Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

ABŞ generalı: ‘Krım azad ediləndən sonra da hər şey bitməyəcək’


Ben Hodcis
Ben Hodcis

İstefada olan ABŞ generalı Ben Hodcis (Ben Hodges) 2014-2017-ci illərdə ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı olub. O hazırda Avropa Siyasi Təhlil Mərkəzinin Perşinq adına Strateji Tədqiqat kafedrasının rəhbəridir.

Hodcis AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiyanın hərbi əməliyyatlarında koordinasiya problemlərindən, xaricdən göndərilən yeni döyüş maşınları və tankların müharibənin gedişatını dəyişə biləcəyindən danışıb.

Priqojinin təkəbbür layihəsi

Hazırda Ukraynanın Baxmut və Soledar şəhərləri Rusiya ordusu, daha doğrusu Vaqner muzdlu qoşunlarının amansız zərbələri altındadır. Hodcis AzadlıqRadiosunun “Baxmut nə üçün bu qədər əhəmiyyətlidir və Vaqner-in qurucusu Yevgeni Priqojin burada nə əldə etməyə çalışır?” sualına belə cavab verib:

“Bu onun üçün, az qala, bir təkəbbür layihəsidir. Nə qədər adamın ölməsi onu narahat etmir. Onlar beş aydır əlləşirlər, ancaq hələ də Baxmutu götürə bilməyiblər. Amma hələ də təlim görməmiş, yeni səfərbər olunmuş əsgərləri bu döyüşə atmağa davam edirlər.

…Təzəlikcə bu bölgədə iri duz və gips yataqlarının olması üzə çıxdı. …Priqojin hətta orada resursları ələ keçirmək haqda da danışıb. …Priqojinin əsl məqsədinin strateji yol ayrıcları deyil, gips mədənləri olduğunu anlamağın burada öldürülən minlərlə insanın ailələrini nə qədər ovunduracağını bilmirəm.

Mənə elə gəlir ki, Baxmut ətrafındakı bütün bu döyüşlər rusların hərbi əməliyyatında koordinasiyanın çatışmamasını göstərir. Mən Priqojinin [general Sergey] Surovikindən əmr aldığını düşünmürəm. Onun general [Valeri] Gerasimovdan əmr almadığı isə dəqiqdir. (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Gerasimov yanvarın 11-də Ukraynada müharibə aparan Rusiya ordusunun baş komandanı təyin edilib). Bəs onda bu işlərə kim rəhbərlik edir?... Onların koordinasiyalı planı yoxdur. Onlar həqiqətən də xoşbəxtlikdən hələ fevralda, martda göstərdikləri institusional səhvlərdən öyrənib onları düzəltməyiblər”.

“Rusiya hər zaman düşünüb ki, kütlə (say) qələbə qazandırır. Yəni bu, əsrlərlə onların üsulu olub. İndi də son nəticədə Ukrayna ordusunu yorub əldən salacaqlarını düşünürdülər. Ancaq onların bunu edə bilmədikləri aydın görünür. …Ukraynalılar o qədər peşəkar, bacarıqlı oldular ki, indi əslində, dəqiqliyin saya üstün gəldiyini görürük. Yetərincə dəqiqliyin varsa və onu düzgün yerlərdə işlədə bilirsənsə. Ukrayna davamlı olaraq müxtəlif vasitələrlə logistikanı – nəqliyyat şəbəkələri, sursat anbarlarını hədəfə aldı”, – Hodcis deyir.

Dəyişiklik yaradacaq qərarlar

General Hodcis Qərb dövlətlərinin Rusiyanın hücumları gücləndirə biləcəyindən narahat olmamasının əhəmiyyətini vurğulayıb. O, son həftələr Ukraynaya müasir silahların verilməsi haqda qərarların gecikmiş olduğunu qəbul etsə də, onların dəyişiklik yaradacağına inandığını deyir:

“Əlbəttə, Ukraynanın Krımı azad etməsindən sonra da hər şey bitməyəcək. Onlar hələ uzun müddət özlərini müdafiə etməli olacaqlar. Buna görə də, [bu silahlar] hələ burada olmasa da, … hələ qarşıdakı aylarda lazım olacaqlar. Ona görə bu addımları dəstəkləyirəm….”

“Heç də həmişə xəbər başlıqlarına çıxmayan o qədər işlər var ki… Rusiya İrandan dron, Şimali Koreyadan soyuq hava uniforması alır, vəssalam. Ukraynaya kömək etmək üçünsə sıraya düzülən 50 dövlət var. Biz bunu onlara lazım olduğu qədər sürətli edə bilmişikmi? Yox. Kifayət qədər kömək etmişikmi? Yox. Daha çox kömək gələcəkmi? Ümid edirəm gələcək. …Mən Kremldə olsaydım, deyərdim ki, almanlar [ukraynalılara] “Marder” (döyüş maşını) və daha bir “Patriot” batareyası verirlər, özləri də “Leopard” tankı verməkdən danışırlar. Yəni, bütün bunlar Rusiya tərəfini çəkindirməlidir”, – general Hodcis bildirir.

“Krımda hər şeyi vurmağa qadir...”

“Rusiyanın Baxmut ətrafında bu qədər canlı qüvvəni qurban verməyə hazır olduğunu düşünməmişdim.

…Krıma aparan cəmi iki yol var: Kerç körpüsü və quru yolu. Biri artıq ciddi zədələnib, o biri də artıq vurulub. Yaxın bir neçə ayda baş verməli olan məhz budur. Biz Ukraynaya bunu etmək üçün imkan yaratmalıyıq.

Ukraynaya verdiyimiz silahları, məsələn, HIMARS üçün GMLRS raketlərini mənzil baxımından 90 kilometrədək məhdudlaşdırsaq, …Rusiyaya sığınacaq vermiş oluruq. Rusiya Krımdan, yaxud öz ərazisindən, Belarusun içərisindən zərbələr endirəcək və cəzasız qalacaq. Bu isə Ukraynanın günahsız mülki vətəndaşlarının qətli ilə nəticələnəcək. Buna görə də biz onlara Krım yarımadasında hər şeyi vurmağa qadir daha uzaqmənzilli silah sistemləri … verməliyik”, – general vurğulayır.

Ukraynaya tövsiyələr

General Hodcis hesab edir ki, Ukrayna ordusu rusların Baxmut ətrafındakı hücumlarının qarşısını almağa davam etməli, eyni zamanda Belarusla şimal sərhədini, habelə Xarkovun şimalını nəzarətdə saxlamalıdır. O, Rusiyanın bu istiqamətlərdən ciddi hücum edəcəyinə çox da inanmır: “Oraya çox sayda canlı qüvvə yerləşdirə bilərlər, ancaq onların Kiyev istiqamətində daha bir ciddi təhlükə yaratmaq üçün qabiliyyəti yoxdur”. O əlavə edib ki, buna baxmayaraq, ukraynalılar bu istiqamətlərin üzərində nəzarəti saxlamalıdırlar.

O hesab edir ki, qarşıdakı aylarda Ukrayna ordusu Kerç körpüsünü hədəfə almağı və Mariupol və Melitopoldan keçərək Krıma gedən nəqliyyat şəbəkəsini sıradan çıxarmağı davam etdirməlidir.

“Odur ki, şəraiti yaratmaq üçün hələ çox iş görülməlidir. …Bunun belə olacağını düşünürəm. Bu sadəcə, Perekop İstmus (Krımı Ukraynanın əsas ərazisi ilə birləşdirən quru zolağı) boyunca böyük hücumdan ibarət olmayacaq. Onlar uzaqmənzilli raket hücumları və xüsusi qoşunların köməyilə şəraiti formalaşdırmalı, daha sonra əraziyə bilavasitə qoşun yeritməli olacaqlar”, – general Hodcis deyir.

XS
SM
MD
LG