Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Azərbaycan və Ermənistan liderlərinin ilin sonunadək görüşəcəyi istisna olunmur


Soçidə üçtərəfli görüş, 31 oktyabr, 2022-ci il
Soçidə üçtərəfli görüş, 31 oktyabr, 2022-ci il

Azərbaycan və Ermənistan liderlərinin ilin sonunadək daha bir görüş keçirəcəyi istisna olunmur. Bunu parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan dünən – dekabrın 6-da parlamentdə deyib.

Deputatın sözlərinə görə, Yerevan Bakıdan üçüncü rəylər paketini alıb və hazırda müzakirələrin üçüncü mərhələsi gedir.

“Erməni tərəfi Azərbaycandan təkliflər alıb, onlar mahiyyətcə erməni tərəfin təkliflərinə cavabdır. Bəli, erməni tərəfi Azərbaycandan cavab təklifləri alıb. İlin sonunadək dövlət başçıları, yaxud xarici işlər nazirləri səviyyəsində görüşün mümkünlüyünə gəlincə, düşünürəm ki, bunu istisna etmək olmaz”, – Ağacanyan deyib.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib ki, Ermənistan tərəfinin təklifləri Bakı üçün qəbuledilməzdir, ona görə də Azərbaycan öz təkliflərini verib.

Sənəd varmı, ya müxtəlif paketlərin mübadiləsi gedir?

Bayramov da ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsinin mümkünlüyündən danışırdı.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, hazırda masa üzərində sənədin mövcudluğu, tərəflərin onu redaktə, yaxud müxtəlif paketləri mübadilə etdiyi bəlli deyil. Bayramovun sözlərinə görə, erməni tərəfi öz təkliflərini çoxqatlı çərçivə sazişinə çevirib. Bakı isə irəli getmək üçün imzalanmış sənədə əsaslanmaq istəyir, qısa müddətdə mürəkkəb məsələləri razılaşdırmağı real saymır.

Rusiyanın Xarici işlər naziri Lavrov isə qeyd edib ki, Praqada əldə olunmuş razılaşma Moskvanın işini asanlaşdırıb, çünki “Praqada tərəflər özləri bütün problemləri BMT nizamnaməsi və 1991-ci ildə imzalanmış Alma-Ata deklarasiyas əsasında həll etmək niyyətlərini bildiriblər”. Onun sözlərinə görə, Moskva Qarabağın statusu məsələsini təxirə salmağı təklif edib, buna cəhd göstərib. Ermənistan və Azərbaycan liderləri isə bunun əksini razılaşdırıblar.

Ermənistanın mövqeyi

Ağacanyan deyib ki, Ermənistanın mövqeyi “ta əvvəldən xalqların, bu halda isə artsaxlıların (qarabağlıların) öz müqəddəratını təyinetmə hüququ çərçivəsində olub. Biz faktlar və arqumentlərin diliylə daha çox sübut göstərməyə çalışırıq ki, niyə həmişə, xüsusilə də indi artsaxlıların mövcudluğu problemini qaldırmaq və tərəfdaşlarımızın diqqətinə çatdırmaq lazımdır”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqının vasitəsi ilə sülh danışıqları aparılır. ABŞ-da bu prosesi dəstəkləyir. Amma Rusiya da eyni zamanda üçtərəfli görüşlər təşkil edir, Azərbaycan və Ermənistanla birbaşa təmasları davam etdirir.

XS
SM
MD
LG