Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Keçmiş icra başçısının cəza müddəti azaldıldı


Ceyhun Cəfərov
Ceyhun Cəfərov

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun üzərindəki həbs cəzasının müddəti azaldılıb

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun üzərindəki həbs cəzasının müddəti azaldılıb.

Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 8 il 6 aydan 6 ilə endirib. Məhkəmə ona münasibətdə CM-in 62-ci maddəsini tətbiq edərək, onun ittiham olunduğu müddələrdə nəzərdə tutulmuş minimum həddən də aşağı cəza təyin edib.

Bundan başqa, sabiq icra başçısının əmlakının müsadirəsilə bağlı qərar da ləğv olunub.

Cəfərov həbs ediləndən sonra onun bir sıra əmlaklarının üzərinə həbs qoyulmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsi də həmin əmlakların müsadirəsinə qərar vermişdi.

Apellyasiya məhkəməsi hökmü əmlaklarla bağlı hissədə də dəyişib.

Digər cəzalar da yüngülləşdirilib

Sabiq icra başçısı ilə birlikdə mühakimə olunan başqa vəzifəli şəxslərin də cəzası yüngülləşdirilib. Onların arasında icra başçısının keçmiş birinci müavini Tacəddin Novruzov, icra hakimiyyətində şöbə müdiri olmuş Natiq Kərimov, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov, baş həkimi Məhəmməd Musayev, rayonun Təhsil Şöbəsinin müdiri olmuş Mətləb Allahverdiyev, şöbənin keçmiş baş mühasibi Rəcəb Hüseynov, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov da var.

Novruzov və Kərimovun cəzası 8 il 6 aydan 5 il 10 aya, xəstəxana və təhsil şöbəsinin rəhbərliyinə daxil olan şəxslərin cəzası isə 7 ildən 5 il 6 aya endirilib. Sadıqovun cəzası da 4 ildən 2 ilə endirilib.

Əmlaklar

Birinci instansiya məhkəməsi sabiq icra başçısı ilə yanaşı, onun birinci müavini olmuş Novruzov və şöbə müdiri Natiq Kərimovun da əmlaklarının üzərinə həbs qoymuşdu.

Apellyasiya məhkəməsi onlara münasibətdə də eyni qərarı verib – hökm müsadirə hissəsində ləğv olunub. Əmlaklar üzərindən həbs götürülüb. Yalnız 1 qeyri-yaşayış sahəsinin müsadirəsilə bağlı qərar qüvvədə saxlanılıb.

Üzərində həbs olan əmlaklar sırasında Bakının Xəzər rayonu, Türkan və Şüvəlan qəsəbələrində torpaq sahələri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 8-ci mikrorayonda mənzillər, Kürdəmirdə həyətyanı sahələr, fərdi yaşayış evləri də var.

Cəfərov və onunla birlikdə mühakimə olunanlar icra hakimiyyətinə tabe qurumlara ayrılmış vəsaitlərin yeyintisində, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət orqanlarından, özəl təşkilatlardan rüşvət almaqda, tikinti ilə bağlı qanunsuz sərəncamlarla torpağın üst münbit qatına ziyan vurmaqda ittiham olunur.

Keçmiş icra başçısı məhkəməyə ifadəsində özünü təqsirli bilməyib.

1965-ci il təvəllüdlü Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

XS
SM
MD
LG