Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Prezident: 'İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki…'


İlham Əliyev "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda
İlham Əliyev "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda

"Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi".

AZƏRTAC-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

O qeyd edib ki, İranın üç prezidenti – Məhəmməd Hatəmi, Mahmud Əhmədinejad və Həsən Ruhani ilə işləyib: "Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi".

Dövləti başçısı əlavə edib ki, hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab veriblər, verəcəklər: "Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".

"İranda azərbaycandilli məktəblər yoxdur"

İ.Əliyev çıxışında məktəblərdəki dil amilinə də toxunub: "Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur".

O, sonra da sual edib: "Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq".

Bu fikirlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma İran Konstitusiyasına görə, orada yaşayan azərbaycandilli insanların ana dilində təhsil almaq hüquqi var.

Təlimlər

Oktyabrın 17-də İran Silahlı Qüvvələri Azərbaycanla sərhəddə Araz sahilində hərbi təlim keçirmişdilər. Azərbaycan parlamentində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirmişdilər. Amma sonradan İranın Azərbaycandakı səfirliyi təlimlə bağlı rəsmi Bakının əvvəlcədən məlumatlandırıldığını bildirmişdi. Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçiriblər. Həmin təlimin də plana uyğun keçirildiyi qeyd edilmişdi.

Xatırlatma

Son aylar İranın müxtəlif bölgələrində, o cümlədən azərbaycanlıların sıx yaşadığı Təbrizdə etirazlar baş verir. Etirazlara səbəb kimi sentyabrın 13-də hicab qaydasını pozduğu iddiası ilə Tehranda əxlaq polisinin saxladığı Məhsa Əmininin ölümü göstərilir. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və üç gün sonra xəstəxanada ölüb.

İranda hicab islam inqilabından (1979) sonra qadınlar üçün məcburi geyim kodeksi elan edilib. Avropa İttifaqı bundan sonra İranda bəzi rəsmi şəxslərə sanksiyalar açıqlayıb.

İran rəsmiləri isə vurğulayırlar ki, bəzi xarici qüvvələr onların ölkəsində iğtişaşlar yaratmağa çalışırlar.

XS
SM
MD
LG