Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Sabiq icra başçısının işçiləri ona qarşı: 'Həftəlik rüşvət barədə hesabat soruşurdu'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

İmişlinin həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevə vəzifə cinayətləri ilə yanaşı, qanunsuz silah saxlama ittihamı da verilib. Vəkili isə deyir ki, bu ittiham əsassızdır. Çünki söhbət ov tüfəngi barıtından gedir, o da mağazada açıq şəkildə satılır.

"O barıtlar ittihama qanunsuz silah saxlama kimi daxil edilib. Halbuki, qanuni şəkildə mağazadan alınıb", – vəkil fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bildirib.

Sabiq icra başçısının tabeliyində işləmiş şəxslər onun məhkəməsində dindiriliblər. Onlar Hacıyevin əleyhinə ifadə veriblər. Deyiblər ki, icra başçısı onları qanunsuz əməllərə vadar edirdi.

"Özünə də deyirdim ki..."

İmişli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidov bildirib ki, işini itirməməkdən ötrü icra başçısının qanuni və qanunsuz olan bütün tapşırıqlarını yerinə yetirib. Onun sözlərinə görə, vətəndaşlara mənzillərin paylanması, torpaqların icarəyə verilməsi ilə bağlı icra başçısının tapşırıqları olurdu. Tapşırığa əsasən elə hallar olurdu ki, mənzil növbəsində olanlar kənarda qalır, başqa adamlara ev verilirdi.

"Başçının özünə də deyirdim ki, növbədə dayananların hüququ pozulur. Cavabı belə olurdu ki, "mən deyirəm...". Mənzillərin qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, ikiotaqlı mənzilə görə 10 min, üçotaqlıya görə 18 min manat alınırdı", – Zahidov belə deyib.

Şahidin sözlərinə görə, torpaq sahəsi ayrılması məsələsində də eyni qaydada rüşvət alınırdı.

Sabiq icra başçısının vəkilləri vəsatət qaldırıb ki, bu şahidin barəsində qanuni tədbir görülsün. Çünki, özünün də etiraf etdiyi kimi, icra başçısının qanunsuz göstərişlərini icra etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmayıb: "Bu gün də eyni vəzifədə işləyir. Deməli, dediyi əməlləri indi də davam etdirir. Özünün dediyinə görə, qanunsuzluqları icra edib. Xahiş edirəm, tədbir görülsün...".

"Əsas iş rüşvət toplamaq idi"

İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da sabiq icra başçısının əleyhinə danışıb. Deyib ki, Hacıyev ondan həftəlik hesabatlar tələb edirdi. Bu hesabatlar da görülən işlər haqda yox, alınıb mühasibatlığa verilən rüşvətin məbləği barədə olurdu.

Rəsulovun sözlərinə görə, əsasən, həyətyanı sahəsində ticarət obyekti tikmək istəyən şəxslər icra hakimiyyətinə müraciət edir, bundan ötrü o adamlardan rüşvət alınırdı. İcra başçısının ona həm qanuni, həm də qanunsuz göstərişlər verdiyini deyən şöbə müdiri etiraf edib ki, doğru iş görmədiyinin fərqində olsa da, buna məcbur idi.

"Fikrimi bildirəndə Vilyam Hacıyev deyirdi ki, cavabdeh sən deyilsən, işləyirsən, işlə, işləmirsən, işləmə. Yəni əsas iş rüşvət toplamaq idi. İşimi itirmək qorxusuna görə işləyirdim", - Rəsulovun sözləridir.

"Mən də alırdım, mühasib də alırdı"

İki ali təhsili və 1996-cı ildən iş təcrübəsi olduğunu deyən şahidin dindirməsindən o da məlum olub ki, icra hakimiyyətində alınan rüşvət mühasibatlıqda toplanılırdı: "Mən də alırdım, mühasib də alırdı. Amma son nəticədə mühasibatlıqda toplanırdı".

Vəkillər şahiddən soruşub ki, iki ali təhsil, 25 ilə yaxın iş təcrübəsi ilə qanunsuz göstərişlərə razılaşıb başqa iş axtarmamasının səbəbi nə olub? Amma hakimlər vəkilin bu sualını çıxararaq şahidi buna cavab verməyə qoymayıb.

Sabiq icra başçısının işi üzrə məhkəmə araşdırmaları fevralın 7-də davam edəcək.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub. Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.

XS
SM
MD
LG