Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Rusiyadan Ukraynaya ‘üçqat təhdid’


Siyasi karikatura
Siyasi karikatura

Moskvanın kömür nəqlini və elektrik hərracını təxirə salması təsadüfi deyil, məqsəd qiyməti qaldırmaqdır

Rusiya Avropaya təbii qazı Ukraynadan yan keçməklə nəql etməyə hazırlaşdığı bir vaxtda bu ölkəyə buxar kömürünün nəqlini də dayandırıb, qonşusuna elektrik satışına da fasilə verib. AzadlıqRadiosu-nun müxbirləri Yevgen Solonina və Tod Prins bu addımların Ukraynaya üçqat təhdid yaratmasından yazırlar.

Tənqidçilər aylardır Rusiyanı Avropaya Ukrayna ərazisindən əlavə təbii qaz göndərişlərini yubatmaqla Qara Dənizdən keçən Şimal axını-2 kəmərini sürətləndirməsi üçün Brüsselə təzyiq göstərməkdə suçlayırlar.

Ukraynaya ixrac dayandı, amma...

Yekun mərhələdə təsdiqlənəndən sonra bu kəmər Almaniyaya qaz nəql edəcək, Ukrayna isə ildə milyardlarla dollarlıq tranzit haqqından məhrum olacaq.

Bu arada Avropada enerji böhranı təbii qazın qiymətini rekord həddə qaldırıb. Ukrayna kimi qaz istehlakının üçdə birini idxal edən ölkələr çətinliklə üzləşiblər.

Rusiya oktyabrın 29-da elan etdi ki, noyabrın 1-dən Ukraynaya qızdırmaq məqsədilə işlədilən daha təmiz kömür – antrasit göndərilməsini müvəqqəti dayandırır. İqtisadiyyat Nazirliyi bunu daxili istehlakla izah elədi. Amma bu arada Moskva həmin məhsulun Avropanın digər ölkələrinə, Asiyaya ixracını gücləndirib.

Ukraynanın özünün kömür ehtiyatı azalır, qızmar yayda tələb gözləndiyindən daha artıq, daxili istehsal isə həmişəkindən daha az olub.

Ukrayna ərazisində istehsal olunan kömür

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edəndən ikitərəfli münasibətlər pisləşib. Moskva Ukraynanın şərqindəki separatçıları dəstəkləyir, bu münaqişədə 13 mindən çox insan həlak olub.

Elə Ukraynanın kömür mədənlərindən çoxu hazırda separatçıların əlində olan ərazilərdə yerləşir. Başqa sözlə, Ukraynanın Rusiyadan aldığı kömür, ola bilsin, elə Ukraynada istehsal olunur.

Ukrayna hazırda Birləşmiş Ştatlar, Qazaxıstan, Polşa və Cənubi Afrikadan daha çox kömür almağa çalışır. Kömür də bahalandığından, ölkə iqtisadiyyatına təzyiq artır.

Kömür qıtlığıyla üzləşən Ukrayna oktyabrda elan etdi ki, Rusiyadan və qonşu Belarusdan elektrik idxalına qadağanı qaldıracaq. Amma Rusiya oktyabrın 21-nə planlaşdırılmış enerji hərracını təxirə saldı, Belarus da sonuncu hərracı keçirməyib.

Ukrayna deyir ki, Rusiya sərhəd bölgəsinə 90 minlik qoşun yığıb
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Təzyiq

Geosiyasi baxımdan Qərbə meyllənən Ukrayna elektrik sisteminin Avropa şəbəkəsi ilə sinxronizasiyasını 2023-cü ildə tamamlamalıdır. İndiliksə o, Rusiya və Belarusun şəbəkələrinə qoşuludur.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı öz orbitində saxlamağa çalışır, onun Avropa Birliyinə, özəlliklə NATO-ya inteqrasiyasına qarşı çıxır. Təhlilçilərin fikrincə, Rusiya özünün nəhəng enerji resurslarından Kiyevə təzyiq üçün istifadə edir.

Keçmiş rusiyalı deputat, hazırda Kiyevdə enerji və mədən şirkətinin rəhbəri olan İlya Ponomaryov düşünür ki, Moskvanın kömür nəqlini və elektrik hərracını təxirə salması təsadüfi deyil, məqsəd qiyməti qaldırmaqdır.

“Moskvada kimsə inanır ki, Ukrayna bu qış enerji təchizatında ciddi çətinliklə üzləşəcək. Rusiya Ukrayna hökumətinə əlavə təzyiq göstərir”, – Ponomaryov AzadlıqRadiosu-na (RFE/RL) deyib.

Həssas məsələ

Elektrik tarifləri Ukraynada çox həssas siyasi məsələdir. Ölkə əhalisinin böyük hissəsi çətinlik içindədir. Ölkə prezidentləri evlərə elektrik tarifini bəzən maya dəyərindən aşağı satlamaqla populyarlıqlarını saxlayırlar.

Prezident Volodimir Zelenskinin reytinqi də 2019-cu ilin aprelində hakimiyyətə gələndən bəri kəskin düşüb. Hökumət elektrik bazarına sərt nəzarət edir. Bu isə sözügedən sənayeni daha artıq borclandırır.

Hökumətsə günahı başqa yerdə axtarır. Milli Təhlükəsizlik və Müdafiə katibi Oleksey Danilov bu günlərdə dövlətin enerji təhlükəsizliyi planlarının “oliqarx dairələr” tərəfindən mümkün “sabotajı”na eyham vurub.

XS
SM
MD
LG