Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:58

Meymunçiçəyi çoxmu təhlükəlidir


Meymun çiçəyi
Meymun çiçəyi

Bu virus qlobal COVID-19 pandemiyasına səbəb olmuş SARS-CoV-2 kimi asanlıqla keçmir

DST meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görmür

Dünya Səhiyyə Təşkilatı (DST) Avropa və Şimali Amerikada meymunçiçəyinə yoluxmalara qarşı kütləvi peyvəndləməyə ehtiyac görmür. Qurum inanır ki, yaxşı gigiyena və təhlükəsiz seksual davranış virusun yayılmasını nəzarətə ala bilər. Bunu DST-nin aparıcı rəsmisi deyib.

DST rəsmisi Riçard Pebodu mayın 23-də “Reuters”ə müsahibəsində təcili vaksin ehtiyatlarının da nisbətən məhdud olduğunu söyləyib.

Onun sözlərinə görə, yoluxmaları nəzarətə almağın başlıca tədbirləri kontaktların izlənməsi və təcriddir.

Hazırda Avropa və Şimali Amerikanın ictimai səhiyyə orqanları meymunçiçəyi virusuna 100-dən artıq şübhəli və təsdiqlənmiş yoluxma hallarını araşdırırlar. Bu, virusun Afrikadan kənarda indiyədək ən böyük yayılmasıdır.

Virus onillərdir Afrikada endemik formada mövcuddur.

***

Dünyanın səhiyyə rəsmiləri Avropada və başqa yerlərdə meymunçiçəyinə yoluxmaların artmasıyla bağlı həyəcan təbili çalırlar. “Reuters” agentliyi əsasən Afrikanın qərbi və cənubu üçün xarakterik olan bu virus infeksiyasının nə dərəcədə təhlükə yaratdığını araşdırıb.

Dünya Səhiyyə Təşkilatı (DST) şənbə gününədək (21 may) 12 üzv ölkədə 92 yoluxmanın təsdiqləndiyini, 28 şübhəli yoluxmanın qeydə alındığını bildirib.

Qurum xəstəliyin aşkarlanmadığı ölkələrdə müşahidəni genişləndirdikcə daha çox yoluxmaların tapılacağını, bir neçə günə yoluxmaların azaldılması üçün tövsiyələr verəcəyini deyib.

2-4 həftəyə sağalırlar

ABŞ səhiyyə rəsmisinin cümə günü dediyinə görə, hazırda meymunçiçəyinin ümumi ictimaiyyətə yaratdığı risk aşağıdır.

Meymunçiçəyi virusu qızdırma, ağrılara səbəb olur, kələkötür səpkilər yaradır.

Bu virus çiçək xəstəliyinə bağlıdır, amma onun daha yüngül formasıdır. ABŞ-da aşkarlanmış Qərbi Afrika ştammının öldürücülük səviyyəsi 1 faizdir. ABŞ rəsmisi əksər şəxslərin 2-4 həftəyə virusdan sağaldığını deyib.

Bu virus qlobal COVID-19 pandemiyasına səbəb olmuş SARS-CoV-2 kimi asanlıqla keçmir.

Ekspertlərin fikrincə, indiki meymunçiçəyi virusu aktiv səpkisi olan şəxslə sıx dəri təmasıyla yoluxur. Buna görə də yoluxmalar aşkarlanan kimi onun yayılmasını önləmək xeyli asan olur.

“COVID respirator yolla keçir, çox yoluxucudur. Meymunçiçəyində belə deyil”, – Massaçusets Baş Xəstəxanasından Dr. Martin Hirş deyib.

Virusun mənşəyini anlamaq

“İndi baş verənlərə əsasən demək olar ki, bu virus əhaliyə cinsi yolla keçib, seksual yolla yoluxan infeksiyalar kimi yayılır”, – bunu isə DST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssini Deyvid Heyman deyib.

DST-ni narahat edən yoluxmaların bu virusun adətən yayılmadığı ölkələrdə aşkarlanmasıdır. Alimlər yoluxmaların mənşəyini anlamağa, virusla bağlı nəyin dəyişdiyini bilməyə çalışırlar.

İndiyədək yoluxmalar əsasən Britaniya, İspaniya və Portuqaliyada tapılıb. Kanada və Avstraliyada da yoluxmalar var, Bostonda isə bircə hal qeydə alınıb. Səhiyyə rəsmiləri ABŞ-da daha çox yoluxmanın aşkarlana biləcəyini deyirlər.

DST rəsmiləri həmçinin yay aylarında Avropa və digər yerlərdə adamların festivallar, partilər, bayramlarda daha çox bir araya gəlməsilə yoluxmaların artacağından narahatdırlar.

Peyvənd, digər tədbirlər

Britaniyada xəstələrə baxan tibb işçilərini çiçəyə qarşı vaksin vurmağa başlayıblar. ABŞ hökuməti bütün əhalisinə çatacaq qədər peyvəndin olduğunu bildirib.

Müəyyən şəraitdə meymunçiçəyinə qarşı istifadə oluna biləcək antivirus dərmanları da mövcuddur.

Ümumilikdə isə səhiyyə rəsmiləri adamları səpkisi olan, yaxud özünü yaxşı hiss etməyən şəxslərlə sıx təmasdan yayınmağa çağırırlar. Meymunçiçəyindən şübhələnən adamlar özlərini təcrid etməli, müalicə almalıdırlar.

“Viruslar yeni şey deyil, gözlənəndir”, – Kanadada Saskaçevan Universitetində Vaksin və Yoluxucu Xəstəlik Təşkilatının virusoloqu Ancela Rasmussen agentliyə deyib.

Rasmussenin sözlərinə görə, qlobal səyahətin artması, həmçinin iqlim dəyişikliyi virusların peyda olaraq yayılmasını sürətləndirib. Dünya COVID pandemiyası fonunda istənilən yoluxma dalğasına qarşı daha ayıq-sayıqdır, o vurğulayıb.

COVID-19 iki ildən çox müddət ərzində dünyada 6 milyon 200 mindən çox ölümə səbəb olub. Yoluxma sayı ilə 525 milyondan artıqdır.

XS
SM
MD
LG