Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:26

Yük maşını sürücüləri körpünü bağlayıb


Ottava, 8 fevral, 2022-ci il
Ottava, 8 fevral, 2022-ci il

“Azadlıq Karvanı” adını almış etiraz ilk öncə vaksin tələbinə görə başlayıb, sonradan ictimai səhiyyə tədbirlərinə qarşı daha böyük nümayişə çevrilib

Fevralın 8-də Kanadada yük maşını sürücüləri Birləşmiş Ştatlarla ən gur keçid körpüsünü bloklayıblar. Sürücülər sərhədlərarası nəqliyyat üçün COVID-19 vaksini tələbinin qaldırılmasını istəyirlər.

“Azadlıq Karvanı”

Sürücülər fevralın 7-də axşamdan Miçiqan ştatındakı Detroyt şəhərini Ontarionun Vindzor şəhəri ilə bağlayan körpüdə nəqliyyatı bloklamağa başlayıblar. Ertəsi gün səhər Kanada hökumətini vebsaytında günə 8 minədək yük maşınının keçdiyi körpünün hər iki istiqamətə bağlandığı görünüb.

Sürücülər paytaxt Ottavada da nümayişə çıxıb, maşınları şəhər mərkəzində saxlayaraq nəqliyyatın işini iflic ediblər.

“Azadlıq Karvanı” adını almış etiraz ilk öncə vaksin tələbinə görə başlayıb, sonradan ictimai səhiyyə tədbirlərinə qarşı daha böyük nümayişə çevrilib.

Baş nazir Castin Trüdo fevralın 8-də deyib ki, hökumət “elmin arxasınca getməkdə davam edəcək”. O, nümayişçilərin taktikasını pisləsə də, Liberal Partiyasındakı həmkarlarından biri hökuməti bölücü siyasətdən əl çəkməyə, pandemiya qadağalarının qaldırılması üçün aydın yol xəritəsi təqdim etməyə çağırıb.

Etirazçılara təzyiq

Ağ evin sözçüsü Jen Psaki də körpünün bağlanmasına toxunub, pozuntuların “vaksin tələbinin həyata keçirilməsinin miqyasını aşdığını” qeyd edib. O, hökumətin körpüdəki vəziyyətlə bağlı kanadalı həmkarları ilə sıx işlədiyini söyləyib.

Körpünün sahibi beynəlxalq ticarətin mümkün qədər tez bərpa olunmasına çağırıb. Etirazçılar isə dəyişiklik görənəcən orada qalacaqlarını bildiriblər.

“Biz buraya mesaj verməyə gəldik, amma mesaj getmək bilmir”, – Ottava etirazının sözçüsü Tom Marazzo jurnalistlərə deyib.

Sürücülər Ottavaya yanvarın 28-də yığışmağa başlayıblar və ilkin olaraq 3 min nəqliyyat vasitəsi vardı. Ötən həftəsonu onların sayı minə düşüb, etirazçı sayı isə 5 min olub. Ottavanın polis rəisi Piter Sloli sürücülərə “mümkün yollarla təzyiq göstəriləcəyini” deyib. Onların yanacağı müsadirə olunub. Məhkəmə isə Ottavanın mərkəzin 10 gün ərzində siqnal verilməsini qadağan edən qərar çıxarıb.

Çin, Avstraliya

COVID-19 testi müsbət çıxan yük maşınları sürücüləri Çinin əsas hissəsindən Honq Konqa göyərti apara bilməyiblər. Fevralın 8-də Honq Konqda 625 yoluxma aşkarlanıb, bu isə antirekord sayılır.

Pekində Qış Olimpiya Oyunlarına qatılan 30-dan çox atletin testi müsbət çıxdığından təcrid olunub. Təcrid edilən atletlərin çoxunun özünü yaxşı hiss etdiyi, tibbi yardıma ehtiyacı olmadığı xəbər verilir.

Hakim orqanlar COVID-19-la bağlı vəziyyətin nəzarətdə olduğunu, oyunları izləməyə tamaşaçı dəvət ediləcəyini deyirlər.

Avstraliyada yoluxmalar və xəstəxanaya qəbul azalır və hakimiyyət əhalini buster dozaları vurdurmağa çağırır. Omikron ştammı ölkədə ümumi yoluxma sayını 2.4 milyona çatdırıb ki, bu da əhalinin 10 faizi deməkdir. Təkcə son iki ayda 2.2 milyonadək yoluxma aşkarlanıb.

ABŞ-ın bəzi ştatlarında maska tələbi qaldırıla bilər. Bu isə siyasi liderlərin yoluxma sayının kəskin azaldığı yerlərdə pandemiya məhdudiyyətlərini yüngülləşdirməyə meylli olmasının əlaməti sayılır.

XS
SM
MD
LG