Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:21

Türkiyə Talibanı tanımayacaq


Əmir Xan Muttaki
Əmir Xan Muttaki

Oktyabrın 14-də yerli hökumət Kunar əyalətinin Əsədabad şəhərində Talibanın Abdullah İrfan adlı bir polis rəisinin öldürüldüyünü, 11 nəfərinsə yaralandığını bildirib

Türkiyə Əfqanıstandakı humanitar böhranı yoluna qoymaqda Talibana kömək göstərməyə hazır olduğunu, ancaq Talibanı rəsmən tanımayacağını bəyan edib.

Xarici işlər naziri Mevlut Çavuşoğlu oktyabrın 14-də Əfqanıstanda Talibanın başçılıq etdiyi hökumətin xarici işlər naziri Əmir Xan Muttaki ilə görüşündə bu açıqlamanı verib.

Çavuşoğlunun sözlərinə görə, Talibanla danışıq aparmaq bu islamçı qruplaşmanı ölkənin legitim hökuməti kimi tanımaq anlamına gəlmir.

“Əfqanıstan hökuməti iflas etməməlidir. Buna görə də maaşların verilməsindən ötrü Əfqanıstanın xaricdəki aktivlərini donduran ölkələr daha çevik davranmalıdırlar”, – Çavuşoğlu vurğulayıb.

***

Əfqanıstanın Xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttakinin rəhbərliyi ilə Taliban nümayəndə heyəti oktyabrın 14-də Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlu ilə görüşmək üçün həmin ölkəyə gedib.

Sözçü Əbdül Qahar Bəlxi Tvitterdə Muttaki və digər nazirlərin Ankarada yardım, miqrasiya, nəqliyyat və ticarət məsələlərini müzakirə edəcəklərini bildirib.

Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Qərb dövlətləri Kabildəki səfirliklərini bağlasa da NATO üzvü Türkiyə öz səfirliyini açıq saxlayıb. Ankara Qətərlə birlikdə Kabil hava limanının işlədilməsi və beynəlxalq səyahət üçün yenidən açılması istiqamətində çalışır.

Ərdoğanın çağırışı

Qarşıdan qış gəlir. Əfqanıstanın iqtisadiyyatı acınacaqlı durumdadır. Ərzaq qiymətləri və işsizlik sürətlə artır.

Taliban rəhbərləri Ankaradan əvvəl, bu həftə Qətərin paytaxtı Dohada ABŞ, Avropa dövlətləri və Avropa Birliyinin nümayəndələri ilə silsilə görüşlər keçiriblər.

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Böyük İyirmiliyin (G20) virtual görüşündə deyib ki, beynəlxalq ictimaiyyət Talibanı daha inklüziv hökumət qurmağa “səbrlə və tədricən yönəltmək” üçün onlarla dialoq kanallarını açıq saxlamalıdır.

Erdoğan bildirib ki, artıq 3,6 milyon suriyalını yerləşdirmiş Türkiyə Əfqanıstandan gələn miqrant axınına dözə bilməz. O deyib ki, Avropa ölkələri də bu yeni miqrant axınının təsirinə məruz qalacaqlar.

Talibanın polis rəisi öldürülüb

Oktyabrın 14-də yerli hökumət Kunar əyalətinin Əsədabad şəhərində Talibanın Abdullah İrfan adlı bir polis rəisinin öldürüldüyünü, 11 nəfərinsə yaralandığını bildirib. Yerli Taliban rəsmiləri insidentin detallarını açıqlamayıblar. Həkimlər yaralananlar arasında 7 mülki şəxsin, o cümlədən bir məktəbli oğlanın olduğunu deyirlər.

Polis rəisinin qətli ilə nəticələnən bomba hücumuna görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Ancaq ölkənin şərqində fəal olan “İslam Dövləti – Xorasan” terror qrupu daha əvvəl Talibana qarşı bir neçə hücuma görə məsuliyyəti götürmüşdü. Ötən həftə Qunduz vilayətində şiə məscidində ibadət edən insanlara intiharçı hücumunu da bu qrup öz üzərinə götürüb. Hücum 100 nəfərin ölümü ilə nəticələnmişdi.

“İslam Dövləti – Xorasan” 2014-cü ildə Əfqanıstanda yaranıb.

XS
SM
MD
LG