Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:26

Brüsseldə Klaar, Hacıyev və Qriqoryan arasında görüş olub


Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev (sağda) və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev (sağda) və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Hikmət Hacıyev və Armen Qriqoryan arasında bu ilin yazında iki görüş olub, lakin yay aylarına təyin edilmiş görüş ləğv edilmişdi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, avqustun 19-da Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyevlə görüşü olub.

Klaar Twitter-də yazıb:

“Bugün Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryanla Ermənistan-Azərbaycan münasibətləri və bu məsələdə Aİ-nin iştirakı mövzusunda yaxşı və məzmunlu müzakirələrimiz oldu”.

Azatutyun yazır ki, Ermənistan və Azərbaycan rəsmiləri bu görüş barədə hələki məlumat verməyiblər.

Xəbərdə qeyd olunur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidnentinin müşaviri arasında bu ilin yazında iki görüş olub, lakin yay aylarına təyin edilmiş görüşü Bakı iki dəfə ləğv edib.

Azərbaycan tərəfinin Brüsseldə iyunun 27-nə təyin olunan Qriqoryan-Hacıyev görüşünü ləğv etməsi barədə məlumatı o vaxt Ermənistanın baş naziri Nikol Paşinyan vermişdi:

"Azərbaycandan çox qəribə bəyanatlar səslənir, göstərməyə çalışırlar ki, Ermənistan sülh sazişi üzrə danışıqları və sonrakı prosesi uzadır. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bu açıqlamalarından sonra Azərbaycan XİN-ə nazirlərin görüşünün keçirilməsi barədə təklif göndərilib. Əvvəlki müzakirələr nəticəsində qərara alınmışdı ki, Ermənistan və Azərbaycan rəsmiləri bir-birləri ilə əlaqədə olmalıdırlar. Amma artıq minimum bir dəfə Azərbaycan işi boykot edib, razılaşmalara rəğmən iştirak etməyib və XİN-in bir gün əvvəl etdiyi təklifə biz cavab almamışıq".

O vaxt Paşinyanın bu bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi:

"Əgər post münaqişə mərhələsində indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə də təklif edilən və Ermənistan tərəfindən müxtəlif bəhanələrlə pozulan, habelə keçirilməsinə bir-iki saat qalmış təxribatlarla təxirə salınan görüşləri sadalamağa başlasaq, siyahı çox uzun olar".

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG