Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:40

ABŞ Nümayəndələr Palatası Azərbaycanla bağlı təklifləri qəbul edib


Konqres
Konqres

Təkliflərdən birində Azərbaycandan bütün erməni əsirlərin qaytarılması tələb olunur

Sentybarın 23-də ABŞ Nümayəndələr Palatası Azərbaycandan “erməni hərbi əsirlərin dərhal azad edilməsini tələb edən” və “Azərbaycanın hərbi cinayətlərinə və erməni vətəndaşlara qarşı qanunsuz silahlardan istifadə edilməsi barədə hesabatın hazırlanmasına çağıran” qanun əlavəsini qəbul edib.

ABŞ-ın milli müdafiə büdcəsi haqqında qanununa (NDAA) bu əlavə onu təklif edən konqresmenlərin adı ilə Kardenas-Şiff-Şerman əlavəsi adlanır.

Sözü gedən düzəlişin təklif olunmasında demokratlar Toni Kardenasa, Adam Şiffə və Bred Şermana bir neçə başqa konqresmenlər də qoşulublar.

Onların arasında üç respublikaçı millət vəkili də var.

Qanuna əlavədə habelə 2020-ci ilin Qarabağ müharibəsində istifadə olunmuş Türkiyə dronlarında ABŞ texnologiyalarından istifadə edilib-edilmədiyinin araşdırılmasını rica edilir.

ABŞ Müdafiə Nazirliyinin xarici maliyyə əməliyyatlarını tənzimləyən NDAA qanununun sentyabrın 23-də Nümayəndələr Palatasından keçmiş son variantında Azərbaycanla bağlı bir neçə başqa əlavə də nəzərdə tutulub.

Respublikaçı konqresmen Deyvid Valadaonun əlavəsi Dağlıq Qarabağa humanitar yardımları nəzərdə tutur.

Bu qanuna əlavə təklifində dövlət katibindən Dağlıq Qarabağa yardımlarla bağlı hesabat verməsi tələb olunur.

Azərbaycanın adı çəkilməsə də

Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlunun dediyinə görə bəzi erməni medialarının yazdığına rəğmən, əlavədə "Artsax" və yaxud "Dağlıq Qarabağ Respublikası" kimi söz və ifadələrin işlədilməməsi diqqət çəkir, hərçənd ki, orijinal mətndə və eləcə də sənəd müəlliflərinin əvvəlki çıxışlarında bu kimi ifadələrə rast gəlmək mümkün idi.

Nümayəndələr Palatası sentyabrın 23-də demokrat konqresmen Frenk Palloneninin də qanuna əlavə təklifini qəbul edib.

Bu təklifdə ABŞ müdafiə nazirindən ABŞ hərbi yardımının ayrılması zamanı qanun və insan haqları pozuntusuna yol verilib-verilmədiyi barədə hesabat istənir.

Müzakirələr zamanı Azərbaycana 2016-cı ildən bəri ABŞ-dan 120 milyon dollarlıq hərbi yardım verildiyi xatırladılıb.

Ələkbər Raufoğlu deyir ki, əlavədə Azərbaycanın adı birbaşa çəkilməsə də, insan haqları pozucusu olan ölkələrə qarşı yardımların hesabatı tələb edilir və bu yardımların insan haqları hesabatları ilə uzlaşdırılması ehtiva olunur.

Təklifdə olanlar və olmayanlar

Debatı izləyən Raufoğlu qeyd edir ki, buna baxmayaraq, Pallone səsvermədən sonra yaydığı bəyanatında bu kontekstdə Azərbaycanın və prezident Əliyevin adını çəkib:

“Bununla yanaşı, qanunda Magnitsky Aktının gücləndirilməsi və eləcə də qlobal kleptokratiyaya qarşı ABŞ tarixində ən kəskin mübarizə metodlarını ehtiva edən əlavələr də səsverməyə çıxarılaraq qəbul olunub”.

Jurnalist diqqəti belə bir məqama çəkir ki, təklif müəllifləri Qarabağ ərazisinin hər hansı statusa malik olması təsəvvürünü yarada biləcək ifadələr işlətməyiblər:

“Burada söhbət ərazidə həyata keçiriləcək yenidənqurma layihələrində və bölgədə həyat şəraitinin yaxşılaşdırılmasında, eləcə də, humanitar yardımlarla bağlı ABŞ-ın mümkün iştirakından gedir”.

Beləliklə, Qanun sentyabrın 23-də bütövlükdə Nümayəndələr Palatasından keçib.

Bundan sonra qanuna ABŞ Senatında baxılmalıdır. Senatdan keçən son variant imzalanma üçün prezidentə təqdim olunmalıdır.

Bu proses adətən bir neçə ay davam edə bilər.

XS
SM
MD
LG