq istəmirlər


Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər
Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər

Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər Talibanın yeni hökumətini “qanunsuz” adlandırıb

“Əfqanıstanın bütün dünya boyunca 67 səfirliyi Taliban hökumətini tanımaqdan imtina edib”.

Bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər Düşənbədə keçirilən mətbuat konransında deyib. O Talibanın yeni hökumətini “qanunsuz” adlandırıb.

AzadlıqRadiosunun xəbərinə görə diplomat bildirib ki, o hazırda Tacikistanda vitse-prezident Əmrulla Salehi təmsil edir.

Onun sözlərinə görə Əfqanıstan Konstitusiyası devrilmiş prezident Əşrəf Qaninin ölkədən qaçmasından sonra məhz Salehin prezident olmasını nəzərdə tutur.

Məhəmməd Zahir Əkbər bildirib ki, onun məlumatına görə Saleh hazırda son günlərədək Talibana müqavimət göstərən Pəncşir vilayətindədir.

Xəbər verilir ki, Taliban bu vilayəti əlavə qoşun göndərməklə və Pakistanın dəstəyi ilə ala bilib.

Lakin Əkbər deyib ki, Milli Müqavimət Cəbhəsinin başçısı Əhməd Məsud və Saleh Əfqanıstanı tərk etməyiblər və Pəncşirdə Əfqanıstan İslam Respublikası hökumətinin təşkili ilə məşğuldurlar.

Qərbdəki səfirlər Qatara sığınıblar

Taliban sentyabrın 8-də yeni hökumətinin tərkibini elan edib. Bu hökumətdə demək olar bütün nazir postları hərəkatın öz nümayəndələrinə verilib.

60 yaşlı Heybətülla Axundzadə dövlət başçısı elan edilib. Taliban hökumətində “baş nazir” vəzifəsini Məhəmməd Həsən Axund tutub.

Kəşfiyyat naziri təyin edilmiş Əbdül Həqq Vasiq 12 il Amerikanın Kubadakı Quantanamo həbsxanasında saxlanıb.

Xəbər verilir ki, yeni hökumətin nazirlərindən azı ikisi BMT və ya ABŞ-ın terrorçu siyahısında olanlardır.

Qərb ölkələri, eləcə də Türkiyə və Rusiya Taliban hökumətini tanımağa tələsmədiklərini bildiriblər.

Bu arada Reuters xəbər verir ki, Əfqanıstanın ABŞ və ona müttəfiq olan ölkələrdəki səfirlikləri hazırda Qətərə sığınıblar.

Emomali Rahmon tənqid edir

Hindistandan alınan xəbərlərdə deyilir ki, Əfqanıstanın Nyu Delhidəki səfirliyi Taliban hökumətinə etimad göstərməkdən imtina edib.

Missiyanın sözçüsü Əbdülhəq Azad deyib ki, səfirlik Əfqanıstan İslam Respublikasının maraqlarını təmsil etməkdə davam edəcək və Əfqanıstan vətəndaşlarına xidmət göstərəcək.

Taliban hökumətini Əfqanıstanmın Şri Lankadakı səfiri Əşrəf Heydəri də pisləyib.

Əfqanıstanın Moskvadakı səfiri Səid Cavad Pakistanın onun ölkəsindəki səfirliyinin qarşısında əfqanların etiraz aksiyasını göstərən tviti repost edib.

Lakin TASS xəbər verir ki, səfir Taliban hökuməti barədə şərh verməkdən imtina edib.

Bu da xəbər verilir ki, Tacikistan prezidenti Emomali Rahmon dünya birliyini Əfqanıstandakı vəziyyətə “biganəlikdə” ittiham edib.

O deyib ki, əvvəlcədən verdiyi vədlərə rəğmən Talibanın elan etdiyi hökumətdə yalnız təşkilatın öz radikal üzvlərinə yer verilib.

Rahmon bildirib ki, bu hökumətdə qadınlar və başqa millətlərin nümayəndələri – taciklər, özbəklər və başqaları yoxdur.

Bəzi məlumatlara görə etnik taciklər Əfqanıstan əhalisinin 30 faizini təşkil edirlər.

XS
SM
MD
LG