Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Paşinyandan Azərbaycana 'soyqırımı' ittihamı. XİN-dən cavab


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevi Soçi razılaşmasını pozmaqda ittiham edib.

O noyabrın 11-də özünün Twitter hesabından yazıb ki, Əliyev Ermənistanı bir daha gücdən istifadə oluna biləcəyi ilə hədələyib:

“Özünün son çıxışında prezident Əliyev gücdən istifadədən və güc tətbiqi ilə hədələməkdən imtina edilməsinə dair Soçi üçtərəfli bəyanatı ilə təsdiqlənmiş razılaşmanı kobud şəkildə pozub. Çox qəribədir ki, o Ermənistanı qarşılıqlı razılaşdırılmış bəyanatları pozmaqda ittiham edir”.

Buna cavab olaraq İlham Əliyev noyabrın 11-də Özbəkistanın Səmərəqənd şəhərində Türk Dövlətləri Təşkilatının sammitində etdiyi çıxışında Paşinyanın hərbi təcavüz barədə ittihamlarını rədd edib.

Əliyevin sözlərinə görə Paşinyan beynəlxalq icmanı azdırmağa cəhd göstərir:

"Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”.

Prezident Qarabağ münaqişəsinin tarixdə qaldığını vurğulayıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 10-da hökumət iclasında səsləndirdiyi fikirlərə cavab verib. Onun vurğulamasına görə, N.Paşinyan Azərbaycan prezidentinin noyabrın 8-də Şuşada çıxışını təhrif edib.

"Üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid törətməkdə davam edən erməni silahlı birləşmələrinin müxtəlif hərbi təxribatlarına Azərbaycanın verdiyi adekvat cavablar qanunidir", - açıqlamada bildirilir.

Vurğulanır ki, məhz Ermənistan tərəfi üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır: "Azərbaycan isə, öz növbəsində, yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirir. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia etməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyil".

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

+++

Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü çıxışında qeyd edib ki, Ermənistanın “yalnız bir öhdəliyi var, o da Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməkdir”, “heç bir bəyanatda heç bir spesifik marşrutdan söz açılmır”.

Baş nazir sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açmaq təklifini bir daha dilə gətirib. Rəsmi Bakı bu təklifi həmin yolların əlverişsiz relyefi və iqlim şəraitinə görə rədd etmişdi.

Paşinyan Yerevanın həmin məntəqələri açmağa bu gün də hazır olduğunu deyib, bunun isə Ermənistanın öhdəliklərini yerinə yetirməsi anlamına gəldiyini vurğulayıb.

O, Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ötən ilin dekabrın 14-də Brüsseldə razılaşma əldə olunduğunu, ancaq Azərbaycan prezidentinin həmin razılaşmanı pozduğunu söyləyib.

“Əliyev bir neçə gün sonra bu sənədi imzalamaqdan imtina etdi. Rəsmən bəyan edirəm ki, bu gün də həmin razılaşmanı təsdiqləyən sənədi imzalamağa hazıram”, – Paşinyan vurğulayıb.

Rəsmi Bakı bu məsələni, hələlik, şərh etməyib.

+++

“2020-ci ilin 9 noyabr atəşkəs bəyanatında sülhməramlıların beş illiyə, müddətin avtomatik uzadılması ilə yerləşdirilməsi nəzərdə tutulur. Təkrar edirəm, müddətin avtomatik uzadılması ilə”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu, Rusiya sülhməramlılarının Qarabağda müddətsiz yerləşdirilməsi deməkdir – regiondakı ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri həll olunana qədər.

“Üçtərəfli bəyanatların kobud şəkildə pozulması”

Paşinyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərini təkcə təhdid etmir, həm də onların soyqırımına hazırlaşır.

“Bu niyyət Rusiya sülhməramlılarının qalma müddəti haqda bəyanatlarda əks olunur ki, bu da minimum üç üçtərəfli bəyanatın kobud şəkildə pozulması deməkdir. 2021-ci il noyabrın 26-da və 2022-ci il oktyabrın 31-də Əliyev özü sülhməramlıların sabitlik və təhlükəsizliyin təminatında vacib rol oynadığını etiraf edib. Əliyev daha öncə hətta regionda sabitlik və təhlükəsizliyin gələcək təminatında sülhməramlıların gərəkdiyini qeyd edib”, – Paşinyan deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatı əsasında Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Laçın dəhlizi

Prezident Əliyev noyabrın 8-də Şuşada çıxışında Ermənistanı öhdəliklərinə əməl etməməkdə, silahlı qüvvələrini Qarabağdan çıxarmamaqda ittiham edib.

Ermənistan isə Qarabağda hərbi qüvvə yerləşdirmədiyini deyir, etnik erməni “müdafiə ordusu”nun özünün silahlı qüvvələrinə dəxli olmadığını vurğulayır.

“Bu o deməkdir ki, sülhməramlılar Dağlıq Qarabağda qeyri-müəyyən müddətə, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə bağlı bütün məsələlər, təhlükəsizlə bağlı narahatlıq aradan qaldırılanadək qalır”, – Paşinyan deyib.

Baş nazir qeyd edir ki, Əliyev Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etməklə "Laçın dəhlizini bağlamaq, Artsax (Qarabağ) ermənilərini mühasirəyə almaq, onların soyqırımını gerçəkləşdirmək üçün saxta zəmin hazırlayır".

Azərbaycan bu bəyanata, hələlik, rəsmi münasibət bildirməyib. Ancaq Prezident Əliyev Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduqlarını, onların məsələsini heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyini dəfələrlə vurğulayıb.

“Bəyanat belə paralelə imkan vermir”

Prezident Əliyev Şuşadakı çıxışında Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bildirib, Laçın dəhlizi ilə “Zəngəzur dəhlizi” arasında müqayisə aparıb. “Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”, – Prezident vurğulayıb.

Paşinyanın sözlərinə görə, Azərbaycan uzun müddətdir Laçın dəhliziylə regionda kommunikasiya xətlərinin açılması arasında paralel aparmaqla manipulyasiya edir.

“9 noyabr bəyanatı belə paralel aparmağa əsas vermir”, – Paşinyan vurğulayıb.

Sözügedən və daha sonra imzalanmış üçtərəfli bəyanatlarda regionda kommunikasiya xətlərinin açılması nəzərdə tutulub.

Oktyabrın 31-də Əliyevlə Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla görüşüblər. Paşinyan Soçi görüşündən sonra deyib ki, sülhməramlıların müddətinin uzadılması təklifi rədd olunub. Ancaq ona da eyham vurub ki, Rusiya hərbi kontingentinin müddətinin uzadılmasına etiraz mexanizmi ləğv oluna bilər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG