Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:51

Hesablama Palatası dövlət qurumlarına subsidiyaların aramsız artışından narahatdır


Büdcəyə 10 qat yük AZAL və s...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Büdcəyə 10 qat yük AZAL və s... (2021)

Ötənilki dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyində ilboyu ayrılan subsidiyalara da yer ayrılıb. Rəsmi göstəricilərə görə, 2021-ci il dövlət büdcəsində subsidiyalar üzrə 1 milyard 385 milyon manat vəsait icra edilib. Bu rəqəm 2020-ci illə müqayisədə 30 faizə yaxın artım deməkdir, axı söhbət dövlət büdcəsindən qarşılıqsız verilən maliyyədən gedir. Hesablama Palatası subsidiyaların icrası ilə bağlı rəyində bu məsələdən narahatlığını bildirib. Palatanın rəyində qeyd edilir ki, "son 3 ildə dövlət müəssisələrinə ayrılan subsidiya məbləğinin və xüsusi çəkisinin davamlı olaraq artmasını nəzərə alaraq, Hesablama Palatası dövlət müəssisələrinə subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmamasını onların istifadəsinin effektivliyinə təsir edə biləcək hal kimi qiymətləndirir".

Subsidiyalarla bağlı bir məqam da diqqət çəkir. Son 3 ildə dövlət müəssisələrinə və hüquqi şəxslərə ayrılan subsidiya məbləğlərinin davamlı artışıyla yanaşı, eyni zamanda, qeyri-dövlət müəssisələrinə ayrılan subsidiyaların məbləği önəmli dərəcədə azalıb. Ötən il toplam 53 istiqamət (qurum və bölüşdürülməmiş xərclər) üzrə subsidiyaların ayrılması nəzərdə tutulub. Yekunda 51 istiqamət üzrə subsidiyalardan istifadə edilib.

Ötən il dövlət büdcəsindən ayrılan subsidiyaların təxminən 30 faizi (420 milyon manat) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilib. Bu qurum dövlət büdcəsindən ayrılan vəsaitin fermerlərə verilməsindən məsuldur.

Ən çox hansı qurumlar subsidiya alıb?

Hesablama Palatasının açıqladığı rəqəmlərə görə, Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılan subsidiyalar nəzərə alınmasa, ötən il büdcədən ən çox subsidiya əldə edən qurum "Bakı Metropoliteni" QSC-dir. Metropoliten ötən il dövlət büdcəsindən 39.2 milyon manat əldə edib. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (34.1 milyon manat), "Təmiz Şəhər'' ASC (33 milyon manat), "Azəristiliktəchizat'' ASC (26 milyon manat), "ADA" Universiteti (19.2 milyon manat), "İctimai Televiziya və Radio Yayımları Şirkəti" də (17 milyon manat) büdcədən ən çox subsidiya alan qurumlar arasındadır.

Bəzi dövlət qurumları Palataya hesabat təqdim etmir

Hesablama Palatası öz rəyində bildirib ki, ötən il ərzində 131 qurumun faydalandığı 18 milyard 900 milyon manat büdcə vəsaiti təhlil edilib. Palatanın rəyində ayrıca vurğulanıb ki, əksər dövlət müəssisələri (MMC, ASC,QSC və s.) tərəfindən büdcənin icrası ilə bağlı uyğun hesabatlar təqdim edilmir. Palatanın fikrincə, bu hal bilavasitə qanunvericilikdə "büdcədən maliyyə yardımı alan təşkilat" anlayışının verilməməsi və ya büdcə təşkilatı və büdcədən maliyyə yardımı alan təşkilatların siyahısının hüquqi aktlarda konkretləşdirilməməsi səbəbindən yaranır.

Palata son illərdə ölkədə tez-tez rast gəlinən publik hüquqi şəxslərlə bağlı büdcə xərclərini də araşdırıb. Qanunvericiliyə görə, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Ancaq Palatanın araşdırmalarına əsasən, 2021-ci ildə də publik hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsi bəzi hallarda konkret tədbirləri əhatə edən dövlət sifarişləri ilə bağlı olmayıb. Başqa sözlə, publik hüquqi şəxslər bəzi hallarda dövlət büdcəsi vəsaiti hesabına saxlanılıb.

Araşdırmalar dövlət sifarişi ilə bağlı qanunvericilikdə tam tənzimlənmənin mövcud olmadığını göstərir. Müxtəlif publik hüquqi şəxslərdə əməyin ödənilməsi xərclərinin fərqli şəkildə müəyyənləşdirildiyi də qeyd edilməlidir. Ötən il Palatanın apardığı auditlər zamanı publik hüquqi şəxslərin öz nizamnamələrinə uyğun fəaliyyətləri digər şəxslərə ötürməsi hallarına da rast gəlinib. Bütün bunları nəzərə alaraq, Palata öz rəyində hüquqi şəxslərin dövlət maliyyəsi və büdcə dayanıqlılığı üçün risk olaraq qaldığı qənaətinə gəlib.

Kino çəkilişi ilə bağlı problemlər

Palatanın rəyində dövlət sifarişi ilə kino çəkilişi layihələrinə də ayrıca bölmə ayrılıb. Araşdırma aparan qurumun fikrincə, kinematoqrafın normativ-hüquqi və iqtisadi bazasını təşkil edən aktların təkmilləşdirilməməsi və qaydaların 18 ildir yenilənməməsi bu sahə ilə bağlı ciddi problemlər doğurur. Yaradıcı heyətin indiki strukturu 18 il öncə qəbul edilən qaydalardakından ciddi şəkildə fərqlənir. Bu üzdən, qaydalarda nəzərdə tutulmayan yaradıcı heyət üzvlərinə qonorar verilməsi zamanı problemlər üzə çıxır. "Dövlət sifarişi" anlayışının hüquqi aktlarda konkret təsbit edilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə, bir sıra hallarda isə film çəkilişinin yarımçıq qalmasına gətirib çıxarır. Hesablama Palatası bu qənaətə gəlib ki, dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyənləşdirilməməsi film çəkilişləri ilə bağlı büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın olmamasıyla nəticələnib.

XS
SM
MD
LG