Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Erdoğan, Putin və Rəisi - rəqiblərin çətin partnyorluğu


Recep Tayyip Erdoğan (sağda), İbrahim Rəisi və Vladimir Putin Tehran görüşündə
Recep Tayyip Erdoğan (sağda), İbrahim Rəisi və Vladimir Putin Tehran görüşündə

Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlar keçirib

Rusiya prezidenti Vladimir Putin iyulun 19-da Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlar keçirib.

Associated Press (AP) yazır ki, bu görüş Ukraynaya səbəbsiz və əsassız müdaxiləsinə görə Moskva üzərinə Avropa İttifaqı və Birləşmiş Ştatların ağır sanksiyalarının qoyulduğu bir vaxta təsadüf edir.

Xəbərdə deyilir ki, bu, Rusiya tankları Ukrayna sərhədini keçəndən bəri Vladimir Putinin xaricə ikinci səfəridir.

O İbrahim Rəisi və Recep Tayyip Erdoğanla danışıqlarda Suriya münaqişəsi və Ukrayna taxılının blokadaya alınmış limanlardan ixracı da daxil bir sıra kəskin regional məsələləri müzakirə etməli idi.

AP yazır ki, Qərb Rusiyanın sanksiya yükünü artırdıqca və bu çox bahalı kampaniya davam etdikcə Putin sanksiyalar məsələsində Moskva ilə eyni dərddə olan Tehranla münasibətlərin gücləndirilməsinə çalışır.

Xəbərdə deyilir ki, Ağ Evin iddiasına görə Rusiya rəsmiləri bu yaxınlarda Tehrandan Ukraynada istifadə etmək üçün döyüş dronları almaq məqsədilə azı iki dəfə mərkəzi İrandakı hərbi-hava bazalarından birinə baş çəkiblər.

Putin üçün mühüm səfər

AP yazır ki, Tehranın Mehrabad hava limanında Putini İranın neft naziri Cavad Ovci qarşılayıb.

Agentliyin məqaləsində deyilir ki, lakin Putin üçün bundan da mühüm olanı Türkiyə prezidenti RRecep Tayyip Erdoğanla görüşmək imkanıdır.

Erdoğan Rusiya-Ukrayna münaqişəsinin çözülməsində, habelə Ukrayna taxılının Qara dəniz üzərindən ixracının bərpa olunması məsələsində fəal vasitəçilik etməyə can atır.

Digər tərəfdən NATO üzvü olan Türkiyə Suriya və Liviyadakı münaqişələrdə Rusiya ilə qarşıduran tərəfləri dəstəkləyib, üstəlik Ukraynaya Rusiyaya qarşı döyüşlərdə fəal istifadə olunan döyüş dronları satıb.

Amma bunlarla yanaşı Türkiyə Kremlə qarşı Qərb sanksiyalarına qoşulmayıb və beləliklə, Moskvanın çox ehtiyacı olan partnyora çevrilib.

AP yazır ki, ağır inflyasiya və iqtisadi çətinliklərlə üzləşən Türkiyənin də Rusiya bazarına ciddi ehtiyacı var.

Tehranda Erdoğanla görüşünün başlanğıcında danışan Putin Türkiyə prezidentinə “irəliləyiş üçün vasitəçilik etdiyinə görə” təşəkkürünü bildirib:

“Heç də bütün məsələlər hələki həllini tapmayıb, amma bu yaxşıdır ki, müəyyən irəliləyiş əldə olunub”.

Erdoğan öz növbəsində ötən həftə İstanbulda keçirilən taxıl danışıqlarında Rusiyanın “çox, çox pozitiv yanaşmasını” təqdir edib.

AP yazır ki, Putinin Tehrana səfərinin onun daxili auditoriyası üçün də simvolik mənası var.

O getdikcə beynəlxalq aləmdə daha çox təcrid olunan Rusiyanın hələ də beynəlxalq oyunçu olduğunu nümayiş etdirmək istəyir.

ABŞ amili

AP yazır ki, Tehran danışıqları ABŞ prezidenti Co Baydenin İsrail və Səudiyyə Ərəbistanına səfərlərindən az sonraya təsadüf edir. Bunlar Tehranın əsas rəqibləri sayılan ölkələrdir.

Co Bayden bildirib ki, ABŞ Yaxın Şərqi Rusiya, İran və Çinin öhdəsinə buraxmaq niyyətində deyil.

Lakin AP yazır ki, bu məsələ o qədər də sadə olmayacaq.

İsrail Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə Rusiya ilə razılaşdırıldığından daha artıq neft ixrac etmələri üçün ABŞ-ın ricasını qəbul etməyiblər.

AP yazır ki, bununla belə ABŞ, Səudiyyə və BƏƏ-nin maraqları nüvə proqramını sürətlə inkişaf etdirən Tehranla qarşıdurmada üst-üstə düşür.

İranın özündə də iqtisadi vəziyyət yaxşı deyil, milli valyuta dəyərdən düşür və inflyasiya yüksəlir.

Bütün bunlar İran boyunca antihökumət etirazlarına səbəb olub.

ABŞ sanksiyaları qaldırılmadan İranın bu çətinliklərin öhdəsindən gələ biləcəyi inandırıcı görünmür.

Bu səbəbdən də neft bazarında Rusiyanın onun əsas rəqibi olmasına baxmayaraq Tehran indiki vəziyyətdə Moskva ilə sıx işbirliyinə can atır.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Tehran görüşü haqqında Twitter-də belə yazıb:

“İran dinamik diplomatiyanın mərkəzidir. Bu görüşlər iqtisadi əməkdaşlığı inkişaf etdirəcək, diqqəti regional və ərzaq təhlükəsizliyinə yönəldəcək”.

İran parlamenti milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Fədahüseyn Maleki deyib ki, Rusiya İranın “ən strateji partnyorudur”.

“Etibarlı dialoq”

Putin iyulun 19-qa İran prezidenti İbrahim Rəisi ilə də danışıqlar aparıb. Onlar bundan əvvəl yanvarda Moskvada və ötən ay Türkmənistanda görüşmüşdülər.

Tehrana 5-ci səfəri əsnasında Putin habelə İranın ali rəhbəri ayətüllah Əli Xameneyi ilə da görüşüb.

Kremlin xarici siyasət müşavirlərindən Yuri Uşakov bu görüşü “etibarlı dialoq” adlandırıb.

Putin Rəisi ilə görüşünün əvvəlində deyib ki, iki ölkə arasında münasibətlər “yaxşı sürətlə” inkişaf edir.

Rəisi ümid etdiyini bildirib ki, Putinin səfəri regional əməkdaşlığı genişləndirəcək.

IRNA dövlət xəbər agentliyi bildirir ki, Rəisi və Putin enerji, nəqliyyat və ticarət sahəsində bağların sıxlaşdırılmasını müzakirə ediblər.

Ayətüllah Əli Xameneyi Vladimir Putini qəbul edib
Ayətüllah Əli Xameneyi Vladimir Putini qəbul edib

AP yazır ki, daha sonra keçiriləcək üçtərəfli danışıqlarda prezidentlərin diqqəti Suriya münaqişəsinə cəlb olunacaq.

Rusiya və İran Suriyada Bəşər əl-Əsədin rejimini dəstəkləyirlər.

Türkiyə isə əksinə, Əsədə qarşı silahlı Suriya müxalifətinə dəstək verir.

Uşakov deyib ki, tərəflər Suriya münaqişəsinin siyasi yollarla həllini müzakirə edəcəklər.

Lakin burası da var ki, Türkiyə ABŞ tərəfindən dəstəklənən kürd qüvvələrini öz sərhədlərindən geri oturtmaq üçün Suriyanın şimalında hərbi əməliyyat keçirməyə hazırlaşdığını bildirib.

Türkiyə bildirir ki, məqsədi sərhəd boyunca Suriya ərazisində 30 kilometrlıik təhlükəsizlik qurşağının yaradılması və burda Türkiyəyə pənah gətirmiş milyonlarla Suriya qaçqınının yerləşdirilməsidir.

Xameneyi Ərdoğana açıq deyib ki...

Lakin Erdoğanla görüşündə İranın ali rəhbəri ayətüllah Əli Xameneyi Türkiyənin Suriyaya müdaxiləsinə qarşı olduğunu açıq bildirib:

“Suriyanın şimalında hər hansı hərbi hücum mütləq Türkiyəyə, Suriyaya və bütün regiona ziyan gətirəcək, yalnız terrorçuları faydalandıracaq”.

İran rəhbəri deyib ki, Suriya münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir.

Bu da xəbər verilir ki, İran və Türkiyə arasında investisiyalara, diplomatiyaya, media və biznesə dair ilkin razılaşmalar imzalanıb.

Tərəflər aralarındakı ticarət dövriyyəsini üç dəfə artıraraq ildə 30 milyard dollara çatdırmaq istəyirlər.

Ərdoğan öz çıxışında kürd yaraqlılara və ABŞ-da yaşayan müsəlman faiz Fəthullah Gülenin şəbəkəsinə qarşı mübarizəyə çağırıb.

Suriya böhranında Moskva və Ankara arasında daha bir fikir ixtilafı var. Rusiya ötən həftə BMT Təhlükəsizlik Şurasında Suriya üsyançılarının nəzarətində olan ərazidə yaşayan 4.1 milyon nəfər üçün humanitar yardım və ərzağın çatdırılmasının məhdudlaşdırılması üçün özünün veto hüququndan istifadə edib.

AP yazır ki, bu maneənin aradan qaldırılması və Ukrayna taxılının ixracının bərpası məsələsi də Tehran danışıqlarının gündəliyindədir.

XS
SM
MD
LG