Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:01

Çəkdiyi filmlərə nifrət edən rejissorlar


Coel Şumaxer dəfələrlə "Batman&Robin" filminə görə üzr istəyib.
Coel Şumaxer dəfələrlə "Batman&Robin" filminə görə üzr istəyib.

Şübhəsiz ki, film çəkmək çətin işdir. Hekayəni yazıdan ekrana köçürmək milyonlarla dollara başa gələ bilər. Bu azmış kimi, həm aktyor, həm də çəkiliş heyəti bəzən illərlə bircə layihə üzərində çalışmalı olur. Bütün bunlara baxmayaraq, hələ də rejissorların öz çəkdikləri filmləri bəyənmədiyi hallara rast gəlinir.

Səbəblər

Bu halların çoxu studiyaların müdaxiləsindən qaynaqlanır. Rejissorlar sponsorları ilə aralarındakı fərqlərə görə öz işlərində dəyişiklik etməli olurlar.

Başqa bir səbəb rejissorların layihələrə sonradan və tələsik gətirilməsi olur. Buna çox vaxt sekvellərdə rast gəlinir. Bəzi hallarda isə rejissor layihəyə başlayandan 15 dəqiqə sonra ortada problemin olduğunu anlayır, ancaq yenə də davam edir.

"Independent" qəzeti çəkdiyi filmi bəyənməyən rejissorların uzun bir siyahısını hazırlayıb.

Devid O'Rassell "Accidental Love", Artur Hiller "Burn Hollywood Burn", Devid Finçer "Alien 3", Toni Key "American History X", Matyö Kassovits "Babylon AD", Dennis Hopper "Catchfire", Cerri Lüis isə "The Day the Clown Cried" filminə nifrət edirmiş.

Toni Key hətta öz filminin Toronto Beynəlxalq Film Festivalından (TIFF) geri çağırılmasına nail olub. Key filmin titrlərindən adının götürülərək müxtəlif ləqəblərlə əvəz edilməsinə çalışsa da, Amerika Rejissorlar Gildiyası buna icazə verməyib. Beləliklə, bu klassik kult filmi ilə Toni Keyin adı əbədi bağlı qalıb.

1 milyarddan çox kassa gəliri gətirsə də...

"Avengers: Age of Ultron" filmi 1 milyard dollardan çox kassa gəliri gətirib. Filmdəki personajları bir-birinə bağlamağın çətinliyi rejissor Coss Uidonu çox yorub. O, hətta film tamamlandıqdan sonra ona axıradək baxmaqdan da imtina edib. O bildirib ki, filmdə onu məyus edən çox ciddi məqamlar var.

Coel Şumaxer "Batman&Robin" filminə o qədər nifrət edirdi ki, dəfələrlə bu filmə görə üzr istəyib. Üstəlik, bu filmə çəkiliş heyətinin, demək olar, hamısı, o cümlədən Corc Kluni də nifrət edirmiş.

Devid Linç "Dune" filmini öhdəsinə götürəndə artıq "ən yaxşı film" nominasiyasında "Oskar"a layiq görülmüş "The Elephant Man"in rejissoru kimi tanınırdı. O, "Dune"u kitabı oxumadan qəbul etmişdi. Üstəlik, onu çəkmək üçün "Star Wars, Return of the Jedi" layihəsindən imtina etməli olmuşdu. Linç yekun məhsulu bəyənmir, səhvlərə görə özünü günahlandırır və filmi öhdəsinə götürdüyü üçün peşman olduğunu deyir. Eyni kitab əsasında 2021-ci ildə Deni Vilnöv daha uğurlu film çəkə bilib.

Orijinal neqativi məhv edən kim...

Perfeksionist olması ilə tanınan Stenli Kubrik kinoda debütü olan "Fear and Desire" filmindən o qədər narazı qalıb ki, 1960-cı illərdə onun filmin orijinal neqativini məhv etdiyi haqda şayiələr gəzirmiş. 1964-cü ildə Kubrik filmi "yaxşı çəkilməmiş ciddi iş" adlandırıb.

Hazırda "The Squid and the Whale", "Frances Ha" və "Marriage Story" filmləri ilə tanınan və sevilən Noa Baumbax heç də həmişə tanınmış və bəyənilən rejissor olmayıb. Baumbax özünün ikinci filmi olan "Highball"a o qədər nifrət edib ki, titrlərdə rejissorun adını dəyişərək "Erni Fasko", ssenari müəllifinin adını isə "Cessi Karter" qoyub.

"Game of Thrones" və "Sopranos" filmlərini çəkən Alan Teylorun adı "Thor: The Dark World" filmi üçün ideal səslənirdi. Ancaq həm bir çox tamaşaçılar, həm də Teylorun özü yekun məhsuldan heç razı qalmayıb. O bu filmdəki işini özünün də, başqalarının da təkrarlamasını istəmədiyi səhv adlandırıb.

XS
SM
MD
LG