Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Rusiyanın Severodonetsk ultimatumuna əməl olunmur


Severodonetsk döyüşləri
Severodonetsk döyüşləri

NATO-nun aparıcı rəsmisi CNN-ə deyib ki, Ukraynada müharibə artıq kritik məqama çatıb

Kiyev Severodonetskdə təslim olmaqla bağlı Moskvanın ultimatumunu yerinə yetirməyib.

Şəhərin meri Oleksandr Stryuk deyib ki, ultimatumun vaxtı bitəndən sonra Rusiya qüvvələri bir neçə istiqamətdən hücuma cəhd ediblər, amma Ukrayna qüvvələri onları geri oturdub.

“Düşməni şəhər mərkəzinə sıxışdırmağa çalışırıq. Hazırda qismən uğurlar, taktiki geri çəkilmələr baş verir”, – Stryuk televiziya çıxışında deyib.

O, Ukrayna qüvvələrinin tamamilə blokadaya alınmadığını söyləyib. “Çıxış yolları təhlükəlidir, amma var”, – mer vurğulayıb.

Severodonetskin daxil olduğu Luqansk vilayətinin başçısı Sergey Qaydayın sözlərinə görə, ordu şəhəri müdafiə edir, Rusiya qüvvələrinin Lisiçanska yaxınlaşmağa qoymur. Siverski Donets çayının digər sahilində yerləşən Lisiçansk Ukrayna qüvvələrinin əlindədir.

“Buna baxmayaraq, rusiyalılar yaxındadır, əhali əziyyət çəkir, evlər dağılır”, – o, internetdə yazıb.

***

NATO başçısı Ukraynaya daha çox silah göndərməyə çağırır

NATO-nun Baş katibi Yens Stoltenberq deyir ki, Kiyevə daha müasir silahlar göndərməyə “kəskin ehtiyac” var. Amma o, Ukrayna ordusunun bu silahlarla tanış olmasının vaxt aldığını da sözlərinə əlavə edib.

“Ukrayna gerçəkdən çox kritik vəziyyətdədir və işi sürətləndirməyə kəskin ehtiyac var”, – Stoltenberq iyunun 15-də Brüsseldə NATO müdafiə nazirlərinin toplantısından öncə deyib.

Qərb Ukraynanın Rusiya işğalından müdafiə olunması üçün xeyli sayda silah göndərsə də, Kiyev daha ağır və daha müasir silahlar istəyir.

Prezident Volodimir Zelenski Avropa İttifaqını (Aİ) Rusiyaya sanksiya rejimini sərtləşdirməyə, Ukraynaya əsassız hücuma görə Moskvaya cəza tədbirlərinin yeddinci paketini tətbiq etməyə çağırıb.

Ötən ayın sonunda 27 üzvü olan Aİ sanksiyaların altıncı paketini razılaşdırıblar. Rusiya neftinin idxalına qadağa qoyulsa da, Macarıstana güzəşt məqsədilə kəmərlə daşınan neft istisna edilib.

Zelenski iyunun 15-də Çex parlamentinin hər iki palatası qarşısında videobağlantı ilə çıxış edib. O, Çex Respublikasına Ukraynaya indiyədək göstərilən yardıma görə təşəkkür edir, amma Qərbi Ukraynaya dəstəyi dayandırmamağa səsləyib.

“Biz sizinləyik, siz də bizimlə olun”, – Zelenski onu alqışlayan çexiyalı deputatlara deyib.

Zelenski həmçinin Aİ-ni Ukraynaya namizəd statusu verməyə çağırıb. Bu status bloka bir neçə il çəkəcək üzvlük yolunda ilk addım sayılır.

O, Rusiyanın ərazi ambisiyaları barədə xəbərdarlıq edərək deyib ki, Prezident Vladimir Putin Ukraynanın işğalı ilə qane olmayacaq.

“Rusiyanı yalnız bizim Mariupol, Severodonetsk, Xarkov və Kiyev maraqlandırmır. Xeyr, onun ambisiyaları Varşavadan Sofiyayadək nəhəng ərazini əhatələyir”, – o deyib.

İyulun 1-dən Çex Respublikası Aİ-nin rotasiya yoluyla prezidentliyinə keçir.

***

Rusiya qüvvələri Ukraynanın sərt müqavimətinə baxmayaraq, Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər. Qərb ölkələrinin isə Kiyevə əlavə silah-sursat göndərişlərini elan edəcəyi gözlənir.

İyunun 15-də Rusiya Severodonetskdə yerləşən Azot kimyəvi zavodundakı Ukrayna hərbçilərini silahı yerə qoymağa çağırıb, zavoda sığınmış dinc sakinlərə “humanitar dəhliz” vəd edib. Ukrayna hələlik, Moskvanın təklifinə cavab verməyib.

Britaniya hərbi kəşfiyyatı iyunun 15-də gündəlik bülletenində qeyd edir ki, hazırda Azot zavodunun yeraltı bunkerlərində yüzlərlə dinc sakin və ukraynalı döyüşçü var.

İntensiv artilleriyanın törətdiyi dağıntılar

Britaniya Müdafiə Nazirliyi qeyd edir ki, Moskva işğalı planlaşdırarkən ukraynalıların belə sərt müqavimət göstərəcəyini “yəqin” gözləmirdi.

Məlumata görə, ukraynalıların qətiyyətini görən Rusiya urban hərbi taktikaya, artilleriyadan intensiv istifadəyə əl atdı, bu isə şəhərdə irimiqyaslı dağıntılara səbəb oldu.

Prezident Volodimir Zelenski iyunun 14-də gecə çıxışında deyib ki, Ukraynaya indi raket əleyhinə müasir silahlar lazımdır, tərəfdaş ölkələrin çatdırmaları yubatmasını heç cür əsaslandırmaq olmaz.

“Tərəfdaşlarımıza davamlı olaraq deyirik ki, Ukraynaya müasir raket əleyhinə silahlar lazımdır. Ölkəmizdə bu silahların sayı yetərli deyil, ancaq Ukraynanın indi bu cür silahlara böyük ehtiyacı var. Onların verilməsini yubatmağı əsaslandırmaq mümkün deyil”, – Zelenski deyib.

Prezident həftələrdir döyüş gedən Donbas regionunda “itkilərin, təəssüf ki, ağrılı” olduğunu vurğulayıb.

Humanitar dəhliz vədi

Rusiyanın Milli Müdafiənin İdarəolunması Mərkəzinin başçısı Mixail Mizintsev deyib ki, iyunun 15-də Moskva vaxtıyla səhər 8-də Azot zavodundan dinc sakinlərin çıxarılması üçün humanitar dəhliz açılacaq. Onun sözlərinə görə, zavoddan çıxarılanlar 60 km şimalda, Rusiyanın və separatçı qüvvələrin nəzarətində olan ərazidə yerləşən Svatovo şəhərinə aparılacaq.

Kiyev Mariupol şəhərinin mühasirəsinə başçılıq etmiş Mizintsevi insan haqları pozuntularında ittiham edir. Azov dənizi sahilindəki bu liman şəhəri də rusiyalıların əlindədir.

Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar daha öncə deyib ki, ölkəsi Rusiya işğalına qarşı döyüşdə Qərbdən istədiyi silahların yalnız 10 faizini əldə edib.

“Ukraynanın cəhdlərindən, ordumuzun peşəkarlığından asılı olmayaraq, Qərb tərəfdaşlarımızın köməyi olmasa, bu müharibəni uda bilməyəcəyik”, – Malyar televiziya ilə yayımlanan brifinqdə deyib. O da Qərbin silah göndərməyi sürətləndirməli olduğunu vurğulayıb.

Qərb ölkələri Ukraynaya müasir silahlar, raketlər vəd etsələr də, onların çatdırılması zaman alır.

Brüsseldə görüş var

İyunun 15-də Ukraynanın Müdafiəsi Kontakt Qrupundan onlarla müdafiə naziri Brüsseldə bu ölkəyə silahların göndərilməsini müzakirə edəcəklər. Elə bu gün NATO müdafiə nazirlərinin ikigünlük toplantısı da başlanacaq.

ABŞ müdafiə rəsmilərinin sözlərinə görə, müzakirələrə ABŞ-ın Müdafiə naziri Lloyd Ostin başçılıq edəcək.

NATO Ukrayna-Rusiya münaqişəsində hərbi iştirak edirmiş kimi görünməmək üçün danışıqlara qatılmır.

Severodonetsk şəhərinin tutulması Luqansk regionunun bütünlükdə Rusiyanın əlinə keçməsi deməkdir. NATO-nun aparıcı rəsmisi CNN-ə deyib ki, Ukraynada müharibə artıq kritik məqama çatıb.

“Artıq bir, yaxud digər tərəfin uğur qazanacağı məqama çatmışıq”, – rəsmi vurğulayıb.

“Ya rusiyalılar (Luqanska bitişik Donetsk vilayətindəki) Slovyansk və Kramatorska çatacaqlar, ya da ukraynalılar onları dayandıracaq. Əgər ukraynalılar orada, bu sayda qüvvə qarşısında cəbhə xəttini saxlaya bilsələr, bunun rolu həlledici olacaq”, – o bildirib.

XS
SM
MD
LG