Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

Blinken Şri- Lankadakı çaxnaşmada taxıl böhranının rolunu görür


Entoni Blinken
Entoni Blinken

Blinken taxıl blokadasının Tailandda gübrə qiymətlərini “kəlləçarxa çıxardığını” söyləyib

Rusiyanın Ukraynadan taxıl ixracını məhdudlaşdırmasının Şri- Lankdakı çaxnaşmada rolu olması mümkündür, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib. O, taxıl məsələsinin dünyanın başqa yerlərində də böhranlara səbəb ola biləcəyindən narahatlıq bildirib.

Blinken Rusiyanı 20 milyon ton taxılın Ukraynadan çıxmasına imkan verməyə çağırıb. Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayıb.

Gübrə bahalanır

“Rusiyanın Ukraynaya təcavüzünün dünyada ərzaq təhlükəsini şişirtdiyini görürük. Rusiyanın təcavüzünün təsiri hər yerdə hiss olunmaqdadır”, – Blinken iyulun 10-da Banqkokda jurnalistlərə deyib.

O, taxıl blokadasının Tailandda gübrə qiymətlərini “kəlləçarxa çıxardığını” söyləyib.

Blinken deyir ki, böhran Tailand kimi fermer təsərrüfatı ölkələrində ağır nəticələrə səbəb olacaq, “çünki gübrənin olmaması gələn il məhsulun azalacağı, qiymətlərin yüksələcəyi deməkdir”.

Moskvanın şərti

Hər il Ukraynadan Afrikaya, Yaxın Şərqə, dünyanın başqa yerlərinə milyonlarla ton taxıl ixrac olunur. Rusiyanın Ukraynanın qara dəniz limanlarını blokadaya alması nəticəsində ixrac dayanıb.

Moskva bildirir ki, Ukrayna ordusu Odessa və digər limanları minalarda təmizləsə, ərzaqla dolu Ukrayna gəmilərinin çıxmasına icazə verər.

Ukrayna isə sahili minalarda təmizləyə bilməcəyini deyir, çünki bu halda Rusiya “taxıl dəhlizlərindən Ukraynanın cənubuna hücuma keçər”.

Rusiya və Ukrayna birlikdə dünyada buğda təchizatının üçdə birini təşkil edir.

BMT-nin hesablamasına görə, 2019-cu ildə Ukrayna dünyada qarğıdalı təchizatının 16, günəbaxan yağının 42 faizini verib.

Şri-Lankada nə baş verir

Hind Okeanında ada dövlət olan Şri- Lankada kəskin ərzaq və yanacaq qıtlığı çaxnaşmaya səbəb olub.

Etirazçılar rəsmi iqamətgahları tutandan sonra prezident və baş nazir istefaya razılaşıb.

Müxalifət partiyaları iyulun 10-da yeni hökumət qurmağa razılaşıblar, ancaq etirazçılar Prezident Gotabaya Rajapaksanın iqamətgahından çıxmayıblar. Onlar deyirlər ki, prezident getməyəcən mübarizə dayanmayacaq. Hazırda bir gəmiyə sığınmış Rajapaksa iyulun 13-də vəzifədən gedəcəyini bildirib.

Blinken Vaşinqtonun hadisələri izlədiyini deyib, parlamenti həll yollarının tapılması üçün sürətlə işləməyə çağırıb.

XS
SM
MD
LG