Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:38

'İnflyasiyanı da idxal etmiş oluruq'


DSK: Təkcə son bir ayda ərzaq 2.8 faiz bahalaşıb
DSK: Təkcə son bir ayda ərzaq 2.8 faiz bahalaşıb

Bu günlər Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov bahalaşma məsələsinə də toxunub. O bildirib ki, heç bir ərzaq məhsulunun rüsumunda artım yoxdur. "Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur", - deyə o vurğulayıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5.7 faiz bahalaşıb. Təkcə son bir ayda da ərzağın 2.8 faiz bahalaşdığı qeyd edilib.

Maliyyə Nazirliyindən "Turan"a bildirilib ki, dünya bazarlarında qiymət artımı müşahidə edilir: "Azərbaycana bəzi məhsullar xaricdən idxal olunur və həmin malların qiymətinə hökumət heç bir formada təsir edə bilmir".

V.Bayramov
V.Bayramov

"Qiymət artımı qaçılmazdır"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da agentliyə deyib ki, koronavirus pandemiyası səbəbindən dünyanın aparıcı şirkətləri itirdikləri vəsaitlərini kompensasiya etmək üçün qiymətləri artırıblar: "Azərbaycanda istehlak olunan malların 65 faizi digər ölkələrdən idxal olunur. Bu səbəbdən də qiymət artımı qaçılmazdır".

Deputat qeyd edib ki, son aylarda müşahidə olunan qiymət artımı inflyasiya səviyyəsinə də təsir göstərir: "İllik inflyasiya səviyyəsi proqnozlaşdırılandan daha yüksəkdir".

Onun sözlərinə görə, bəzi işbazlar də qiymət artımının psixoloji təsirindən istifadə edib daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə qaldırırlar.

"Qiymət artımının bir neçə faktoru var"

İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, ərzağın bahalaşması istiqamətində rol oynayan rüsumların qaldırılması baş verməsə də, ona təzyiqləri neytrallaşdıra biləcək azalmalara gedilmir.

R.Həsənov
R.Həsənov

Ekspert bildirib ki, hazırda qiymət artımının bir neçə faktoru var: "Onlardan birincisi koronavirus pandemiyasıdır və onun nəticəsində istehsal prosesində fasilələrin yaranması, dolayısı ilə də bazarda təklifinin azalmasıdır".

Onun sözlərinə görə, ikinci səbəb nəqliyyat xərclərinin artması, xüsusilə də qonşu ölkələr arasında fərdi ticarət dövriyyəsinin kiçilməsidir: "Azərbaycan aspektindən baxsaq, görərik ki, şimal, cənub və qərb sərhədləri boyunca nə qədər insan özlərini gündəlik tələbat məhsulları ilə təmin etmək üçün sərhədi keçirdilər. Amma indi o imkanlar yoxdur və nəticədə də nəqliyyat xidmətlərinin qiymətləri artıb. Bu da maya dəyərinə təsir göstərir".

İqtisadçı deyir ki, üçüncü səbəb isə 2021-ci ildə müşahidə edilən quraqlıqdır: "Bu, dünya bazarlarında ərzağın bahalaşmasına gətirib çıxarıb".

"Oyunçuların sayı azdır"

R.Həsənov Azərbaycanın bir çox istiqamətlərdə idxaldan asılılığına diqqət çəkir: "Ona görə də biz müvafiq inflyasiyanı rahat şəkildə bazarımıza idxal etmiş oluruq".

O vurğulayıb ki, Azərbaycanda bazar o qədər də liberal deyil: "Oyunçuların sayı azdır. Baxmayaraq ki, hazırda istehlak qabiliyyəti aşağıdır və qiymət artımı üzərində təzyiq var, liberal bazarlara nisbətən Azərbaycanda bazar iştirakçıları daha rahat şəkildə qiymət artımı siyasətini həyata keçirə bilirlər".

N.Cəfərli
N.Cəfərli

"Məmur biznesi və məntiqsiz gömrük siyasəti…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna xatırladıb ki, kommunal sahələrdə rüsumlar dəyişdirilib və bu dolayı yolla ərzaq qiymətlərinə də təsir göstərib: "Su, qaz, elektrik enerjisinin, dizel yanacağın tariflərinin qalxması ərzaq istehsalında maya dəyərini yüksəldən faktora çevrildi".

O qeyd edib ki, dünyada ərzaq indeksinin 10 faizdən yuxarı bahalaşdığı görünür: "Amma Azərbaycanda olan xroniki problemlər həmişə daha böyük rol alıb, nəinki xarici səbəblər. Azərbaycanda illərdir qiymət artımına təsir göstərən faktor rəqabətsizlik mühiti, məmur biznesi və məntiqsiz gömrük siyasətidir".

XS
SM
MD
LG