Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

Ukrayna ‘Bayraktar zavodu’ tikəcək?


Ukraynada Müstəqillik Günü paradında nümayiş etdirilən Bayraktar TB2 dronu
Ukraynada Müstəqillik Günü paradında nümayiş etdirilən Bayraktar TB2 dronu

Ukrayna Bayraktar zərbə dronlarının alınması üçün Türkiyə ilə müqaviləni 2019-cu ilin əvvəllərində imzalayıb

Ukrayna Bayraktar zərbə-kəşfiyyat PUA sistemlərinin istehsalı üçün zavod tikməyi planlaşdırır.

Bu barədə məlumatı AzadlıqRadiosuna Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar verib.

Bondar müsahibəsində deyib ki, hazırda zavodun, anqar mərkəzinin və dron təmiri sexlərinin tikintisi üçün torpaq ayrılması üzərində iş gedir.

"Məndə olan məlumata görə söhbət pilotsuz uçan aparatların sıfırdan başlamaqla tammiqyaslı istehsalından gedir. Burada istehsal ediləcək PUA-lardan həm Ukrayna silahlı qüvvələri istifadə edəcək, həm də dronlar üçüncü ölkələrə satılacaq”.

Səfir sözü gedən tikintinin vaxtı barədə detallı məlumat verməyib.

Vasili Bondar deyib ki, Türkiyənin Bayraktar TB2 dronları bir çox ölkələri, məsələn son günlərdə Qırğızıstanı maraqlandırıb.

Səfir bildirib ki, sifarişlərin çoxluğuna görə Türkiyənin istehsal gücündən istifadə məhduddur və buna görə də Bayrakrtar dronlarının yerlərdə istehsalı daha sərfəli görünür.

Ukrayna Bayraktar zərbə dronlarının alınması üçün Türkiyə ilə müqaviləni 2019-cu ilin əvvəllərində imzalayıb.

Dörd raketlə yüklənmiş bu dronlar havada 12-24 saat müddətində qala bilir.

Bayraktarın yüksək dəqiqlikli raketləri hədəfi səkkiz kilometr radiusunda vurmaq qabiliyyətinə malikdir.

Oktyabrın sonlarında Ukrayna Bayraktar dronu ilə rusiyayönlü separatçıların Qranitnoe kəndi yaxınlığındakı artilleriya mövqelərinə zərbə endirdiyini bildirmişdi.

Kiyev deyirdi ki, Ukrayna mövqeləri məhz həmin ərazidən atəşə tutulurdu.

Ukraynanın Bayraktar dronlarından istifadə etməsindən Fransa və Almaniya narahatlıq bildirmişdilər.

Almaniya XİN demişdi ki, razılaşmaya əsasən münaqişə zonasında yalnız ATƏT-ə məxsus müşahidə PUA-ları uça bilər.

Ukraynanın Bayraktar dronundan istifadəsinə Moskva da sərt reaksiya vermişdi.

Ekspert rəyi

Rusiyalı hərbi ekspert Nikolay Beleskov Current Time saytına müsahibəsində deyib ki, Moskvanın da, onun Donbasda dəstəklədiyi separatçı qüvvələrin də narahatlıq üçün əsasları var:

“Əlbəttə bu onların xoşuma gəlməyəcək. Belə hücumlara cavab vermək Rusiya Federasiyasının ciddi müdaxiləsi olmadan mümkün deyil. Yəni artıq müəyyən bir proses işlənib hazırlanıb. İki ordu korpusu var. Onlara müvafiq komplekt qüvvələr – tanklar, artilleriya, zirehli döyüş maşınları daxil edilib. Amma deyək ki, Ukraynanın Bayraktar dronlarından istifadəsinə cavab vermək üçün Rusiyanın məsələyə ciddi şəkildə qarışması lazım gələcək. Əlbəttə bu, xoşagələn deyil, çünki risklər yaradır. Bayraktarlara cavab vermək üçün Radioelektron Mübarizə (REM) və Hava Hücumundan Müdafiə sistemlərindən birgə istifadə etmək lazım gələcək. Bu isə öz yerini nişan vermək deməkdir. Halbuki Rusiya “biz orada yoxuq” deyir”.

Ekspert Qarabağda ötənilki 44 günlük müharibəni misal gətirib:

“Dəqiq zərbə endirən Bayraktar dronlarını izləmək və məhv etmək çox mürəkkəbdir. Bu dronlar ən böyük təhlükəni ön cəbhədəki qüvvələr üçün yaradırdılar. Belə bir vəziyyət Azərbaycan tərəfinə çox kömək edir, əksinə Ermənistan tərəfinin müdafiəni effektiv təşkil etməsinə mənfi təsir göstərirdi”.

Ekspert bildirib ki, Ukraynanın belə dronlardan istifadəsi ön cəbhədə olan Rusiya qüvvələri üçün problem yarada bilər.

Ukrayna deyir ki, Rusiya sərhəd bölgəsinə 90 minlik qoşun yığıb
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bu arada Ukrayna Müdafiə Nazirliyi bildirir ki, Ukrayna sərhədi boyunca və Donbasda moskvayönlü separatçıların nəzarəti altında olan ərazilərdə Rusiya hərbçilərinin sayı 90 minə çatıb.

Nazirlik vurğulayır ki, böyük manevrlərdən sonra konkret olaraq Rusiya 41-ci ordusunun birləşmələri Ukraynanın şimal sərhədinin 260 kilometrliyində olan Yelnya şəhərində saxlanıb.

Müdafiə Nazirliyinin bəyantında deyilir:

"Qeyd olunmalıdır ki, Rusiya Federasiyası regiondakı gərginliyi saxlamaq və qonşu ölkələrə təzyiq göstərmək üçün mütəmadi olaraq ordu hissələrinin yerdəyişmə və cəmləşdirilməsini həyata keçirir”.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya öz ərazisində zəruri bildiyi yerlərdə qoşun saxlayır.

XS
SM
MD
LG