Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:40

Azərbaycana səfər edənlərin 72 faizi qonşu ölkələrdən gələnlərdir


İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur'

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin ilk üç ayı ərzində Azərbaycana toplam 246 min 217 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs səfər edib. Onların 164 min nəfəri turizm (67 faiz), 82 min nəfəri (33 faiz) digər məqsədlərlə gəlib. Digər məqsədlə səfər edənlərə sərhəd işçiləri, mövsümi işləməyə gələnlər, eləcə də qısa və ya uzunmüddətli işləməyə gələnlər, köçərilər, ictimai nəqliyyat vasitələrinin heyəti, təhsil alanlar və onlarla birlikdə yaşayan ailə üzvləri və b. aiddir. Metodologiyaya görə, onlar turist sayılmırlar. Bu il ölkəyə gələn əcnəbi sayının ötən illərlə müqayisəsi göstərir ki, 2021-ci ilin ilk üç ayıyla müqayisədə ölkəyə gələnlərin sayı iki dəfəyə yaxın artıb. Amma pandemiyanın başladığı 2020-ci illə müqayisədə bu il Azərbaycana səfər edənlərin sayı hələ də iki dəfədən çox azdır.

Əcnəbilər Azərbaycana niyə gəlir?

Ölkəyə turizm məqsədi ilə gələnlərin 58 faizi hava nəqliyyatı, 40 faizi quru sərhədi, 8 faizi su sərhədi vasitəsi ilə Azərbaycana daxil olub. Quru sərhədiylə Azərbaycana ən çox giriş İrandan olub. Bu ilin ilk üç ayı ərzində Azərbaycana turizm məqsədi ilə səfər edən 21 min İran vətəndaşının 20 mini Azərbaycana quru sərhədiylə daxil olub. DSK-nın Azərbaycana gələn turist səfərlərinin məqsədlərinə dair araşdırmasından məlum olub ki, əcnəbilər buraya ən çox işgüzar amacla səfər edib (40 faiz). Özəlliklə Qərb ölkələrindən Azərbaycana gələnlərin mütləq əksəriyyəti səyahət məqsədi ilə deyil, işgüzar məqsədlərlə Azərbaycana gəlib. Məsələn, 2022-ci ildə 1 min 156 nəfər ABŞ vətəndaşının 1 min 71 nəfəri Azərbaycana işgüzar məqsədlərlə, cəmi 35 nəfəri dincəlmək üçün gəlib.

Bu il xarici ölkə vətəndaşlarının 21 faizi, yəni hər beş nəfərindən biri Azərbaycana qohumlarını ziyarət etmək üçün gəlib. Məsələn, Azərbaycana gələn Rusiya vətəndaşlarının 35 faizi, Türkiyə vətəndaşlarının isə 26 faizi Azərbaycana qohumlarına baş çəkmək üçün gəldiklərini açıqlayıb. Gürcüstan və Ukrayna kimi ölkələrdən də Azərbaycana qohumlarını görmək üçün gələnlərin sayı yüksəkdir. Bu ilin birinci rübündə Azərbaycana səfər edən əcnəbilərin cəmi 31 faizi ölkəyə sırf istirahət və əyləncə məqsədi ilə gəldiyini bildirib. Körfəz ölkələrindən Azərbaycana gələnlər arasında istirahət və əyləncə məqsədi ilə gələnlərin payı daha yüksəkdir.

Hər 4 əcnəbidən 3-ü qonşu ölkələrdən gəlir

DSK-nın açıqladığı rəqəmlərdən aydın olur ki, bu ilin ilk rübündə Azərbaycan ərazisinə daxil olan xarici ölkə vətəndaşlarının 27.4 faizi Rusiya vətəndaşlarıdır. Azərbaycana gələn əcnəbilər içərisində Türkiyə vətəndaşlarının payı 24.7 faiz, İran vətəndaşlarının payı 14.4 faiz, Gürcüstan vətəndaşlarının payı 5.8 faiz olub. Azərbaycanın quru sərhədi olan həmin dörd ölkədən gələnlər Azərbaycana səfər edən əcnəbilərin 72 faizdən çoxunu təşkil edib.

Ölkəyə gələnlərlə bağlı diqqətçəkən daha bir məqam Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə bağlıdır. Məsələn, ötən ilin ilk üç ayı ərzində Azərbaycana təxminən 39 min Rusiya vətəndaşı, yəni builki göstəricidən 28 min nəfər daha az adam səfər etmişdi. Ancaq nəzərə almaq lazımdır ki, həmin dövrdə daha sərt pandemiya məhdudiyyətləri qüvvədə idi. Diqqətdən yayınmamalıdır ki, 2020-ci ildə bu göstərici təxminən 156 min nəfər idi. Ukrayna vətəndaşlarına gəlincə, əgər bu ilin ilk üç ayında Azərbaycana 8 min 457 nəfər Ukrayna vətəndaşı səfər edibsə, ötən il bu göstərici 2 min 800 nəfər, 2020-ci ildə isə 10 min 400 nəfər idi.

Turistlər Azərbaycanda nə qədər pul xərcləyiblər?

DSK-nın məlumatına görə, bu ilin ilk üç ayı ərzində Azərbaycana turizm məqsədi ilə səfər edən xaricilər ölkədə toplam 188 milyon 435 min manat xərcləyib. Xərclərin ən böyük bölümü nəqliyyata gedib. Turistlərin xərclədiyi vəsaitin 60 milyon 324 min manatı və ya bütün xərclərin 32 faizi nəqliyyat xərcləridir. Yerləşmə xərcləri (50.8 milyon manat) bütün xərclərin 27 faizidir. Qidalanma xərclərinin (40.8 milyon manat) turistlərin toplam xərclərindəki payı 22 faiz olub. Turistlər mal və hədiyyələrin alınmasına 24 milyon manat, mədəniyyət, idman və əyləncə xərclərinə 2 milyon manat, nəqliyyat vasitələrinin icarəsinə və şəxsi nəqliyyat vasitələrinin yanacaq xərclərinə 800 min manata yaxın pul xərcləyiblər.

XS
SM
MD
LG