Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

Keçmiş diplomat Gürcüstan müharibəsi haqda: '... Rusiyaya xəbər verdik'


Gürcüstan, Rusiya tankları, 23 avqust 2008
Gürcüstan, Rusiya tankları, 23 avqust 2008

Fridə görə, Saakaşvilini 2008-ci ildə Rusiyanın təxribatına uymaqda suçlamaq doğru deyil, çünki Putin heç nəyə baxmayaraq onsuz da Gürcüstana hücum edəcəkdi

Keçmiş ABŞ diplomatı Dəniel Frid AzadAvropa/AzadlıqRadiosunun gürcü xidmətinə 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə ABŞ-ın yanaşması və bunun Rusiyanın Ukraynaya hücumu kontekstində nə üçün hər zamankından daha vacib olması haqda danışıb.

40 ildən çox təcrübəsi olan keçmiş diplomat bir neçə ABŞ prezidentinin hakimiyyəti dövründə yüksək vəzifələr tutub. Həmkarları onu Berlin divarlarının yıxılmasından sonra, həm Bill Klinton, həm də Corc Buş administrasiyaları dövründə Rusiyayla münasibətlərin qurulmasına rəhbərlik edən Ağ Ev rəsmisi kimi tanıyır.

2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edəndə Frid Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi idi. Frid üstüörtülü şəkildə Obama administrasiyasının səhvlərindən- 2009 və 2010-cu illərdə onun Rusiya ilə münasibətləri “yenidən qurmaq” cəhdləri haqda danışıb.

O, eyni zamanda həmin dövrdə ölkəsinin düzgün addımlar atdığını da qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Gürcüstana diplomatik və digər sahələrdə verdiyi dəstək bu ölkənin dövlətçiliyinin qorunması üçün vacib idi.


Fridə görə, ABŞ-ın dəstəyi ilə Gürcüstan müstəqilliyini qoruyub saxlaya bilib.

“Müharibədən dərhal sonra isə biz beynəlxalq donor konfransının təşkilinə kömək etdik. Konfrans Gürcüstan iqtisadiyyatına 4 milyon dollardan çox vəsait verdi. Bu isə onları ayaqda saxlamaq üçün kifayət idi. Gürcüstan müstəqilliyini saxladı, ancaq ərazi itirdi. Müharibədən sonra Buş administrasiyası başa düşdü ki, onun Putinə tərəf atdığı addımlar uğursuz olub…. …Bu sadəcə, Putinin cəzasız qalması demək idi. Altı il sonra, 2014-cü ildə isə o yenə cəzasız qalacağını düşünərək Ukraynaya hücum etdi”, - Frid deyir.

'Onu ilk dəfə Gürcüstanda öyrəndik'

“ABŞ-da Gürcüstan və Rusiya siyasəti ilə məşğul olanların hamısı o müharibənin hər gününün hər saatını xatırlayır. Mən telefonda Rusiya Xarici işlər nazirinin müavini (Qriqori) Karasinlə danışdım. [Dövlət katibi Kondolizza] Raysla danışdığımı xatırlayıram . Onun 2008-ci ildə Tbilisiyə getməsini və Saakaşviliyə dediklərini xatırlayıram... Rusiya tanklarının hərəkətini xatırlayıram. Gürcüstana getməyimi xatırlayıram. Ancaq birinci fransızların çox da yaxşı olmayan altı bəndlik sülh planının üzərində işləmək üçün cənubi Fransaya getmişdim. Rays və Saakaşvili ilə eyni otaqda ikən eyni məsələ ilə bağlı telefonda Fransa milli təhlükəsizlik müşaviri ilə danışdığımı xatırlayıram.

Mən bunları yaxşı xatırlayıram. Geniş mənada bu o demək idi ki, Putin öz aləmindəki Rusiya İmperiyasını qorumaq üçün müharibəyə getmək niyyətindədir . Bu hamımızın Ukraynanın üzərində öyrəndiyimiz dərsdir. Ancaq biz onu ilk dəfə Gürcüstanda öyrəndik”, - deyə keçmiş diplomat bildirib.

Onun sözlərinə görə ABŞ-ın qarşıdan gələn müharibə təhlükəsi ilə bağlı narahatlığı haqlı idi:

“Ancaq biz kifayət qədər narahat olmamışdıq. … Daha tez hərəkət etməli idik. Biz qarşıdan gələn təhlükəni bilirdik. Ancaq ona inanmaqda bir qədər yavaş tərpəndik. …Biz müharibənin həqiqətən baş verəcəyini düşünmürdük. Adamlar yay məzuniyyətinə gedirdilər”.

"...bu da üstüörtülü hədə idi"

Frid, ABŞ-ın təhlilçi icmasının Rusiyanın hücum edəcəyinə inanmamasını onların təxəyyülünün zəifliyi ilə izah edib:

“Onlar Putinin həqiqətən aqressor olduğunu tam anlaya bilmirdilər. …Hətta mən özüm belə məsələni kifayət qədər ciddi qəbul edib evdə (yəni Amerikada – tərc.) qalmadım. Çünki biz düşündük ki, əvvəllər də çoxlu böhranlar olub, bu da onlardan biridir, Rusiya Gürcüstanı qorxutmağa çalışır, ancaq hücum etməyəcəklər. …Mən bizi (ABŞ-ı) çox sərt tənqid etmək istəməzdim. Nə qədər olmasa, son nəticədə güman ki, Putini geri çəkilməyə inandıran Buş oldu. Yadınızda olar, biz Gürcüstanın birinci briqadası üçün İraqdan təyyarələr və gəmilər göndərdik. Yadımdadır ki, bu barədə Rusiyaya xəbər verdik. Çünki onları təəccübləndirmək istəmirdik. Onların bizim nə etdiyimizi bilməsini istəyirdik. Onlar da bizim hava gəmilərinin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini dedilər ki, bu da üstüörtülü hədə idi. Biz də onlara belə dedik: 'Biz onsuz da gəlirik'. Onlar da geri çəkildilər”.

Frid həmçinin bildirib ki, Gürcüstanın ozamankı prezidenti Mixeil Saakaşvilini 2008-ci ildə Rusiyanın təxribatına uymaqda suçlamaq doğru deyil. O hesab edir ki, Ukraynada olduğu kimi, Putin heç nəyə baxmayaraq onsuz da Gürcüstana hücum edəcəkdi.

2008-ci ildə beş günlük müharibədən az sonra Moskva Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb. Amma dünyanın demək olar, bütün ölkələri bu iki ərazini Gürcüstanın tərkib hissəsi kimi tanıdıqlarını bir daha bəyan ediblər.

XS
SM
MD
LG