Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Deputat: 'Lavrov Fərrux adı ilə o fikri çatdırdı ki…'


Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovu qəbul edir. 9 iyun 2022
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovu qəbul edir. 9 iyun 2022

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iyunun 9-da Ermənistandan olan həmkarı Ararat Mirzoyanla birgə brifinqdə Xocalı rayonunun Fərrux kəndi ilə bağlı suala cavabı Azərbaycanda narazılıqla qarşılanıb. S.Lavrov bildirmişdi ki, Rusiya hərbçiləri vəziyyəti öz prioritetlərindən biri kimi saxlayır: "Orada vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Bizim anladığımıza görə, delimitasiya üzrə qarşıdan gələn predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və bunlar mütləq həll olunacaq".

Rusiya XİN-dən korrektə

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında S.Lavrovun sözləri korrektə edilib. Orda S.Lavrovun cavabının delimitasiya ilə bağlı hissəsi belə təqdim edilib: "Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı və Yerevan arasında etimadın artmasına xidmət edəcək, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək".

Fərrux dağında nə baş verir? Erməni sakinlər narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

İndi Azərbaycanda belə suallar eşidilir. Əgər Rusiya Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, onda S.Lavrov Fərrux kəndi məsələsini iki ölkə arasında sərhədlərin müəyyən edilməsi çərçivəsində niyə dəyərləndirir? Rusiya Avropa İttifaqinin vasitəçiliyi ilə aparılan və ABŞ-ın da dəstəklədiyi sülh prosesini pozurmu?

Azərbaycan XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyi S.Lavrovun brifinqdəki səsləndirdiyi fikirlərə cavab verib. Qurumdan qeyd olunub ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür: "Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur".

E.Məmmədov
E.Məmmədov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, S.Lavrov bu sahədə kifayət qədər məlumatlıdır: "Lavrov çox gözəl bilir ki, söhbət sərhədlərin delimitasiyasından gedirsə, Azərbaycanla Ermənistanın dövlət sərhədlərindən gedir. Fərrux kəndi isə Azərbaycanın Xocalı rayonunun kəndlərindən biridir".

"Rusiya bütün cidd-cəhdlə çalışır ki..."

Deputatın fikrincə, bu o deməkdir ki, Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində yerləşməsinin məqsədi 30 ildən artıq yaradılmış və mövcudluğunu qoruyub saxlayan separatçı rejimi qorumaqdır: "Lavrov Fərrux kəndi adı ilə o fikri çatdırdı ki, bu hərbi kontingent 10 noyabr bəyanatında onların üzərinə qoyulan missiyanı icra etmək əvəzinə tamamilə onun əksinə - separatçılarla, qeyri-qanuni hərbi birləşmələrlə əməkdaşlıq etməyə, onları müdafiə etməyə, təlimatlandırmağa, silahlandırmağa başlayıb".

E.Məmmədov hesab edir ki, burada məqsəd aydındır: "Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa və münaqişəyə tam son qoyulsa, üçüncü bir dövlətin bu regionda iştirakına ehtiyac qalmayacaq. Yəni, Rusiyanın Cənubi Qafqaz bölgəsində mövcudluğuna və iştirakına ehtiyac qalmayacaq. Bu səbəbdən də Rusiya bütün ciddi-cəhdlə çalışır ki, bu münaqişə tamamilə həll olunmamış qalsın".

Ə.Oruclu
Ə.Oruclu

"Biz nə istəyirik, onu da edə bilərik"

Siyasi şərhçisi Ərəstun Oruclu isə məsələni AzadlıqRadiosuna belə dəyərləndirib: "Burada belə qənaətə gəlmək olar ki, Lavrov Azərbaycan tərəfini təhdid edir, eyham vurur ki, biz qondarma "Dağlıq Qarabağ Respublikası"nı Ermənistanın tərkib hissəsi kimi tanıyıb sərhədləri Fərruxa qədər gətirə bilərik".

Politoloqun fikrincə, Rusiya rəsmilərinin ilk baxışdan məntiqsiz bəyanatları heç də təsadüfi deyil: "Bugünlərdə Rusiya Dövlət Dumasının bir üzvü parlamentə bir qanun layihəsi təqdim edib. Həmin layihəyə görə, onlar Litvanın müstəqilliyin tanınmasını ləğv etmək istəyirlər. Bu hüquqa sığmayan layihəni Rusiyada müzakirəyə çıxarırlar. Yəni, Rusiya dünyaya və öz qonşularına nümayiş etdirir ki, biz nə istəyirik, onu da edə bilərik".

Bu fikirlərə Rusiya Xarici İşlər Nazirliyindən ayrıca münasibət almaq mümkün olmayıb. Amma nazirlik rəsmiləri bundan əvvəl dəfələrlə vurğulayıblar ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.

Fərrux yüksəkliklərinin strateji əhəmiyyəti nədir?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Fərrux mübahisələri…

Azərbaycan və Ermənistan arasında Fərrux kəndi ilə bağlı mübahisələr bu ilin martında yenidən gündəmə gəlib. Ermənistan tərəfi vurğulayıb ki, Azərbaycan martın 24-də Fərrux kəndini nəzarətə götürüb. Azərbaycan Müdafiə Nazirliyi isə həmin vaxt atəşkəsi pozmadığını, sadəcə mövqe yerdəyişməsinə yol verdiyini açıqlamışdı.

Xatırlatma

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəliblər. Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Ondan əvvəl isə iki ölkə arasında vasitəçiliyi, əsasən, Rusiya və ATƏT-in Minski qrupu həyata keçirib. ABŞ, Rusiya və Fransa qrupda həmsədrlərdir.

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG