Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Roma papası Kirili ‘Putinin kilsə xidmətçisi’ olmamağa çağırıb


Rusiya patriarxı Kirill (solda) və Vladimir Putin (Arxiv fotosu)
Rusiya patriarxı Kirill (solda) və Vladimir Putin (Arxiv fotosu)

Rus Pravoslav Kilsəsi mayın 4-də Roma papası Fransiskin patriarx Kirilə müraciətinin tonundan narazılığını ifadə edib

Rus Pravoslav Kilsəsi (RPK) mayın 4-də Roma papası Fransiskin patriarx Kirilə müraciətinin tonundan narazılığını ifadə edib.

Fransisk Kirilli “Kremlin kilsə xidmətçisi” olmamağa çağırmışdı.

Reuters agentliyinin yazdığına görə RPK-nın bəyanatında bildirilir ki, belə hallar kilsələr arasında dialoqa xələl gətirə bilər.

Roma papası İtaliyanın “Corriere Della Sera” qəzetinə demişdi ki, Ukrayna müharibəsinə xeyir-dua vermiş Kirill “Putinin kilsə xidmətçisinə” çevrilməməlidir.

RPK bildirir ki, iki kilsə başçısı arasında birbaşa və açıq söhbətdən ayyarım sonra Roma papasının belə tonda danışması məyusluq doğurur.

Moskva Patriarxlığının bəyanatında deyilir ki, “Papa Fransisk bu söhbət barədə bəhs edərkən düzgün ton seçməyib”.

Patriarxlığın bəyanatında “kilsə xidmətçisi” ifadəsinin üstü vurulmayıb:

"Belə bəyanatlar Roma Katolik və Rus Pravolsav kilsələri arasında konstruktiv dialoqa, xüsusilə də indiki vaxtda çətin ki, xidmət etsin”.

“Yolunu azmış Qərb”

Putinin müttəfiqi olan 75 yaşlı Kirill müharibəni, xüsusilə də homoseksuallığın qəbulu məsələsində “yolunu azmış Qərbə” qarşı mübarizə hesab edir.

Rus Pravoslav Kilsəsi Qərb Xristianlığından 1051-ci ildə Böyük İxtilafla ayrılmış Şərq Pravoslav Kilsəsi icmasında ən böyük qrup sayılır. Hazırda Rus Pravoslav Kilsəsinin Rusiyada və xaricdə 100 milyon nəfərə qədər davamçısı var.

Ukraynada mömin pravoslavların sayı 30 milyondur. Pravoslav ukraynanılar Moskva Patriarxlığına tabe kilsə ilə müstəqil Ukrayna Pravoslav Kilsəsi (UPK) arasında parçalanıblar.

Fransisk Moskvada prezident Putinlə görüşmək istədiyini bildirsə də, Kreml belə bir razılaşmanın olmadığını bildirib.

Moskva Ukraynaya qarşı müharibəsini “xüsusi əməliyyat” adlandırır və bildirir ki, məqsədi Ukraynanı nasistlərdən xilas etməkdir.

Kiyev və Ukraynanın Qərb dəstəkçiləri isə bildirirlər ki, Rusiya bu səbəbsiz və əsassız müharibəsi ilə Ukraynanın suverenliyinə son qoymaq istəyir.

Kirill Fransisklə söhbəti zamanı bunu da bildirmişdi ki, Qərb mediası Ukraynadakı vəziyyəti təhrif edir.

Geosiyasət yox, İsa Məsihin dili

Kirill bunu da iddia edib ki, Ukraynada münaqişə 2014-cü ildə bu ölkənin moskvayönlü prezidenti devriləndən sonra başlanıb.

Patriarx habelə Ukraynada rusdillilərin təqib olunduqlarını deyib.

Reuters yazır ki, Kirill Ukraynadakı hərbi əməliyyatlar barədə kədərini də ifadə edib və deyib ki, cəbhənin hər iki tərəfində onun kilsəsinin təbəələri var.

Buna baxmayaraq Papa Fransisk Coriera della Sera qəzetinə müsahibəsində Kirillin danışıqlarını müharibəyə haqq qazandırılması kimi qiymətləndirdiyini deyib.

Papanın dediyinə görə, o patriarxa bildirib ki, geosiyasətdən heç nə anlamır və kilsə liderləri İsa Məsihin dilində danışmalıdırlar.

Patriarx Kirill bəzi ruhanilər və dindarlar tərəfindən Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsində tutduğu mövqeyə görə tənqid olunur.

Patriarx strateq və məmur kimi danışır

RPK başçısı müharibənin xeyrinə danışmasa da, Ukraynada baş verənlər barədə dəfələrlə Kremlin tezislərini təkrar edib.

Bu səbəbdən Ukrayna ruhaniləri və dindarlarının bir qismi Rus Pravoslav Kilsəsindən ayrılmağı tələb edirlər.

Bu arada AFP agentliyi bildirib ki, patriarx Kirill Avropa İttifaqının sanksiya siyahısına salına bilər.

RPK başçısı mart ayında Roma papasına NATO raketlərinin Moskva və Sankt Peterburqa mümkün uçuş vaxtı barədə danışmışdı.

O demişdi ki, Rusiya bu uçuş vaxtının bir neçə dəqiqəyə qısalmasını qəbul edə bilməz.

Müsahibəsindən məlum olur ki, bunun müqabilində Fransisk Kirillə onun məmur kimi danışdığını irad tutub.

Bu söhbət zamanı Kirill bunu da deyib ki, sovet erasının sonunda NATO Rusiyaya şərqə doğru genişlənməyəcəyi barədə vəd vermişdi.

ABŞ və NATO Rusiyaya belə bir vədin verilməsi barədə iddiaları rədd edirlər.

XS
SM
MD
LG