Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

'Korrupsiya iyini verən 2 milyardı gələcək nəsillərə yük etmək...'


Azərbaycanla Avropa Birliyi nələri razılaşdıra bilmirlər?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Azərbaycanla Avropa Birliyi nələri razılaşdıra bilmirlər? (2021)

Dekabrın 8-də Avropa İttifaqı (Aİ) və Azərbaycanın əməkdaşlığı nəticəsində bu qurumun İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə quruma üzv dövlətlərin maliyyə institutlarının dəstəyi ilə fəaliyyət göstərəcək.

Bununla ölkəyə 2 milyard avroya qədər investisiya cəlb edilməsi nəzərdə tutulur. Bu cür prioritet investisiyalar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, ölkə daxilində layiqli iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə verməlidir.

10 ildə Azərbaycana 20 milyard dollar yatırıb

Son 10 ildə Avropa İttifaqı Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Beynəlxalq neft müqavilələrinin imzalanmasından sonra isə Azərbaycana təkcə "qara qızıl"dan 170 milyard dollar civarında vəsait gəldiyi açıqlanıb. Milli Şura, Müsavat Partiyası kimi müxalifət qüvvələri həmin vəsaitlərin böyük ölçüdə korrupsiyanın yeminə çevrilməsi ilə bağlı açıqlamalar yayıblar. Hərçənd, rəsmilər bu açıqlamaları qərəzli sayırlar.

R.Quliyev
R.Quliyev

"Orada nəzarət ən ciddi səviyyədədir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Azərbaycan üçün bu layihələr dünyanın maliyyə mərkəzləri ilə əlaqələrin olması baxımından maraqlıdır: "Bu, birincisi, ondan xəbər verir ki, həmin qurumlar bizə etibar edir. Azərbaycanın siyasi və iqtisadi sisteminin, milli valyutamızın sabit olduğuna inanır. Bununla da aparıcı maliyyə qurumları ilə münasibətlər inkişaf edir".

Deputatın sözlərinə görə, digər tərəfdən, bu, həm də təcrübədir: "Biz bu sahədə təcrübə toplayırıq. Bəli, biz özümüz-özümüzü təmin edə bilən ölkəyik, bizim yetərincə maliyyəmiz var, amma istənilən halda biz belə mərkəzlərlə əməkdaşlıq etməliyik".

Komitə üzvü qeyd edib ki, bu, sadəcə verilən kredit və investisiya deyil, həm də çox ciddi nəzarətdir: "Orada nəzarət ən ciddi səviyyədədir".

N.Əliyev
N.Əliyev

"Məqsədlərə, əsasən, nail olunmayıb"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Avropa İttifaqının vəsait ayırması xoşməramlı missiyadır: "Onların ayırdığı investisiyalar faiz dərəcəsinə görə xeyli dərəcədə ucuz investisiya hesab olunur. Bu baxımından Avropa İttifaqının investisiyalarını cəlb etmək hər bir dövlətin arzusudur".

Amma, iqtisadçının fikrincə, Azərbaycan hökuməti tək Avropa İttifaqının deyil, digər beynəlxalq təşkilatların ayırdığı vəsaitləri də çox səmərəsiz yönləndirib: "İndiyə qədər olan dövrdə də ayrılmış vəsaitlər oxşar sahələrə istiqamətləndirilmişdi - ölkə iqtisadiyyatının şaxələndirilməsi, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədlərinə yönəldirilirdi. Amma aradan xeyli vaxt keçib və mənə elə gəlir ki, ayrılmış beynəlxalq kreditlərin, investisiyaların səmərəliyini qiymətləndirsələr, o zaman məlum olacaq ki, məqsədlərə, əsasən, nail olunmayıb".

"Korrupsiya iyini verən…"

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır: "Ölkənin qeyri-neft sektorunun inkişafı neft sektorunun inkişafından çox geridə qalıb. Əgər biz qeyri-neft məhsullarının ixrac səviyyəsinin 8-10 illik dinamikasına baxsaq, görərik ki, yenidən qeyri-neft göstəriciləri ya yerində sayıb, ya da artım çox cüzi olub. Beynəlxalq təşkilatların ayırdığı vəsaitlər o qədər səmərəsiz istifadə olunursa, o zaman bu prosesi davam etdirməyin nə mənası var?".

N.Əliyev qeyd edib ki, son ilyarım ərzində yalnız neft və qazın bahalaşmasından Azərbaycan 21 milyard manat qazanıb: "Bu 2 milyardı oradan cəlb etmək mümkün idi. O zaman əlavə, özü də korrupsiya iyini verən 2 milyard vəsaiti cəlb edib onu gələcək nəsillərin boynuna yük etmək nə dərəcədə doğrudur?".

XS
SM
MD
LG