Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Azərbaycanın kibercasus şəbəkəsi 'Meta'nın hesabatında


Meta bildirir ki, bu qrupun fəaliyyətinin Azərbaycan Daxili İşlər Nazirliyi ilə əlaqədə olduğu müəyyənləşdirilib

Facebook, Instagram, eləcə də WhatsApp-ın sahibi olan Meta şirkətinin 2022-ci ilin birinci rübü üçün hesabatında Azərbaycana məxsus kibercasus şəbəkəsinin aşkarlandığı və ləğv edildiyi deyilir.

Hesabatda deyilir ki, bu casus qrupunun əsas hədəfi Azərbaycanın demokrat fəalları, müxalifətçilər, jurnalistlər və hökuməti xaricdən tənqid edənlər olub.

Bu da xəbər verilir ki, kiberqrup öz fəaliyyətində 70-dək internet saytından və domenindən istifadə edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, sözü gedən kiberqrup Ermənistan saytlarını da hədəfləyib.

“Daxili İşlər Nazirliyinə bağlı...”

Qrupun bəzi saytları Rusiya və Türkiyə domenlərindən istifadə edib. Qrup haker hücumları ilə istifadəçilərin şəxsi məlumatlarını əldə edib.

Bu məlumatların əldə olunması üçün Facebook administrasiyasının nümayəndələri kimi təqdim edilən tanınmış adamların adlarından istifadə olunub.

Meta bildirir ki, bu qrupun fəaliyyətinin Azərbaycan Daxili İşlər Nazirliyi ilə əlaqədə olduğu müəyyənləşdirilib.

İki il bundan əvvəl Facebook uzun təhqiqatdan sonra Azərbaycan hakimiyyətinə bağlı minlərlə feyk səhifəni bloklayıb.

Azatutyun bildirir ki, qrupun hədəfi Azərbaycan müxalifəti ilə yanaşı, Ermənistan-Azərbaycan münasibətləri olub.

Əsas hədəf Azərbaycan müxalifəti olub

Hesabatda deyilir ki, qrupun Ermənistanla bağlı fəaliyyəti ölkənin öz müxalifətinə qarşı casusluqla müqayisədə o qədər də geniş olmayıb.

Qrupa daxil olanlar adətən Azərbaycan dilində müxalifəti, fəalları, vətəndaş cəmiyyəti nümayəndələrini, jurnalistləri gözdən salan postlar yazırmışlar.

Bu da xəbər verilir ki, hakimiyyətlərlə bağlı olan kiberqruplar habelə Rusiya və Belarusda da aşkarlanıb.

Hesabatda bildirilir ki, kiberqrupun əsas hədəfi – Azərbaycandan olan demokratiya fəalları, müxalifətçilər, jurnalistlər və hökumətin mühacirətdəki tənqidçiləri idi.

Bu da qeyd olunur ki, haker müdaxiləsinin texniki səviyyəsi elə də yüksək olmayıb.

Qrup əsas diqqətini Facebook, Twitter, LinkedIn, YouTube, habelə Rusiyanın VK və OK saytlarındakı hesablara yönəldib.

DİN hesabatla razılaşmır

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə "Turan"a bildirib ki, hesabatda əks etdirilən iddialar tamamilə əsassız və uydurmadır: "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edir, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə aparır".

XS
SM
MD
LG