Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:49

113 günə çatdırılma – Qərb mediası


Los Ancelesdə növbə gözləyən konteynerlər, arxiv fotosu
Los Ancelesdə növbə gözləyən konteynerlər, arxiv fotosu

Təchizat zəncirindən gözləntilər nikbin deyil

Amerikalı sənayeçilər Çinin yürütdüyü “kovidin sıfırlanması” siyasətinin bu il dünyanın təchizat zəncirində problemləri artıracağından narahatdırlar.

Hazırda Çində azı 20 milyon nəfər, ümumi əhalinin 1.5 faizə qədəri lokdaun rejimində yaşayır.

“The New York Times” qəzeti yazır ki, qlobal emal sənayesinin üçdə birinin yerləşdiyi Çində belə bir durum təchizat zəncirində növbəti potensial kəsintiyə səbəb ola bilər. Onsuz da şirkətlər problemlərlə dolu dönəmdən keçirlər. Xammal bahalanır, çatdırılma müddətləri uzanır, üstəlik, şirkətlər işçi çatışmazlığı ilə üz-üzədirlər.

Koronavirus iki il öncə Çinin mərkəzindəki Vuhan şəhərində aşkarlanıb. O vaxtdan Çin sərt lokdaunlar, kontaktların izlənməsi, karantinlərlə virusun yayılmasını önləyə bilib. Di gəl, yüksək yoluxucu omikron ştammı Pekin Qış Olimpiya oyunları öncəsi Çini sınağa çəkir.

“Liman şəhərlərini bağlamağa başlasalar...”

Çinin ən böyük liman şəhərləri olan Şanxay, Dalian, Tianjin və Şenjen omikrona az sayda yoluxmaları nəzarətdə saxlamaq üçün məhdud lokdaunlar tətbiq ediblər. Qəzet ötən həftəsonu bu şəhərlərdə limanların bağlanmadığını yazır. Amma Volkswagen və Toyota ötən həftə elan elədilər ki, lokdaunlar səbəbindən Tianjində əməliyyatları müvəqqəti dayandırırlar.

Təhlilçilər Çinin olimpiya oyunları öncəsi yoluxmaları sıfırlamaq cəhdinin məhsul axınında fasilə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Çində lokdaunların genişlənməsinin təchizat zəncirinə təsiri birbaşa Birləşmiş Ştatlarda hiss oluna, bu isə istehlakçı etimadını sarsıda, son 40 ilin ən yüksək həddinə çatmış inflyasiyanı artıra bilər, məqalədə deyilir.

“Çinlilərin bunun öhdəsindən gələ bilməsi, məncə, çox vacib məsələdir. Əgər onlar liman şəhərlərini bağlamağa başlasalar, təchizat zəncirində əlavə pozuntular ortaya çıxacaq”, – ABŞ-Çin Biznes Şurasının prezidenti Kreyq Allen deyib.

Qəzet Amerikanın yükdaşıma şirkətləri və anbarlarında işçi çatışmazlığı olduğunu yazır. Pis hava şəraiti isə supermarketlərdə rəflərin boşalması ilə nəticələnir. Çinin zavodlarından Birləşmiş Ştatların Qərb sahilinə çatdırılma yanvarın əvvəlində rekord 113 günə gerçəkləşib. 2019-cu ilin əvvəlində yüklər 50 gündən də az müddətə çatdırılırdı.

İnflyasiya nə vaxt azalacaq

“The Washington Post” qəzeti isə yazır ki, Ağ ev təchizat zəncirində problemlərin keçmişdə qaldığını bildirir.

Amma Çindən ABŞ-ın Qərb Sahilinə bir standart metal konteynerin göndərilməsi hazırda bir il öncəylə müqayisədə üç dəfədən də baha başa gəlir və ilin birinci yarısında da yüksək həddə qalacaq.

“Vəziyyət getdikcə pisləşir. İndiki mərhələdə təhlükənin bitdiyini demək üçün tezdir”, – Flexport şirkətinin baş iqtisadçısı Fil Levi deyib.

Qəzet Çində omikron ştammının normal karqo əməliyyatlarında fasiləyə səbəb olması riskinin qaldığını yazır. Həm də ölkə 1 fevral ərəfəsində ənənəvi Yeni ilə hazırlaşır.

Təchizat məsələləri Federal Ehtiyatlar Sisteminin (Fed) inflyasiyanı azaltmaq ümidlərinə də təsir göstərə bilər. Fed-in inflyasiya ilə əsas mübarizə vasitəsi yüksək faiz dərəcələridir. Amma qəzet bu alətin sənayeçilərin əziyyət çəkdiyi yarımkeçiricilər qıtlığına dərman olmayacağını, limanlarda əməyin dinc nizamını təmin etməyəcəyini yazır.

Ağ ev və Fed iqtisadçıları indiki 7 faizlik inflyasiya həddinin ilin sonuna, təchizata təzyiqlər səngidikcə kəskin azalacağını gözləyirlər.

Bu arada administrasiya malların böyük limanlardan sürətli keçidində “çox ciddi proqres” əldə olunduğunu bildirir. Milli İqtisadi Şuranın direktoru Brayan Diis ötən həftə jurnalistlərə deyib ki, konteynerlərin Los Anceles və Savanna kimi yerlərdə gözləmə vaxtında 40 faizlik azalma var.

“Normal həyat”a qayıdış

Pandemiya ilə bağlı xoş xəbər də var. Pfizer şirkətinin rəhbəri Covid dalğaları müalicə ilə dəf olunduqca “normal həyat”a qayıdışın baş verəcəyini bildirib.

Albert Burla Fransanın “Le Figaro” qəzetinə müsahibəsində omikron ştammının pandemiyanın sonunu gətirəcəyini bilmədiyini etiraf edib.

Amma o deyib ki, “testlər, vaksinlər, Pfizer-in Paxlovid həbi kimi yeni müalicə üsulları sayəsində yazadək normal həyata qayıda biləcəyik”. Sözügedən həbin yoluxmadan dərhal sonra qəbulunun xəstəliyin ağırlaşmasını önlədiyi bildirilir.

Burla BFM TV-yə müsahibəsində isə “çoxsaylı qadağalara səbəb olan bu dalğanın sonuncu olacağını”, Paxlovid-in “vəziyyəti dəyişdirəcəyini” qeyd edib. Hazırda həb ABŞ-da istifadəyə təsdiqlənib, əlavə təsdiq prosedurlarından da keçməlidir, amma təchizat azdır.

Yanvarda dünyada Covid-19-a yoluxmalarda rekord qeydə alınmaqdadır. Həftəlik aşkarlanan 14-15 milyon yoluxma əsasən yüksək yoluxucu omikron ştammı ilə bağlıdır. Bu göstəricilər öncəki dalğalarda qeydə alınandan üç dəfəyədək çoxdur.

XS
SM
MD
LG