Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:55

Həbsdəki icra başçısının ürəyində çat yaranıb


Qoca Səmədov 2019-cu ilin dekabrında həbs edilib.
Qoca Səmədov 2019-cu ilin dekabrında həbs edilib.

Həbsdə olan sabiq icra başçılarından Qoca Səmədovun vəziyyətinin ağırlaşdığı bildirilir. Yevlaxın sabiq icra başçısının ürəyində problem yarandığı müəyyənləşib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Səmədov saxlandığı cəzaçəkmə müəssisəsində həkim müayinəsindən keçirilib: "İlkin müayinənin nəticəsinə görə, Səmədovun ürəyində çat yaranıb".

"İnfarkt əlamətləri var"

Sabiq icra başçısının vəkili Elnur Vəliyev də müvəkkilinin durumunun ağırlaşdığını təsdiqləyib. Vəkil bildirib ki, uzun müddətdir Səmədovun səhhətində, o cümlədən ürəyində ciddi problemlər var. Bundan əlavə, o, kəskin hipertoniya (təzyiq xəstəliyi) və şəkərli diabetdən də əziyyət çəkir.

Müdafiəçinin sözlərinə görə, sabiq icra başçısı həbs olunmamışdan əvvəl də açıq ürək əməliyyatı keçirmiş, ürəyinə stendlər qoyulmuşdu.

"Hazırda da Qoca Səmədovun vəziyyəti ağırdır. Həkimlər deyir ki, ürəyində çat əmələ gəlib, onda infarkt əlamətləri var", – vəkil vurğulayıb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosu-na bildirib ki, Qoca Səmədov hələ həbs olunmamışdan xroniki ürək xəstəsi olub.

“Bu səbəbdən o, həbsdə olduğu dövrdə daim nəzarətdə saxlanılır, mütəmadi müayinə olunur. Sonuncu dəfə də yerində ona mütəxəssis baxıb və ətraflı müayinə üçün Müalicə Müəssisəsinə köçürülüb. Hazırda kəskin hal, həyati təhlükə yoxdur”, – Qurbanov belə deyib

2021-ci ilin sentyabrında Səmədovun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan dövrdə də onun vəziyyəti pisləşmişdi. Öncə Şəkidəki Mərkəzi Xəstəxanaya, oradan isə Bakıya göndərilmiş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Bunu nəzərə alaraq, məhkəmə sabiq icra başçısının ev dustaqlığına buraxılmasına qərar vermişdi. Bir müddət sonra hökm oxunanda Səmədov yenidən məhkəmə zalında həbs edildi.

Xatırlatma

63-yaşlı Qoca Səmədov 2019-cu ilin dekabrında həbs edilib. Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlarla Şəki Ağır Cinayətlər Məhkəməsində ona 7 il 3 ay həbs cəzası kəsilib. Sonradan apellyasiya instansiyası bu cəzanı 6 ilə endirib. Sabiq icra başçısının cəzasının azaldılmasına əsas kimi, onun səhhətində kəskin problemlərin olması göstərilib.

Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub. Həmin əmlaklar arasında Bakıda hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil, Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt, Yevlaxın Qoyunbinəsi, Havarlı, Salahlı kəndlərində, Goranboy rayonunda torpaq sahələri, obyektlər, uşaq bağçası da var.

Səmədov 2011-2019-cu illərdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan öncə isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.

Cinayət işinin materiallarında iddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılmış və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir. Səmədov özünü qismən təqsirli bilir.

XS
SM
MD
LG