Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Azərbaycanda əhali ən çox ərzaq və dərmana pul xərcləyir


Bahalaşmadan sonra kasıbın soyuducusu: 'Neçə vaxt idi qənd almırdım'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Bahalaşmadan sonra kasıbın soyuducusu: 'Neçə vaxt idi qənd almırdım' (Arxiv. 2021)

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekuna pərakəndə (təkdənsatış) ticarət dövriyyəsi və qiymətlərlə bağlı göstəricilərini açıqlayıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, 2022-ci ildə əhali pərakəndə ticarət şəbəkəsində toplam 52 milyard 171 milyon manat xərcləyib. 2021-ci illə müqayisədə təkdənsatış ticarət dövriyyəsinin həcmində qeydə alınan real artım cəmi 3.1 faiz olub. Bu o deməkdir ki, ötən il əhali 2021-ci illə müqayisədə təxminən 18 faiz daha çox pul xərcləyib. Ancaq xərclərin 18 faiz artması real artımı əvvəlki illə müqayisədə cəmi 3 faizə yaxın çoxaldıb.

Ötən il ölkədə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9 faiz artıb. 2022-ci illə bağlı açıqlanan göstəricilər arasında ərzaq qiymətlərindəki artımlar ayrıca diqqət çəkir, axı Azərbaycan əhalisi ən çox bu istiqamətdə pul xərcləyir. DSK-nın göstəricilərinə görə, ötən il boyunca ölkədə qida məhsulları 20.1 faiz bahalaşıb. Bu, 2008-ci ildən bəri son 14 ildə qeydə alınan ən yüksək bahalaşmadır. Daha əvvəlki tarixlərə baxılsa, bilinər ki, qida qiymətlərinin bahalaşması baxımından ötən il 1995-ci ildən bəri ən yüksək artım baş verən ikinci il olub. Qida məhsullarının bu qədər çox bahalaşması əhalinin xərcləri tərkibində ərzaq məhsullarının payını bir qədər də artırıb. 2021-ci ildə Azərbaycanda əhalinin istehlak xərclərinin toplam 54.3 faizi ərzaq məhsullarının, içki və tütünün payına düşmüşdü. Ötən il həmin göstərici 56.3 faizə yüksəlib.

2022-ci ildə Azərbaycanda ayrıca götürülən bir nəfər pərakəndə ticarətdə ortalama ayda 432 manat pul xərcləyib. Bunun 243 manatı ərzaq məhsullarına gedib. 2021-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq xərc 368 manat idi. Bu vəsaitin ərzaq məhsullarına sərf edilən hissəsi isə 200 manat olmuşdu. Deməli, bir il ərzində adambaşına düşən aylıq ərzaq xərclərində 43 manat artım qeydə alınıb.

Azgəlirlilər inflyasiyanı daha çox hiss edir

Ərzaq məhsullarının payı əhalinin xərclərinin tərkibində ölkənin sosial rifah səviyyəsinin göstəricilərindən biridir, çünki əhalinin gəlir səviyyəsi nə qədər yüksəkdirsə, xərclərin tərkibində ərzaq məhsullarına çəkilən xərclərin payı bir o qədər az olmalıdır. Daha aşağı gəlir şəraitində əhalinin xərcləri yalnız onun ən zəruri ərzaq ehtiyaclarının ödənilməsinə yetir. Bu baxımdan, aydın olur ki, il ərzində Azərbaycanda əhalinin rifahı bir qədər də aşağı düşüb və əhalinin böyük hissəsinin gəliri sadəcə onun ən zəruri qida ehtiyaclarının ödənilməsinə xərclənir. Müqayisə üçün: inkişaf etmiş ölkələrdə əhalinin xərclərinin tərkibində ərzaq məhsulları 10-15 faizlik paya sahibdir.

O da unudulmamalıdır ki, qeyd edilən rəqəm ölkə üzrə orta göstəricidir. Ev təsərrüfatlarının analizinə dair DSK-nın hesabatından aydın olur ki, əhalinin daha azgəlirli hissəsinin xərc tərkibində ərzaq məhsulları daha çox paya sahibdir. Qida inflyasiyasının ümumi inflyasiyanı qabaqladığı nəzərə alınsa, üzə çıxır ki, əhalinin azgəlirli hissəsinin hiss etdiyi inflyasiya da ölkə ortalamasından daha yüksəkdir. Bu baxımdan, hökumətin minimum gəlirləri inflyasiya göstəricisi qədər artırması əslində həmin əhalinin alıcılıq qabiliyyətini tam bərpa etmir, çünki, bildirilən kimi, azgəlirli əhali arasında hiss edilən inflyasiya ölkə ortalamasından daha çoxdur.

Ötən il qeyri-ərzaq məhsulları da əvvəlki illərdən daha çox - ortalama 8.6 faiz, ödənişli xidmətlərsə 10.4 faiz bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, ölkədə ərzaq məhsullarından sonra ən çox pul xərclənən istiqamət toxuculuq məhsulları, geyim və ayaqqabıdır. 2022-ci ildə əhali bu istiqamətdə 7 milyard 370 milyon manat xərcləyib. Bu, 2021-ci illə müqayisədə təxminən 500 milyon manat çox olsa da, belə xərclərin ümumi xərclərdə payı azalıb. Əgər 2021-ci ildə əhali xərclədiyi hər 100 manatın 15 manat 40 qəpiyini geyim və ayaqqabıya sərf edirdisə, ötən il bu rəqəm 14 manat 10 qəpiyə geriləyib.

Eyni hal elektronika məhsullarına çəkilən xərclərdə də gözə çarpır. 2022-ci ildə əhali bu istiqamətdə toplam 557 milyon manat xərcləyib. Bu, bir ildə 100 milyon manatdan çox artım deməkdir. Ancaq istehlak xərclərinin tərkibində həmin məhsulların payı 5.2 faizdən 4.8 faizə geriləyib.

Ən böyük artım dərman və yanacaqla bağlıdır

Əhalinin xərclərində ən böyük real artım qeydə alınan istiqamət əczaçılıq məhsulları və tibbi gərəklərlə bağlıdır. İl ərzində əhali dərman vasitələrinə 1 milyard 166 milyon manat xərcləyib. Deməli, son bir ildə əhalinin əczaçılıq məhsullarına sərf etdiyi vəsait real olaraq 14.1 faiz artıb. Əhalinin xərclərində qeydə alınan ən böyük ikinci real artım avtomobil yanacağı ilə bağlıdır. İl ərzində əhalinin yanacaq xərcləri real olaraq 8 faizə yaxın artıb. Əhali avtomobil yanacağına ilboyu toplam 2 milyard 769 milyon manat sərf edib.

XS
SM
MD
LG