Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:32

Azərbaycanda gözlənilən ömür uzunluğu üç il azalıb


Pensiyaçıların sayı necə azalıb?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Pensiyaçıların sayı necə azalıb?

"Doğulanda gözlənilən ömür uzunluğu" adlanan bir anlayış var. Bu anlayış doğulanların hər birinin yaşayacağı ortalama il sayını göstərir. Ortaya çıxan say sözügedən ölkədə yaşam ortamının səviyyəsini də qiymətləndirməyə imkan verir. Dövlət Statistika Komitəsi (DSK) ötən ilin sonuna əhali statistikasıyla bağlı bilgiləri əks etdirən hesabatında həmin göstəricini də açıqlayıb. Rəsmi açıqlamaya görə, bu ilin əvvəlinə Azərbaycanda gözlənilən ömür uzunluğu 73.6 ildir. Ayrıca götürülsə, qadınların gözlənilən orta ömür uzunluğu 76 yaşa, kişilərdə isə 71 yaşa bərabərdir. Deməli, Azərbaycanda qadınların kişilərlə müqayisədə orta hesabla beş il daha çox yaşayacağı güman edilir. Gözləniləm ömür uzunluğu ilə bağlı daha bir diqqətçəkən məqam son illər bu göstəricinin pisləşməsidir. Axı 2019-cu ildə Azərbaycanda gözlənilən ömür uzunluğu ən yüksək səviyyəsinə çatmışdı – 76.4 ilə. Di gəl, son iki ildə ölüm hallarının artması bu göstəriciyə təsirsiz ötüşməyib. Beləcə, cəmi iki il içində Azərbaycanda gözlənilən ömür uzunluğu üç ilə yaxın azalıb. Müstəqilliyin ilk illərində bu göstərici daha aşağı – 69 yaş civarındaydı. Sonrakı illərdə gözlənilən ömür uzunluğu ilə bağlı artım gözə çarpırdı. Ötən il qeydə alınan göstərici yenidən 2010-cu il səviyyəsinə qayıtmaq deməkdir.

Toplanan məbləğ 12-yə deyil, 8-ə bölünsə, ortalama pensiya 520 manat olardı

Gözlənilən ömür uzunluğu ilə bağlı göstərici eyni zamanda Azərbaycanda pensiyaya çıxma yaşı ilə bağlı dartışmalar doğurur. İndi ölkədə kişilərin pensiya yaşı 65-dir. Qadınların da pensiya yaşı 2026-cı il iyulun 1-də 65-ə çatacaq. Onu da gözardı etmək olmaz ki, Azərbaycan qanunlarına görə, yaş üzündən pensiyaya çıxacaq şəxsə pensiya hesablanarkən onun çalışdığı illər ərzində topladığı pensiya kapitalı 144-ə bölünür. Bu ondan qaynaqlanır ki, hökumətin fikrincə, Azərbaycanda hər pensiyaçı ortalama 12 il pensiya alır. Amma rəsmi rəqəmlərdən görünür ki, bu, heç də hər kəs üçün belə deyil.

İndiki rəqəmlərə söykənib demək olar ki, pensiyaçılar uyğun yaşa çatdıqdan sonra ortalama 8 il pensiya alırlar. Kişilər üçün bu göstərici daha aşağı – 6 il civarındadır. Bu baxımdan, pensiya alınacaq müddət 12 il deyil, daha az hesablansaydı, o zaman pensiyaçılar daha çox pensiya almaq şansı qazanardılar. Məsələn, iş həyatı boyunca 50 min pensiya kapitalı toplamış şəxs indiki qanunla aylıq 347 manat pensiya ala bilər (50 min/144). Ancaq həmin məbləğ 12 ilə yox, tutalım, 8 ilə bölünsə, pensiyaçının aylıq alacağı məbləğ 520 manat ola bilərdi. Bu baxımdan, ölkədə gözlənilən ömür uzunluğunun və orta pensiya müddətinin reallığı əks etdirməsi həm də pensiyaçıların aylıq ödənişinin məbləğinə də ciddi təsir edir.

Ölənlərin, az qala, yarısı pensiya yaşına çatmır

Rəsmi rəqəmlər, təbii ki, ölkədə pensiya yaşının ədalətli olub-olmamasına dair müzakirələr doğurur. DSK-nın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda 76 min 878 nəfər vəfat edib. Onların 30 min 544-ü (40 faizi) yaşı 65-i aşmayan şəxslərdir. Bu rəqəmi cinslər üzrə gözdən keçirdikdə aydın olur ki, kişilər arasında qeydə alınan ölümlərin 47 faizi 65 yaşadək olub. Deməli, ölkədə hər iki kişidən biri pensiya yaşına çatmadan vəfat edir. Di gəl, hökumət rəsmiləri Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı ittihamları əsaslı saymır. Qadınlara gəlincə, ötən il vəfat edənlərin 32 faizi - təxminən üçdə biri 65 yaşına çatmayan xanımlardır.

Ölüm göstəricisi tək ortayaşlı şəxslər arasında deyil, gənclər arasında da yetərincə çoxdur. Ötən il vəfat edən 3 min 300 nəfərin yaşı 29-dan az olub. Bu, bütün ölümlərin 4 faizi deməkdir. 27 min 255 nəfər 30-64 yaş arasında ölənlərin sayıdır. Bu, bütün ölümlərin 35 faizi anlamına gəlir.

Başqa ölkələrdə durum necədir?

Ötən il dünya üzrə doğulanda gözlənilən ömür uzunluğu 75 il olub. Deməli, Azərbaycan dünya ortalamasından 1.4 il geri qalır. Bu göstəricini regionlar üzrə gözdən keçirdikdə aydın olur ki, 2021-ci ildə Afrikada doğulan kişilər üçün gözlənilən ömür uzunluğu 63 yaş, qadınlar üçünsə 66 ildir. Bu, qitələr arasında ən aşağı göstəricidir. Ən yüksək göstərici Şimali Amerikada qeydə alınıb. Ötən il Şimali Amerikada doğulan kişilərin orta gözlənilən ömür müddəti 75 il, qadınlarda isə 81 il olub.

Qonşu ölkələrdən Ermənistanda kişilər üçün doğulanda gözənilən ömür uzunluğu 73 il, qadınlarda 80 ildir. Deməli, Ermənistan hər iki cins üzrə göstəricisi Azərbaycandan daha yüksəkdir. Gürcüstanda isə kişilərin gözlənilən ömür müddəti kişilər üçün 70 il, qadınlar üçün 78 ildir. Başqa sözlə, gürcü qadınların azərbaycanlı həmcinsləriylə müqayisədə daha çox yaşaması ehtimal edilir. Kişilərdə isə tərs durum var.

XS
SM
MD
LG