Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Aİ liderləri: Ukraynaya namizədlik ‘dərhal’ verilməlidir


Avropa İttifaqı liderləri – Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Dragi və Rumıniya prezidenti Klaus İohannis Kiyevdə prezidnet Volodimir Zelenski ilə
Avropa İttifaqı liderləri – Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Dragi və Rumıniya prezidenti Klaus İohannis Kiyevdə prezidnet Volodimir Zelenski ilə

Silahlı qüvvələrin baş komandiri Valeri Zalujni Luqansk vilayəti uğrunda ağır döyüşlərin getdiyini, rusiyalıların təyyarələrdən, artilleriyadan istifadə etdiyini söyləyib

İyunun 16-da Ukrayna paytaxtı Kiyevə səfər edən Avropa İttifaqı liderləri – Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Dragi və Rumıniya prezidenti Klaus İohannis Ukrayna-ya Aİ üzvlüyü üçün “dərhal” namizədlik statusu verilməsini dəstəkləyiblər.

Makron deyib ki, “bizim dördümüz də Aİ üzvlüyünə namizədlik statusunun dərhal verilməsinə tərəfdarıq”.

O əlavə edib ki, Fransa Ukraynanın silah təchizatını artıracaq.

Dragi bildirib ki, İtaliya Ukraynanı Avropa İttifaqının bir hissəsi kimi görmək istərdi.

İtaliya baş naziri Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, o Ukrayna ərazisində ehtimal olunan bütün hərbi cinayətlərin araşdırılmasını tamamilə dəstəkləyir.

Almaniya kansleri isə deyib ki, Berlin Ukraynanı zəruri olduqca dəstəkləyəcək.

Olaf Şolts bildirib ki, Almaniya indiyədək 800 min Ukrayna qaçqınını qəbul edib və Ukraynaya maliyyə və hərbi yardımlar verir.

Şolts vurğulayıb ki, Ukraynaya tam Aİ üzvlüyünün verilməsi üçün bu ölkədə demokratiya və qanunun aliliyi təmin olunmalıdır.

Zelenski: “Rusiya yalnız müharibə istəyir”

Görüş zamanı habelə Ukraynadan ərzaq məhsullarının ixracı məsələsi müzakirə olunub.

Hazırda Ukraynanın bütün dəniz limanları blokadaya alınıb.

İtaliyanın baş naziri deyib ki, limanların minalardan təmizlənməsi və gəmilərin çıxışı üçün iki həftədən də az vaxt qalır.

Makron Ukrayna taxılının limanlardan çıxışı məsələsinin müzakirəsi üçün Rusiya prezidenti ilə əlaqə kanalı yaradılmasını təklif edib.

Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna ordusunun silahla təchizatı hazırda ən mühüm məsələdir.

Zelenski deyib ki, Putin sülh imzalanmasına meylli deyil və yalnız müharibə istəyir.

Ukrayna prezidentinin ofisi bildirib ki, görüş zamanı Aİ liderlərinə Rusiyaya qarşı yeni sanksiya təklifləri verilib və bu təkliflərə Rusiya qazına tam embarqo qoyulması da daxildir.

Kreml bundan əvvəl bildirmişdi ki, Moskva Aİ liderlərinin Kiyevə səfər zamanı yalnız Ukraynaya silahlar verilməsi məsələsini müzakirə etməyəcəklərinə, prezident Zelenskini “vəziyyətə realist gözlə baxmağa” sövq edəcəklərinə inanır.

Aİ liderləri İrpinə gediblər

Avropa liderləri Kiyev ətrafında Rusiya qüvvələrinin nəhəng dağıntılar törətdiyi ərazilərdə olublar. Müharibənin əvvəlində Ukraynanın sərt müqaviməti ilə üzləşən Rusiya qüvvələrini həmin ərazilərdən çıxarmışdı.

Avropalı siyasətçilər 300-dək dinc sakinin meyitinin tapıldığı İrpinə baş çəkiblər. Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə deyib ki, ərazidəki qətllərin və hərbi cinayətlərin Rusiya qüvvələri tərəfindən törədildiyi aydındır. O, ukraynalıların “qəhrəmanlığı”nı alqışlayıb.

Dörd lider bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməlidir.

Aİ liderləri İrpendə
Aİ liderləri İrpendə

***

Olaf Şolts Kiyevdə deyib ki, Aİ liderləri “Ukraynaya və Ukrayna vətəndaşlarına dəstək göstərmək” istəyirlər.

“Ancaq biz yalnız həmrəylik nümayiş etdirmək istəmirik, əmin etmək istəyirik ki, təşkil etdiyimiz maliyyə, humanitar, eləcə də silah yardımı davam edəcək”, – Şolts vurğulayıb.

***

Rusiya qüvvələri Ukraynanın şərqi Donbas regionunda əsas şəhər olan Severodonetksi tam ələ keçirmək üçün hücumu intensivləşdiriblər. Bu arada üç Avropa ölkəsinin lideri Moskvanın amansız hücumunda Ukraynaya dəstək nümayişi üçün Kiyevə gediblər.

Fransa prezident idarəsinin yaydığı məlumata görə, Prezident Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi Polşadan Kiyevə gediblər. Rumıniya Prezidenti Klaus Yohannis Kiyevdə onlara qoşulacaq.

Kiyevdə jurnalistlər qarşısında çıxış edən Makron deyib ki, Avropa İttifaqının (Aİ) üç böyük iqtisadiyyatının liderləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Avropa həmrəyliyi” mesajını ötürəcəklər.

Doqquz istiqamətdə hücum

Ukrayna Fransa və Almaniyanı, müəyyən qədər də İtaliyanın Kiyevi dəstəkləməkdə tərəddüd etdiyini deyib, onları silahları ləng göndərməkdə suçlayıb.

Döyüş zonasına gəlincə, Ukrayna ordusu Rusiyanın Luqansk vilayətinin şimalına əsas zərbə qüvvələrini cəmlədiyini, doqquz istiqamətdə eyni vaxtda hücuma keçməyə çalışdığını bildirir.

Silahlı qüvvələrin baş komandiri Valeri Zalujni Luqansk vilayəti uğrunda ağır döyüşlərin getdiyini, rusiyalıların təyyarələrdən, artilleriyadan istifadə etdiyini söyləyib.

Luqanskın ən böyük şəhəri olan Severodonetskin tutulması Rusiya qüvvələrinin qərbə doğru – Slovyansk və Kramatorska irəliləməsi deməkdir.

12 minədək dinc sakin

Britaniyanın Müdafiə Nazirliyi iyunun 16-da gündəlik kəşfiyyat bülletenində bildirib ki, Severodonetskin müdafiəçiləri üçün vəziyyət həddən artıq çətindir, Ukrayna döyüş qüvvələrinin böyük bir hissəsini şəhərdən çıxara bilib.

Britaniya kəşfiyyatı Rusiyanın döyüşdə itirdiyi əsgərlərin yerini doldurmaq üçün mümkün çətinliklər yaşayacağını da qeyd edir.

BMT isə Severodonetskdə 12 minədək dinc sakinin təməl təchizatsız qaldığını bildirib. Onların çoxu Azot kimyəvi zavodunun yeraltı bunkerlərinə sığınıb.

Rusiya iyunun 15-də Azot-dakı döyüşçüləri silahı yerə qoymağa çağırsa da, Kiyev ultimatuma əməl etməyib.

XS
SM
MD
LG