Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:01

Blogerin sevgilisi nifrət qızışdırmaqda suçlanır


​Raman Prataseviç və Sofiya Sapeqa Minskdə gəzərkən, iyun, 2021-ci il
​Raman Prataseviç və Sofiya Sapeqa Minskdə gəzərkən, iyun, 2021-ci il

Sapeqa təqsirli bilinsə, altı ilədək həbsə məhkum edilə bilər

Belarusda Rusiya vətəndaşı Sofiya Sapeqaya ittiham irəli sürülüb. O, ölkənin avtoritar lideri Alyaksandr Lukaşenkanın göstərişi ilə Minskə endirilmiş təyyarədə müxalifət blogeri, sevgilisi Raman Prataseviçlə birlikdə saxlanmışdı.

Sapeqa Telegram kanalını idarə etdiyinə görə “nifrət qızışdırmaqda” ittiham edilir. Həmin kanalda ölkədə müxalifət hərəkatına, vətəndaş cəmiyyəti və müstəqil mediaya divan tutmuş təhlükəsiz qüvvələrinin şəxsi datası dərc olunmuşdu. Xəbəri dekabrın 5-də BBC-nin Rusiya xidməti yayıb.

Prataseviç 15 ilədək həbs oluna bilər

Sapeqa təqsirli bilinsə, altı ilədək həbsə məhkum edilə bilər.

O, həyatının çox hissəsini Belarusda yaşamış rusiyalı, Prataseviç isə belarusludur. Hər ikisi mayın 23-də saxlanıb. O zaman Belarus qırıcısı Minsk üzərindən uçan Ryanair təyyarəsini enməyə məcbur etmişdi. Bir çox ölkələr bunu “dövlətin təyyarə qaçırması” adlandırıb.

Təyyarə endiriləndən sonra bu iki şəxs saxlanıb. Onlar Afinadan Litvanın paytaxtı Vilnüsə gedirdilər. Sonradan ev dustağı ediliblər.

Prataseviç ötən ilin avqustunda mübahisəli prezident seçkisindən sonrakı iğtişaşların arxasında durmaqda suçlanır. Bu ittihamda 15 ilədək həbs nəzərdə tutulub.

O, Nexta-Live Telegram kanalının əsas administratoru olub. Bu kanal seçkinin rəsmi nəticələrinə kütləvi etirazları işıqlandırıb. Etirazlar Lukaşenkanın altıncı müddətə prezident elan edilməsinə qarşı keçirilirdi.

Videoetiraf

Sapeqanın nədə ittiham edildiyi isə bəlli deyildi. O, Vilnüsdə magistr təhsili alırdı.

Belarus hakimiyyətinin yaydığı videoda Sapeqa Belarusun Qara Kitabı adlı Telegram kanalının redaktoru olduğunu deyir. Həmin kanalda təhlükəsizlik əməkdaşlarının şəxsi informasiyası dərc olunur.

Belarus bu kanalı ekstremist elan edib.

Tənqidçilərsə Sapeqanın təzyiq altında açıqlama verdiyini deyirlər.

Lukaşenka rejimi eirazları zorakılıqla yatırdandan sonra beynəlxalq təzyiqlə üzləşib.

Müxalifət seçkinin saxtalaşdırıldığını deyir. AB, Birləşmiş Ştatlar və digər ölkələr rəsmi nəticəni, Lukaşenkanı prezident kimi tanımaqdan imtina edib.

ABŞ, Avropa Birliyi, Britaniya və Kanada indiyədək Belarusa bir neçə dəfə koordinasiyalı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG