Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:12

Mariupol ‘məzarlığı’


Mariupol yaxınlığında yeni salınmış məzarlar, 22 may, 2022-ci il
Mariupol yaxınlığında yeni salınmış məzarlar, 22 may, 2022-ci il

Mariupolda öldürülən dinc sakinlərin dəqiq sayı bəlli deyil. Şəxsiyyəti müəyyənləşdirilməyən qurbanlar göz gördükcə uzanan məzarlıqlara basdırılıb

Ukraynanın Mariupol şəhərindən olan Anjelika Medvedyeva bir neçə anın içində həm oğlunu, həm də həyat yoldaşını itirib. Güllə yarasından ölməkdə olan oğlu Denisi xilas etməyə çalışan Andrey özü də gülləyə tuş gələrək, oğlunun yanına sərilib.

“Onların ikisinin də öldüyünə, onları xilas etmək üçün heç nə edə bilmədiyimə inanmırdım”, – Medvedeva AzadlıqRadiosu-nun Ukrayna xidmətinin müxbiri İnna Kuznetsovaya deyib. Medvedeva gəlini Valeriya və 16 aylıq nəvəsi Karolina ilə hazırda Litvada yaşayır.

Bu ailənin faciəsi hazırda Ukraynada hər gün təkrarlanır. Rusiya dörd aya yaxındır Ukraynaya tammiqyaslı hücuma başlayıb. Müharibədə dinc sakinlər öldürülür, sağ qalanlar evindən didərgin düşürlər.

Son

Müharibədən öncə 400 mindən çox sakini olan Mariupol liman şəhəri isə xarabalığa çevrilib. Şəhər ötən ay Rusiya qüvvələrinin əlinə keçib. Rusiya Prezidenti Vladimir Putin Mariupolu tutmaqla 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına “quru körpüsü” qurmaq istəyirdi.

Mariupol döyüşünə 20 minədək Rusiya əsgəri cəlb olunub, şəhər gecə-gündüz bombardman edilib. Saysız yaşayış binaları, xəstəxanalar, yüzlərlə insanın, o cümlədən uşaqların sığındığı teatr atəşə tutulub.

Bir aya yaxın Medvedevlər ailəsi Denisin Mariupolun mərkəzindəki mənzilinə sığınıb, buranın Anjelika və Andreyin yaşadığı şəhər kənarından daha təhlükəsiz olduğunu düşünüblər.

Martın ortasında şəhərin atəşə tutulması intensivləşəndə Denis anasına deyirmiş ki, “bu artıq sondur, salamat çıxa bilməyəcəyik”.

Onların binasına bitişik bina döyüşlərdə dağıdılanda ailə parça, sudan ibarət dəstlər hazırlayıb ki, tüstü içində qaçmalı olsalar, üzlərini örtsünlər.

Andreylə Denis binanın qalan sakinləri ilə könüllü dəstə yaradıb, mümkün yanğınlarla bağlı ayıq-sayıq olmağa çalışıblar. İşğaldan dolayı bir çox sakinlər getdiyindən yanğın binanı sürətlə bürüyə bilərdi.

Küçədə gəzmək

Medvedevlər bayırda gəzməyin təhlükəli olduğunu bilirdilər. Onlar küçələrdə xeyli dinc sakin meyiti görür, bəzən gördüklərini evdə danışmırdılar.

Mariupol və digər yerlərdən olanlar deyirlər ki, Rusiya qüvvələri özəlliklə ukraynalı kişiləri yerli özünümüdafiə dəstələri ilə əməkdaşlıqda, orduya informasiya ötürməkdə suçlayır, onları dindirmək üçün küçələrdən oğurlayırlar. Bəzi hallarda isə onları öldürürlər.

Bir dəfə Denis binada yanğın baş verməsindən şübhələnir, Andreyi oyadır və onlar yanğının hansı mənzildə baş verdiyini öyrənməyə çıxırlar.

Bu zaman rusiyalı snayperin açdığı güman edilən güllələr Denisə dəyir.

Mariupolda öldürülən dinc sakinlərin dəqiq sayı bəlli deyil. Şəxsiyyəti müəyyənləşdirilməyən qurbanlar göz gördükcə uzanan məzarlıqlara basdırılıb. Rusiya isə hazırda nəzarətində olan şəhərə beynəlxalq qurumları buraxmır.

Kiyev, qərb hökumətləri, insan haqları qrupları Rusiya bu şəhərdə və bir çox başqa yerlərdə hərbi cinayətlər törətməkdə suçlayır.

Mariupol “gözəlləşirdi”

49 yaşlı Medvedyeva Rusiyanın cənubundakı Krasnodar vilayətində erməni və ukraynalı mənşəli ailədə böyüyüb, 30 ilə yaxın Mariupolda yaşayıb.

Onun sözlərinə görə, 2014-cü ildə Donbasda Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında müharibəyə rəğmən şəhərdə həyat yaxşılaşmışdı. O zaman Rusiyanın dəstək verdiyi qüvvələri Donetsk vilayətinin ikinci böyük şəhəri olan Mariupolu tuta bilməmişdilər.

“Son səkkiz ildə şəhərdə həyat yaxşılaşırdı. İnkişaf gedirdi, gözəlləşirdi”, – deyən Medvedeva indi Mariupolun “məzarlığa” çevrildiyini vurğulayır.

Bir çox sakinlər kimi Medvedyeva da intensiv döyüş səbəbindən əzizlərinin meyitlərini götürə, onları layiqincə dəfn edə bilməyib.

Onun sözlərinə görə, Rusiya əsgərləri Andrey və Denis öldürüləndən bir həftə sonra onların iylənən meyitlərini digər cəsədlərin olduğu yük maşınına yığıb, bilinməyən yerə aparıb.

Mariupoldan İtaliyaya qaçan qadın evlənmək üçün geri dönüb
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Rusiyada qalmaq istəməyib

Şəhər mühasirədə olduğundan Medvedyeva Ukraynanın nəzarətində olan əraziyə keçə bilməyib, Valeriya və Karolinanı götürərək Krasnodara, valideynlərinin yanına gedib.

Qadın deyir ki, valideynlərinin yalvarışlarına baxmayaraq, ailəsinin başına gələnlərdən sonra Rusiyada qalmaq istəməyib.

“Oğlumun Rusiyaya münasibətini bilirəm, onun övladını orada yaşamağa aparsaydım, məni heç vaxt bağışlamazdı”, – o vurğulayır.

Medvedyeva Litvaya gedib, indi 26 yaşlı gəlini və nəvəsiylə ovunur.

“Öz ağrım haqda düşünməyə vaxtım yoxdur”, – deyən qadın, Valeriya və Karolinanın qayğıyla əhatələnmiş və xoşbəxt həyatını təmin etmək üçün iş, sabit yaşayış yeri axtardığını söyləyib.

“Hələ də yaşamağa şans istəyirəm, əks halda elə bilərəm, ərim və oğlum boşuna ölüblər”, – Medvedyeva deyir.

XS
SM
MD
LG