Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:38

Gələn il vaksinlərə dəyişiklik gərəkə bilər


Almaniya Kansleri Angela Merkel (solda) və Uğur Şahin
Almaniya Kansleri Angela Merkel (solda) və Uğur Şahin

“Virus qalacaq və daha da adaptasiya edəcək"

Almaniyanın BioNTech şirkətinin icraedici rəhbəri deyir ki, 2022-ci ilin ortasınadək virusun gələcək mutasiyalarından qorunmaq üçün yeni formula gərəkə bilər. BioNTech ABŞ-ın Pfizer şirkəti ilə birlikdə COVID-19-a qarşı ilk vaksini hazırlayıb.

Uğur Şahinin oktyabrın 3-də “Financial Times” qəzetinə bildirdiyinə görə, virus mutasiyaları zamanla bədənin immun reaksiyalarını azaldacaq.

Bu il yeni vaksinə ehtiyac yoxdur, “gələn ilin ortasına fərqli vəziyyət yarana bilər”, – o vurğulayıb.

“Təkamül təzə başlayıb”

Şahinin sözlərinə görə, hazırda dünyada tüğyan edən delta ştammı daha yoluxucudur, amma mövcud vaksinlərin effektini azaldacaq dərəcədə fərqli deyil. O, buster dozaların immunitetin saxlanmasına kömək edəcəyini söyləyib.

Şirkət başçısı deyir ki, virus mutasiya etdikcə vaksinlərin effekti azala bilər.

“Virus qalacaq və daha da adaptasiya edəcək. Virusun gələcək nəslinin immun sistemi tərəfindən indikindən daha rahat idarə olunacağını deməyə heç bir səbəb yoxdur. Bu, davamlı təkamüldür və təkamül təzə başlayıb”, – Şahin bildirib.

BioNTech-Pfizer vaksini yeni mRNA texnologiyasından istifadə edib. Şahin daha öncə deyirdi ki, bu texnologiya virusun yeni variantlarına qarşı sürətlə dəyişdirilə bilər.

Buster dozalar

Bu arada bəzi ölkələr yaşlılar, risk qrupunda olanlar üçün buster kampaniyalarına başlayıb. COVID-19 vaksinlərinin vaxt keçdikcə, yaxud delta ştammına görə effektini müəyyən qədər itirməsi sarıdan narahatlıq var.

İsrail ölkə boyunca buster kampaniyasına start verən ilk ölkə olub. Hakimiyyət oktyabrın 3-də bəyan edib ki, restoranlara, idman zallarına, xeyli sayda digər qapalı məkanlara giriş üçün buster dozanın vurulması tələbi qoyulacaq. İndiyədək iki dozanın vurulması yetərli idi.

Artıq İsrail əhalisinin 37 faizinə buster dozanın vurulduğu bildirilir.

EMA qərar verəcək

Avropa Birliyinin dərmanlar üzrə tənzimləyici orqanı oktyabrın 4-də BioNTech/Pfizer vaksininin buster dozasıyla bağlı qərarını açıqlamalıdır.

Avropa Tibb Agentliyi (EMA) buster dozanı təsdiqləsə, blokun 27 üzvü Birləşmiş Ştatlar, Britaniya və İsrailin sırasına qatılacaq.

Artıq AB-nin 12-dən çox ölkəsində rəsmi dəstək olmadan busterlər vurulur. İtaliya, Fransa, Almaniya, İrlandiya bu ölkələrdəndir.

Digərləri isə EMA-nın təsdiqini gözləyir, daha sonra öz qaydalarını müəyyən edəcəklər.

AB əhalisinin cəmi 61 faizi tam peyvəndlənib.

XS
SM
MD
LG